AZ

“Səfərlər dayandırılmayıb, amma risk artıb” – Monteneqro ilə bağlı xəbərdarlıq

Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir nəfərin bıçaqlanmasından sonra ölkədə iğtişaşlar törədilib, Azərbaycanın bir, Türkiyənin isə xeyli vətəndaşı saxlanılıb. Məsələ ondadır ki, hadisə ölkədə azərbaycanlılar və türklərə qarşı kampaniyanın başlamasına səbəb olub. Yerli sakinlər əcnəbilərin yaşadığı yerləri mühasirəyə alaraq daşqalaq ediblər. 

Monteneqroda xeyli sayda azərbaycanlı işləyir. Eyni zamanda bu ölkə son illərdə azərbaycanlıların üstünlük verdikləri əsas turizm yerlərindən biridir. Eyni zamanda, Monteneqroda Türkiyə şirkətləri böyük layihələr icra edirlər, ölkə iqtisadiyyatına böyük investisya qoyublər. 

Bəs son hadisələr Balkan ölkəsinə turist axınını azalda bilərmi?   pizza

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, belə hadisələr müəyyən dərəcədə turizmə mənfi təsir göstərə bilər, lakin bu, uzunmüddətli olmayacaq:

“Monteneqro təhlükəsizlik baxımından ümumilikdə aşağı riskli ölkələr sırasındadır. Bu cür insidentlər,  xüsusilə, xarici vətəndaşların iştirakı ilə mediada işıqlandırılır, bu, turistlərin ölkəyə etibarını azalda bilər, insanlarda turizm baxımından mənfi  təəssürat yarana bilər.

Azərbaycandan və ya Türkiyədən gedəcək turistlər seçim edərkən alternativ kimi risk az olma prinsipi ilə düşünə bilərlər.

Turizm operatorları və səyahət agentlikləri Monteneqronun indiki durumu barədə sorğular alacaq, təhlükəsizlik barədə daha diqqətli olacaqlar.

Xüsusi olaraq, həmin millətlərdən  azərbaycanlılar, türk vətəndaşları  gedən qrup turlarında riskin yüksək dəyərləndirildiyi halda azalma müşahidə oluna bilər.

Lakin elə hallar var ki, vizasız rejim və ya vizanın statusu dəyişib. Məsələn, Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi dayandırmaq qərarına gəlib.  Amma buna baxmayaraq, hər iki ölkədən  turlar davam edir, amma müəyyən şərtlər və vizalardakı dəyişikliklər səbəbindən gediş-gəlişdə yeni tənzimləmələr istisna deyil”.

Ekspert əlavə edib ki, azərbaycanlı turistlərin Monteneqroya səfərlərinin əksəriyyəti istirahət məqsədlidir və işgüzar səfərlərin payı azdır. Buna görə də hadisənin təsiri məhdud olacaq:

“Hesab edirəm ki, Monteneqroya turların stoku, tarifləri, sığortalar və təhlükəsizlik göstəricilərini yenidən dəyərləndirməyə ehtiyac olmayacaq.

Təbii ki, bu cür hadisələr turizm imicinə təsir göstərir, ümid edirəm bu, qısamüddətli, keçici olacaq.  Əgər Monteneqro hökuməti və turizm sektoru bu tip hadisələrə qarşı çevik  effektiv tədbirlər görərsə, rəqabətli təhlükəsizlik, müsbət imic kampaniyaları gərginliyi  aradan qaldıra bilər.

Oxşar hadisələr təkrar baş verərsə və ya təhlükəsizlik məsələləri ciddi şəkildə dəyişərsə, destinasiya imicinə qalıcı ziyan dəyə bilər. Turistlər üçün narahat məkan kimi qəbul edilib alternativ istiqamətlərə nəzər salına bilər.

Turizm sektorunun müstəqilliyi, marketinq strategiyaları və yerli administrasiyanın reaksiyası belə hallarda çox önəmlidir.

