AZ

“Torpaq bəzən danışmır, hayqırır” – Vüsalə Hüseynli

Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə QHT rəhbərləri, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli layihənin peşəkar şəkildə icra olunduğunu vurğulayaraq qeyd edib ki, bu, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin rəhbəri Cəsarət Hüseynzadənin uğurlu fəaliyyətinin növbəti nümunəsidir:

“Bu “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin ilk işi deyil. Keçən il də elə bu zalda çox mötəbər bir tədbirin şahidi olmuşduq. Bu təşkilat hər zaman unikal yanaşma göstərir, layihələrə peşəkarcasına yanaşır. Bəzi layihələrdə sonradan çatışmazlıqlar müşahidə olunsa da, siz işlərinizdə peşəkarlıq, düzgün istiqamət və ardıcıllıq hiss olunur.”

Vüsalə Hüseynli çıxışında həmçinin “Qərbi Azərbaycan İrsi” layihəsinin tarixi faktların üzə çıxarılmasında mühüm rol oynadığını qeyd edib:

“Torpaq bəzən danışmır, hayqırır – belə demək olar. Çünki bir sıra faktlar var ki, bu günə qədər üzə çıxarılmamışdı. Mənim ailəm 1918-ci ildə İrəvan şəhərindən köçüb, bir hissəsi Naxçıvanın Babək rayonunun Tübul kəndində, digər hissəsi isə Gəncədə məskunlaşıb. Bu gün də bizə ‘İrəvanlılar’ deyə müraciət edirlər. Evimizdə 1918-ci ildən qalmış fotolar var, o vaxt uşaqlıqla baxırdıq, amma indi onlara baxanda həmin dövrün tarixini, oradakı hadisələrin mahiyyətini daha dərindən dərk edirik.”

QHT sədri layihə çərçivəsində hazırlanan filmlərin beynəlxalq səviyyədə daha geniş auditoriyaya çatdırılmasının vacibliyini də vurğulayıb:

“Çox istərdim ki, növbəti layihələrdə ingilis dilində altyazılar (titrlər) əlavə olunsun. Ya özünüz bunu təmin edin, ya da dostlarınızın dəstəyi ilə bu filmlərin beynəlxalq yayımına şərait yaradın. Çünki bu materiallar təkcə bizim üçün deyil, dünya ictimaiyyəti üçün də tarixi əhəmiyyət daşıyır.”

Sonda Vüsalə Hüseynli layihənin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib, belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.

 

Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Seçilən
21
qht.az

1Mənbələr