AZ

650 min səs Paşinyanın taleyini həll edəcək...


2026-cı ildə Ermənistanda keçiriləcək seçkilər sülh prosesi, sabitlik və ölkənin rifahı üçün böyük əhəmiyyət daşıyan mühüm siyasi hadisədir.Bunu ölkənin Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda bəyan edib:

“Əminəm ki, Ermənistan vətəndaşları bizim nailiyyətlərimizi dəstəkləyəcəklər. Əlbəttə, müxtəlif narahatlıqlar var, siz bütün dünyada dezinformasiya və sair ilə bağlı problemlərin olduğunu bilirsiniz. Bütün demokratik ölkələr kimi, biz də bunu hiss edir və bunun öhdəsindən gəlmək üçün çalışırıq. Bütövlükdə, Ermənistan vətəndaşlarının sülh gündəliyini, sülh prosesini və qurulmasını dəstəklədiyinə şübhə etmirəm”.

Nikol Paşinyan Azərbaycanla sülh prosesindən də danışıb, Ermənistanın Konstitusiyasının dəyişdirilməsi məsələsinə toxunub: “Azərbaycanın Ermənistanın Konstitusiyasını dəyişmək mövzusunu qaldırmasına baxmayaraq, vəziyyət belədir: 2024-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi qərar qəbul edib və bu, ən yüksək səviyyəli hüquqi qərardır, Ermənistan Konstitusiyası heç bir qonşu ölkəyə qarşı ərazi iddiaları irəli sürmür. Ən önəmlisi, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində bir çox maddələr var ki, tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə iddialar irəli sürməyəcəklərini təsbit edir. Mən onu nəzərdə tuturam ki, sülh müqaviləsi artıq bütün mümkün və açıq mövzuları əhatə edir, yəni bizim vəziyyətimizdə sizin qeyd etdiyiniz kimi bir problem yoxdur. Sülh müqaviləsi bütün məsələləri həll edir. Əslində, bütün bu məsələləri bağlamaq və həll etmək üçün sadəcə sülh müqaviləsini imzalamaq və təsdiqləmək kifayətdir. Bundan sonra müqavilə ən yüksək hüquqi qüvvəyə malik olacaq və başqa şərh imkanları olmayacaq”. Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün müvafiq yanlışın aradan qaldırılmasını tələb edib. Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum gələn il keçiriləcək. Elə bunların fonunda Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan ölkənin Müstəqillik Bəyannaməsində müəyyən problemlərin olduğunu bildirib: “Hesab edirəm ki, Müstəqillik Bəyannaməsində müəyyən problemlər var. Son illərdə bizim Müstəqillik Bəyannaməsini dəfələrlə oxumuşam və belə bir dəhşətli nəticəyə gəlmişəm ki, onun məzmunu Ermənistan Respublikasının mövcud ola bilməyəcəyindən ibarətdir”. Qeyd edək ki, elə eyni mövqeni bir müddət əvvəl Paşinyan özü də ifadə edib. Paşinyan 2024-cü ilin noyabr ayında verdiyi açıqlamada qeyd edirdi: “Müstəqillik Bəyannaməsinin məzmununa əsasən Ermənistan Respublikasının mövcud ola bilməyəcəyi qənaətinə gəlmişəm. Bu isə bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə real Ermənistanın nə olması məsələsi belədir: Real Ermənistanın vətəndaşı bu ölkədən kənarda vətən və dövlət axtarmayandır. Çünki o, öz vətənini - Ermənistan Respublikasını axtarıb, axtarıb, axtarıb və tapıb”. Paşinyan Müstəqillik Bəyannaməsi və konstitusiyanın preambulasını özünün “Real Ermənistan” adlanan siyasi konsepsiyasına zidd hesab edir.Müstəqillik Bəyannaməsinin preambula hissəsində isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair 1989-cu il dekabrın 1-də qəbul edilmiş qərara istinad edilir. Ermənistan Ali Sovetinin və Dağlıq Qarabağ Muxtar Vilayəti Milli Şurasının birlikdə çıxartdığı həmin qanunsuz qərarla Ermənistanın sərhədlərinə Azərbaycan əraziləri də daxil edilib. Eləcə də, Müstəqillik Bəyannaməsinin 11-ci bəndində “Qərbi Ermənistan” ifadəsi var. Bu isə Türkiyənin altı vilayətinə ərazi iddiasını nəzərədə tutur.

İndi regionda sülh prosesi üçün Müstəqillik Bəyannaməsindəki iddialardan vaz keçilməlidir. Birmənalı şəkildə həm Müstəqillik Bəyannaməsi, həm də 1995-ci il Ermənistan Konstitusiyası dəyişməlidir. Oradakı bəzi maddələrdən imtina etmədən bağlanacaq hər hansı müqavilə konstitusiya ilə ziddiyyət təşkil edəcək. 2009-cu ildə Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması ilə bağlı imzalanan protokollar Konstitusiya Məhkəməsi tərəfindən bu səbəbdən təsdiq olunmamışdı. Ermənistanda bir neçə dəfə konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib. 1998-ci ildə Ermənistan Mərkəzi Seçki Komissiyası Robert Köçəryanın prezident seçkisindəki namizədliyini konstitusiyanın bu maddəsinə istinad edərək təsdiq etmişdi. Ermənistan konstitusiyasına görə, prezident seçkilərində namizəd olmaq üçün Ermənistan vətəndaşı olmaq və son on ildə burda yaşamaq lazımdır. Köçəryan isə Qarabağda anadan olmuşdu və yalnız 1997-ci ildə Ermənistana köçmüşdü. Ona görə də o, prezidentliyə namizəd olmaq üçün bu iki şərtə uyğun deyildi.

Ermənistan konstitusiyasına görə, siyahıya alınmış seçicilərin ən az 25 faizi və qatılan seçicilərin 50 faizindən çoxu dəyişikliyin lehinə səs verməlidir. Bu, o deməkdir ki, 650 mindən çox Ermənistan vətəndaşı konstitusiya dəyişikliyinə “hə” deməlidir.

Ramil QULİYEV

Seçilən
30
baki-xeber.com

1Mənbələr