AZ

Deputat: 2026 cı ilin bölgə üçün “tarixi sülh ili” kimi tarixə düşəcəyi gözlənilir

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Azərbaycan və Ermənistan arasında 8 avqust tarixində Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonra etimad mühitinin formalaşması istiqamətində mühüm addımlar atılmaqdadır. Bu addımlardan biri də iki ölkə arasında sərhədlərin növbəti delimitasiya prosesinin aparılması və həmin prosesin Zəngəzur dəhlizi istiqamətində irəliləməsi ilə bağlı əldə olunmuş razılaşmadır”.Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.O əlavə edib ki, delimitasiya prosesinin həyata keçirilməsi sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir:“Bu, həm də sülh müqaviləsinin əsas şərtlərindən biridir və bu istiqamətdə tərəflər arasında prinsipial fikir ayrılığı müşahidə edilmir. İlk növbədə söhbət iki dövlət və iki xalq arasında etimad mühitinin formalaşması və inkişafından gedir. Sevindirici haldır ki, oktyabrın 21–22-də Ermənistan paytaxtında Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin görüşü keçirilib. Görüş zamanı sülh gündəliyi, ictimai diplomatiya və vətəndaş cəmiyyətlərinin bu prosesə töhfə vermə imkanları müzakirə edilib. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə bağlı tarix də artıq dəqiqləşib. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, gələn ilin ortalarına qədər Azərbaycan tərəfdə həm avtomobil, həm də dəmir yolu infrastrukturunun tikintisi tam başa çatacaq. Ermənistan tərəfində isə bu işlərin 2028-ci ilə qədər yekunlaşdırılması planlaşdırılır”.Deputat deyib ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərdə mühüm bir qadağanı aradan qaldırıb:“Belə ki, Azərbaycan ərazisindən tranzit qaydada Ermənistana malların daşınmasına artıq icazə verilib. Bu qərar Qazaxıstan–Azərbaycan–Ermənistan istiqamətində yük daşımalarını mümkün edəcək və illərlə davam edən məhdudiyyətlərin aradan qalxması deməkdir. Ermənistan Baş naziri Nikol Paşinyan da Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı bu qərarı müsbət addım kimi qiymətləndirib. Bildirib ki, Ermənistan da qarşılıqlı şəkildə Azərbaycandan gələn yüklərin öz ərazisindən tranzit qaydada Naxçıvana və Türkiyəyə daşınmasına şərait yaradacaq.  Türkiyədən gələn yüklər də Ermənistan üzərindən Azərbaycana çatdırılacaq. Bu proses, regionda iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın güclənməsi baxımından mühüm mərhələ sayılır. Bütün bu hadisələr iki dövlət və xalq arasında etimad mühitinin möhkəmləndiyini göstərir. Etimad olan yerdə isə sülhün imzalanması labüddür. Ona görə də 2026-cı ilin bölgə üçün “tarixi sülh ili” kimi tarixə düşəcəyi gözlənilir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr