Pezeşkian su qıtlığını əsas gətirir, lakin ekspertlər ideyanı real saymır...
Poliqon xəbər verir ki, İran prezidenti Məsud Pezəşkian ölkənin paytaxtının Tehrandan başqa bir yerə köçürülməsini təklif edib. O, bu qərarın səbəbi kimi şəhərdəki kəskin su qıtlığını və ekoloji gərginliyi göstərib. Mövzu ilə bağlı məlumatı Financial Times yayıb.
Pezeşkian bildirib ki, Tehran həddindən artıq genişlənib və yüklənib, nəticədə şəhərin təbii ehtiyatları tükənib.
“Biz artıq yeraltı su ehtiyatlarımızı tükətmişik. Digər bölgələrdən Tehrana su vururuq, amma yenə də çatışmazlıq qalır”, deyə İran przidenti bildirib.
İran prezidenti paytaxtın yeni mərkəzinin Oman körfəzi sahilində yerləşən, az əhalisi olan Məkran bölgəsində salınmasını təklif edib. Onun fikrincə, bu ərazi dəniz ticarət yollarına yaxınlığı və inkişaf potensialı ilə ölkə üçün strateji üstünlüklərə malikdir.
Bununla belə, ekspertlər bu ideyanı “utopik” və iqtisadi baxımdan qeyri-mümkün adlandırırlar. Onların sözlərinə görə, ABŞ sanksiyalarının və regional gərginliyin ağır təsiri altında olan İran iqtisadiyyatı belə bir layihəni reallaşdırmaq gücündə deyil.
Analitiklər qeyd edirlər ki, yeni paytaxtın salınması milyardlarla dollar investisiya, infrastruktur, logistika və sosial proqram xərcləri tələb edir. Bu isə, hazırkı iqtisadi şəraitdə ölkə üçün “praktiki olaraq mümkünsüz” sayılır.
Bununla belə, Pezeşkianın bəyanatı Tehranın ətraf mühit və resurs böhranına qarşı hökumət səviyyəsində ilk ciddi etiraflardan biri kimi qiymətləndirilir.
Poliqon.info
 
                        