Minskdə keçirilən III Beynəlxalq Avrasiya Təhlükəsizlik Konfransında MDB-nin baş katib müavini Nurlan Seytimovun çıxışı regionda yeni müzakirələr doğurub.
O bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakçı ölkələrinin hərbi sistemləri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində “sinerji” yarada bilər.
Seytimovun sözlərinə görə, bu sinerji ortaq planlaşdırma, hərbi təlimlərin sinxronlaşdırılması və zərurət yarandıqda KTMT-nin operativ reaksiya qüvvələrinin MDB və ŞƏT çərçivəsində böhranın idarə edilməsinə inteqrasiyasını əhatə edə bilər. O, həmçinin, “birləşdirilmiş qərargah” modelinin yaradılmasının da mümkünlüyündən danışıb.
Bu bəyanat KTMT-nin regional rolu, onun digər təşkilatlarla əlaqəsi və beynəlxalq hüquq baxımından səlahiyyət sərhədləri barədə mühüm suallar doğurur.
KTMT 1992-ci ildə qəbul edilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında fəaliyyət göstərir. Bu sənədə əsasən KTMT qüvvələri yalnız üzv dövlətlərin ərazisində, onların rəsmi müraciəti və razılığı ilə istifadə oluna bilər.
Təşkilatın mandatı BMT Nizamnaməsinin prinsiplərinə əsaslanır və üzv olmayan dövlətlərin ərazisinə müdaxilə etməyə hüquqi əsas vermir. Deməli, Seytimovun qeyd etdiyi “inteqrasiya” konsepsiyası yalnız KTMT-nin öz üzvləri arasında mümkün ola bilər.
Ola bilsin ki, üzv dövlətlər həm də MDB və ŞƏKT-in üzvü olsun.
KTMT-yə üzv olmayan ölkələr - məsələn, Azərbaycan, Özbəkistan və Türkmənistan bu mexanizmin hüquqi təsir dairəsinə daxil deyil. Hər hansı hərbi fəaliyyət yalnız həmin dövlətlərin rəsmi dəvəti və razılığı ilə həyata keçirilə bilər.
MDB və ŞƏT təşkilatları KTMT-dən fərqli olaraq hərbi ittifaq deyil, daha çox siyasi, iqtisadi və təhlükəsizlik koordinasiyası platformalarıdır.
Bu çərçivədə KTMT ilə əməkdaşlıq yalnız informasiya və analitik mübadilə, antiterror və sərhəd təhlükəsizliyi sahəsində birgə proqramlar və hibrid təhdidlərə qarşı təlimlər səviyyəsində mümkündür.
Yəni Seytimovun ideyası KTMT-nin bu təşkilatlarla əməkdaşlığını “məsləhətləşmə” və “təlim inteqrasiyası” müstəvisində genişləndirə bilər, lakin birbaşa hərbi müdaxilə səlahiyyəti yaratmır.
Azərbaycana gəldikdə, o, MDB-nin üzvü, lakin KTMT-yə daxil olmayan dövlətdir.
Bu baxımdan, Seytimovun bəyanatı Azərbaycanın suverenliyinə və təhlükəsizlik müstəqilliyinə birbaşa hüquqi-siyasi təsir göstərmir.
Bununla belə, bəyanat ideoloji və geosiyasi siqnal kimi qiymətləndirilə bilər. Yəni KTMT öz təsir zonası anlayışını genişləndirmək və regional təhlükəsizlik arxitekturasında daha aktiv rol almaq niyyətindədir.
Azərbaycan üçün əsas məsələ belə təşəbbüslərin onun milli təhlükəsizlik maraqlarına uyğun olub-olmamasıdır. Bakı beynəlxalq hüquq normalarına əsaslanaraq, hərbi neytrallıq və çoxvektorlu diplomatiya siyasətini qorumaqda maraqlıdır.
Yəni Nurlan Seytimovun fikirləri KTMT-nin regionda “böhranların idarə olunmasında” daha çevik rol almaq istəklərini göstərir. Lakin bu ideya beynəlxalq hüquqi məhdudiyyətlər, suverenlik prinsipləri və regional siyasi balans səbəbindən faktiki olaraq məhdudlaşdırılır.
KTMT-nin operativ qüvvələrinin MDB və ŞƏT kontekstində istifadəsi yalnız üzv dövlətlərin razılığı ilə mümkündür və Azərbaycan kimi KTMT-yə daxil olmayan ölkələrə tətbiqi qanunsuz sayılar.
Beləliklə, söhbət real hərbi müdaxilədən deyil, regional təhlükəsizlik inteqrasiyası ideyasının siyasi səviyyədə müzakirəsindən gedir.
Akif NƏSİRLİ