Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Bizon ölkə kubokunun 2-ci təsnifat mərhələsi sona çatdı.Maraqlı oyunlardan birinə Qubada şahidlik etdik. Söhbət “Qaradağ Lökbatan” – “İmişli” görüşündən (2:3) gedir. Belə ki, premyer-liqada çıxış edən Aran təmsilçisi 2-ci liqanın iştirakçını çətinliklə məğlub etdi: lökbatanlılar iki dəfə hesabda önə keçdi, “pələnglər” qələbə qolunu 90+6-cı dəqiqədə vurdu.Bilindiyi kimi, “Qaradağ Lökbatan” qələbə qazansa, bu mövsüm premyer-liqada çıxış edən komandanı mübarizədən kənarlaşdıran ilk aşağı liqa təmsilçisi kimi tarixə düşəcəkdi. Bəs, buna nə mane oldu?“Football-plus.az”ın sualını komandanın baş məşqçisi Qəzənfər Abbasov cavabladı:
“Komandam süni meydançaya öyrəşib. Bu səbəbdən təbii ot örtüyündə oynamaq işi çətinləşdirdi. Həmçinin “ İmişli” daha usta futbolçulara sahibdi. Premyer-liqanın oyun tempiylə 2-ci liqa arasında böyük fərq var. Bizdə cəmi 3-4 komandaya qarşı matçlar ağır keçir. Bu da premyer-liqa klubuna “diş göstərmək” üçün yetərli deyil. O başqa məsələ ki, rəqibi təhlil etmiş, boşluqlarını tapmışdıq. Futbolçularım tapşırıqları layiqincə yerinə yetirdi. Komandama təşəkkür edirəm. Meydana ehtiyat oyunçular skamyasından daxil olan futbolçular zəif təsir bağışlamasaydı, oyuna vaxtında uyğunlaşa bilsəydi, başqa cür olacaqdı”.
Baş məşqçi referi Kamranbəy Rəhimovun idarəçiliyi haqda da danışdı:
“Hakimin qapımıza niyə penalti təyin etdiyini anlamadıq. Epizodu incələdik, hansısa qayda pozuntusu görmədik. Həmçinin “İmişli”nin oyunçularına verilməli olan vərəqələr də göstərilmədi. Sanki “İmişli” premyer-liqa klubu olduğuna görə onlara münasibətdə daha diqqətli davrandı. 2-ci liqa komandası kimi meydana rəqiblə başabaş oynamaq üçün çıxmışdıq. Ancaq “İmişli”nin futbolçuları səs çıxaran kimi əleyhimizə cərimə zərbələri təyin edildi. VAR olsaydı, bəlkə qapımıza təyin edilən penalti ləğv olunacaqdı. Bunları hakimin insafına buraxıram. Ancaq aşağı liqa klubundan sürpriz nəticə gözlənilirsə, hakim hər iki komandaya eyni cür yanaşmalıdı”.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
