AZ

Məktəb və ailə milli-mənəvi dəyərlərin qorunmasında əsas sütunlardır – Müzakirə/ VİDEO

SES TV-də yayımlanan verilişdə “Milli-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu” mövzusu müzakirə olunub. Veriliş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən İctimai Birliyin sədri Könül Quliyeva bildirib ki, layihənin məqsədi gənc nəsildə milli və mənəvi dəyərlərin formalaşdırılmasına, ailə və məktəb mühitində bu dəyərlərin təbliğinə töhfə verməkdir:

“Bu gün hər birimizin çox eşitdiyi bir ifadə var: Filankəs dəyərli insandır. Yəni onu çox sevirlər, onun sözlərinə və əməllərinə qiymət verirlər. Hər kəs bu dəyərlərə öz davranışı və şəxsiyyəti ilə nail olur. Dəyərlər təkcə mənəvi tələbat deyil, həm də müasir dövrdə sosial həyat və karyera üçün praqmatik bir zərurətdir. Onlar insanı cəsarətli vətəndaş, sədaqətli dost, peşəkar mütəxəssis və cəsur əsgərə çevirir. Bu gün qəhrəmanlıq özü ən böyük dəyərdir.”

Müzakirələr zamanı Millət vəkili Ceyhun Məmmədov da mövzu ilə bağlı fikirlərini bölüşüb. O, mənəvi dəyərlərin insanın şəxsiyyətində və cəmiyyətin inkişafında əvəzsiz rol oynadığını vurğulayıb:

“Bu, tamamilə doğru yanaşmadır. Hər bir insanın dəyəri olmalıdır. Təəssüf ki, bəzən biz hər şeyi maddi meyarlarla qiymətləndiririk. Halbuki, insanın mənəvi keyfiyyətləri onun ən böyük sərvətidir. Bir insan çox bilikli ola bilər, amma əgər bu biliyi cəmiyyətin əleyhinə istifadə edirsə, o zaman həmin bilik təhlükəyə çevrilir. Deməli, biliklə yanaşı, mənəvi keyfiyyətlər də olmalıdır ki, bu bilik düzgün istiqamətə yönəlsin və faydalı nəticə versin.”

Millət vəkili əlavə edib ki, bu gün cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri həm savadlı, həm də əxlaqlı gənc nəsil yetişdirməkdir:

“Biz yalnız bilikli şəxs deyil, həm də vicdanlı, ədalətli və əxlaqlı insan formalaşdırmalıyıq. Çünki yalnız belə insanlar ölkənin gələcəyini sağlam təməllər üzərində quracaq.”

Tədbirin sonunda iştirakçılar layihənin əhəmiyyətini vurğulayaraq, milli-mənəvi dəyərlərin tədris prosesində və ailə mühitində daha fəal şəkildə təbliğ olunmasının vacibliyini qeyd ediblər.

Pərvanə Fərhadqızı

Seçilən
13
qht.az

1Mənbələr