Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi "Dövlət Şurası"nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.
Ramiz Mehdiyev məktubda qeyd edir ki, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə - fəaliyyətinə nəzarəti 50 üzvdən - təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən ibarət "Dövlət Şurası" təmin edəcək. Mehdiyevin "Dövlət Şurası"nda təmsil olunacaq 50 nəfəri daha öncədən müəyyənləşdirdiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var. Mehdiyevin komandasında yer alacaq 50 nəfərin tam siyahısı hələ məlum olmasa da, bu istiqamətdə proses gedir.
Maraqlıdır, adları Mehdiyevin siyahısında hallanan 50 nəfər bununla bağlı açıqlamalar verməlidirmi?
Məhərrəm Zülfüqarlı: “İstintaqın nəticələrini gözləmək lazımdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, bununla bağlı rəsmi ittiham yoxdur: “Daha çox media vasitələrində və sosial şəbəkələrdə bu barədə danışılır. Bəzi məsələlər rəsmi elan edilmədiyinə görə, bəzən münasibət bildirməkdə tərəddüd edirsən. O baxımdan, 50 nəfər məsələsinə gəldikdə istintaqın nəticələrini gözləmək lazımdır. Azərbaycanda müxalifət anlayışı ümumidir. Burada sağ, sol, mərkəzçi partiyalar var. Kommunistlər, millətçilər var. 1992-ci ildə arxivlərin açılmasına qarşı olanlar bu gün bulanıq suda balıq tutmağa çalışırlar”.
Əli Orucov: “Bunun üzərinə getməli və onlardan bununla bağlı açıqlama tələb edilməlidir”
AMİP funksioneri Əli Orucov isə hesab edir ki, Ramiz Mehdiyevin şəbəkəsi tam ifşa edilməlidir: “Bunun üzərinə getmək lazımdır və onlardan bununla bağlı açıqlama tələb edilməlidir. Ən azından borcludular ki, ictimaiyyətə açıqlama versinlər. Mehdiyev uzun illər hökumətdə mühüm posta rəhbərlik edib. İstisna deyil ki, ötən müddət ərzində o, öz şəbəkəsini qurub. Demək olar ki, bütün sahələrdə onun adamları var. O baxımdan, onun şəbəkəsində kimin adı hallanırsa, zəhmət çəkib buna aydınlıq gətirsinlər. Onların bunu susqunluqla izləməsi, təkzib və yaxud da təsdiq etməmələləri istər-istəməz müəyyən suallar yaradır. Başqa bir tərəfdən, hesab edirəm ki, bu kimi məsələlər üzə çıxmalıdır. Cəmiyyətimiz kimin kim olduğunu bilməlidir. Ona görə ki, belələrindən nə desən gözləmək olar. Mehdiyevin şəbəkəsində kimlər varsa, hamısı ortaya çıxarılmalıdır”.
Vidadi ORDAHALLI
 
                        