AZ

BDU tələbələri “Herba Flora” MMC də praktiki məşğələdə iştirak ediblər

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının qida mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri “Qida sənayesində texnoloji əməliyyatlar” fənni çərçivəsində “Herba-Flora” MMC-də praktiki məşğələdə iştirak ediblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məşğələ kafedranın dosenti Çingiz Əliyevin rəhbərliyi ilə keçirilib. O, “Herba-Flora” MMC-nin mütəxəssisləri ilə birlikdə tələbələrə müəssisədə yeyinti və ictimai iaşə xidmətlərində tətbiq edilən texnoloji xətlərin layihələndirilməsi, yenidənqurulması və kimyəvi analiz laboratoriyasındakı müasir avadanlıqlar barədə geniş məlumat verib.

Tələbələr fənnin proqramına uyğun olaraq texnoloji xətlərin yaradılmasının nəzəri və praktiki əsaslarını, həmçinin yeyinti və dərman sənayesində istifadə olunan avadanlıq, maşın və aparatların quruluşu, iş prinsipi və texniki xüsusiyyətlərini yerində müşahidə ediblər.

Tələbələr bitki xammallarının saxlandığı anbar, xammalın keyfiyyətinin qorunması üçün istifadə olunan texniki vasitə və qurğular, hazır məhsulların qablaşdırılması və daşınması prosesləri ilə də tanış olublar. “Herba-Flora” MMC-də küncüt toxumlarından yağın istehsalına dair texnoloji xəttin struktur sxeminin nümayişi olub.

Sonda müəssisə əməkdaşları tələbələrin suallarını cavablandırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azertag.az

1Mənbələr