Mətləb Salahov: “Son illər boşanmalar yağlı qazanc yerinə, ər evindən qızıl, mənzil qoparmaq yarışına çevrilib”
Məlum olduğu kimi, 2026-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılacaq. Aliment məbləğinin artırılması ictimaiyyət arasında narazılığa səbəb olur.
Qeyd edək ki, boşanan şəxslərin əksəri maddi çətinlik yaşayan insanlardır. Uşaq sayı 2 və ya daha çox olarsa aliment məbləği daha da yüksək olur. Belə fikirlər var ki, bəzi xanımlar aliment məbləğinin yüksək olduğunu düşünüb boşanmağa qərar verəcək və bu hal boşanmaların sayını daha da artıracaq. O da məlumdur ki, son zamanlar Azərbaycanda boşanmalar sürətlə artır.
“Aliment məbləğinin qaldırılması ər evində oturmaq istəməyən qadınların sayını pik həddə çatdıracaq”
Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda boşanma prosesi, bu məsələ barədə qanunvericiliyin hazırkı vəziyyəti və qeydə alınan acınacaqlı sonluq bu illər ərzində bir dəfə də olsun təhlil edilib ağıllı nəticə çıxarılmadı: “Boşanan zaman ucdantutma şablon qərarlar qəbul olunur. Tərəflərdən kimin haqlı, kimin haqsız olması heç bir hakimin vecinə də deyil. Sanki məhkəmə predmeti dağılan ailə deyil, mal-mülk qapışmasıdır. Əlbəttə, öz ailəsini küçələrə atan, uşağına baxmayan hər bir ər hər cür cəriməyə layiqdir. Belələrinə ər demək də olmur. Amma ər evindən bezib “sərbəst yaşamaq”, gözəllik salonlarında “karyera” qurmaq həvəsi ilə öz halal ailəsini dağıdan, sədaqətli ərini atıb küçələrə düşən qadınlar da ən böyük günahkarlardır. Son illər boşanmalar daha çox qazanc əldə etmək, ər evindən qızıl, mənzil qoparmaq yarışına çevrilib. Bu tipli qadınlar tam əmindirlər ki, qanundakı boşluq və standart maddələr onların yanındadır və boşanma səbəblərindən asılı olmayaraq sonda birotaqlı ev və aliment qoparacaq. Diqqət etsək görərik ki, ər evində oturmaqdan bezən, sərbəst yaşamaq, “azad həyat sürmək” eşqinə düşənlərin sayı durmadan artır. Belələri yol alırlar ailə dəyərlərinin məhv edilməsini reklam edən “sosial proqramlara”. Bütün günü bu efirlərdə “ər şiddəti”nin, qonşusu ilə əxlaqsızlıq edən qadınların reklamı gedir. Sanki bilə-bilə ailə dəyərlərini məhv etmək istəyirlər. Üstəgəl, sosial şəbəkələrdə cinsi azlıqların harın həyatının gözə soxulması bu siyasətin tərkib hissəsidir. Xüsusilə, son bir neçə il ərzində sosial şəbəkələrdə əksər qadınların yersiz “fəallığı”, ağına-bozuna baxmadan ailəli olduğunu kənara tullayıb özünə sevgili axtarışına çıxması ailələrin kütləvi şəkildə dağılmasına yol açır”.
Ekspert hesab edir ki, bir çoxları boşanmaları sosial problemlər, pulsuzluq və işsizliklə əlaqələndirir: “Sözsüz ki, evə qazanc gəlməyəndə qazana sevgi dolu sözlərdən ibarət ərzaq doldurmaq olmur. Mütləq qazanc lazımdır. Amma ailəni qorumaq, əl-ələ verib çətinlikdən çıxmaq əvəzinə çətinlikləri bəhanə edib boşanmağı seçənlərin sayı indi kəllə-çarxa çıxıb. Bircə fakt bu dediklərimə gün kimi misaldır: İkinci Dünya müharibəsində insanlar yeməyə yox, qoxulayıb cigərlərinə çəkməyə çörək tapmırdılar. Amma indiki dövr üçün nə qədər əcaib görünsə də, o zaman, yəni İkinci Dünya müharibəsi zamanı boşanan ailə qeydə alınmadı!
Təəssüf ki, Ailə Məcəlləsindəki bir sıra boşluqlar da boşanmalar üçün əsl “yemdir”. Təsəvvür edin ki, məhkəmələrimizdə boşanma prosesi dediyim kimi birtərəfli aparılır. Qadının zərif cins olmasına görə qanunvericilik tamamilə birtərəfli şəkildə qadının yanındadır. Boşanmanın səbəbini nəzərə almadan belə! Sözsüz ki, içki düşkünü, narkoman, ailəsinə baxmayan, həyat yoldaşına, övladlarına zülm edən ərləri yüz qatına cərimələmək lazımdır. Belələrinə heç bir güzəşt olmaz. Bu tiplər ailə dəyərləri üçün üz qarasıdır. O başqa məsələ.
Bəs məsələnin başqa tərəfi nədir? Ərinə xəyanət edib başqa kişi ilə qoşulub qaçan qadına alimentmi düşür? Nədən qanunvericilik ailəsinə, ocağına xəyanət edən əxlaqsız yolun yolçusu olan qadınlara cəza nəzərdə tutmur? Boşanma zamanı nədən bunlar nəzərə alınmır?
Nəticə necə olur? Pis yolun yolçusu olan qadın xəyanət etdiyi kişidən 1 otaqlı ev və aliment qoparıb sakitcə, “azad şəkildə” tam sərbəst həyatına davam edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, boşanmalardan əziyyət çəkən isə uşaqlar olur: “Ailə məsuliyyəti deyilən məfhumdan xəbəri olmayan yüzlərlə ailə var cəmiyyətimizdə”.
Günel CƏLİLOVA