Monteneqronun rəhbərliyinin və turizm sənayesinin  bu hadisəyə reaksiyasını ,vizaların dəyişməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, xarici vətəndaşlarla məsələlərin müzakirəsini izləmək  lazımdır. Bu, uzunmüddətli imicin necə dəyişdiyini qiymətləndirmək üçün mənbə olcaq. 

Azərbaycanlı turistlərin Monteneqroya səfərinin əsas hissəsi istirahət məqsədlidir; işgüzar səfərlər və daimi yaşayış məqsədli köçlər çox geniş deyil.

Bu cür insidentlər risk səviyyəsini artırır və bu da qısamüddətli marağın azalmasına gətirib çıxara bilər, hazırda  Montenegroya səfərlər  dayandırılmayıb istənilən Azərbaycan vətəndaşı heç bir mane yaşamadan rahat şəkildə sözügedən ölkəyə sərbəst səfər edə bilər,  tək bu istiqamətdə deyil ümimilikdə turistlər bilməlidirlər ki, istənilən ölkəyə səyahət etdikdə insdent yaradan kütləvi  toplaşmadan mümkün qədər uzaq olmalarını tövsiyyə edirəm”.

Digər turizm eksperti Ceyhun Aşurov isə bildirib ki, Monteneqro ilə Azərbaycan arasında münasibətlər dostluq xarakteri daşıyır və insidentin təsiri qısamüddətli olacaq:

“Təəssüf ki, Monteneqroda belə bir olay baş verib. Azərbaycanın rəsmi qurumları da məsələyə dərhal münasibət bildirdi, məsələnin obyektiv araşdırılmasını istədi. Monteneqro Azərbaycana dost dövlət hesab olunur və iqtisadi, siyasi əlaqələr çox yüksək səviyyədədir. Azərbaycandan Monteneqroya getmək üçün viza tələb olunmurdu, birbaşa uçuşlar təşkil olunurdu. Xüsusən yay mövsümü azərbaycanlıların üstünlük verdiyi Avropa ölkələrindən  biridir. Eyni zamanda, azərbaycanlılar ora həm turistik, həm də işgüzar məqsədlərlə gedirlər. Azərbaycanlı iş adamlarının orada müəyyən investisiyaları var, bu səbəbdən Azərbaycan üçün də Monteneqro ilə əlaqələrin sağlam olması maraqlıdır”.

Onun fikrincə, belə insidentlər həmin əraziyə səfərlərə də təsir edir: “Amma fikrimcə, bu, qısamüddətli olacaq. Oradakı hər hansı gərginlik  buradan getmək istəyən insanların fikirlərinə istər-istəməz təsir edəcək. Ən azından, bu problem öz həllini tapana qədər belə davam edəcək”.  

 “Next Station Me” xaricdə işədüzəltmə şirkətindən isə “Yeni Sabah”a bildirilib ki, Monteneqroda azərbaycanlılar üçün sənədləşmə və rəsmi prosedurlar əvvəlki qaydada davam edir:

“Hazırda azərbaycanlılar üçün heç bir problem yoxdur. Sənədləşmə və rəsmi qurumlarda prosedurlar normal şəkildə davam edir. Hər gün bizimlə əlaqə saxlayırlar və rahat şəkildə alış-verişlərini edib ölkəni gəzirlər. Sadəcə, 2-3 axşam mitinq olmuşdu, o da dövlətin kriminal hadisəyə aydınlıq gətirməsi ilə bağlı idi”.

Şirkətdən qeyd edilib ki, Monteneqroda azərbaycanlı işçilərə tələbat azalmayıb, əksinə, artmaqda davam edir:

“İşçilərə tələbat azalmayıb, tam əksinə, azərbaycanlıların gəlməsi üçün tələbat artacaq, çünki ölkədə işçi qüvvəsinə ehtiyac çoxdur. Türklər üçün viza tətbiq olunması isə azərbaycanlıların Monteneqroya gəlişinin daha da artmasına səbəb olacaq”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr