AZ

Vüqar İskəndərov: “Tariximizi dünyaya çatdırmaq üçün bədii və kreativ üsullardan istifadə etməliyik”

Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək, Azərbaycan tarixinin və mədəni irsinin daha geniş beynəlxalq auditoriyaya çatdırılmasında dil, format və təqdimat formalarının yenilənməsinin vacibliyini vurğulayıb.

Deputat qeyd edib ki, uzun illər ərzində ölkəmizdə bir çox dəyərli araşdırmalar aparılsa da, onların təsir gücünü artırmaq üçün bu materialların başqa dillərə tərcüməsi və qlobal auditoriyaya uyğunlaşdırılması vacibdir:

“Son zamanlar təbliğat xarakterli tədbirlərdə əsas fikir bu olub ki, materiallar başqa dillərə tərcümə edilsin. Həmişə özümüz yazıb, özümüz oxuyuruq. Bu, artıq kifayətdir. Düzgün və məqsədyönlü təbliğat aparmaq lazımdır. Qonşu ölkələrin nümunəsində gördük ki, yalan olsa da, geniş təbliğatla onu həqiqət kimi təqdim edə bildilər. Buna görə də biz tarixi faktlarımızı daha təsirli şəkildə dünyaya çatdırmalıyıq.”

Vüqar İskəndərov həmçinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu istiqamətdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək, vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakını xüsusi qeyd edib:

“Agentliyin elan etdiyi yeni qrant mövzuları çox aktualdır. Onlar günün tələblərinə cavab verir və dövlətin apardığı siyasətə vətəndaş cəmiyyətinin dəstəyini gücləndirir. Müasir dövrdə insanlarda uzun mətnlərə, kitab və sənədli filmlərə maraq azalır. Buna görə də gənclərə və beynəlxalq auditoriyaya yönəlik daha qısa, dinamik və kreativ formatlara, o cümlədən bədii filmlərə və sosial media çarxlarına üstünlük verilməlidir. Bu gün insanlar uzun kitab oxumağa və ya çoxsaatlıq filmlərə baxmağa həvəs göstərmir. Amma qısa və maraqlı formatda çəkilən bədii filmlər, seriallar cəmiyyətə daha güclü təsir göstərir. Türkiyə modelinə baxın — seriallar vasitəsilə ölkə tarixini bütün dünyaya tanıdırlar. Bu, həm mədəni, həm də siyasi təbliğat formasıdır.”

Vüqar İskəndərov əlavə edib ki, Azərbaycan da öz zəngin tarixi və mədəni irsini bu cür kreativ vasitələrlə dünyaya təqdim etməlidir:

“Azərbaycan tarixini və Qərbi Azərbaycan irsini əks etdirən sənədli və bədii filmlərin çəkilməsinə ehtiyac var. Bu, həm gənclər üçün maraqlı olacaq, həm də beynəlxalq auditoriyada ölkəmizin mövqeyini gücləndirəcək. Tarixi faktlar, sənədlər və sübutlar hazırdır — indi onları bədii formada dünyaya təqdim etməyin vaxtıdır. Azərbaycan tarixini müasir, vizual və beynəlxalq səviyyədə qəbul edilən formada təqdim etmək, milli mədəniyyətin qorunması və təbliği baxımından strateji əhəmiyyət daşıyır".

 

Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Seçilən
25
qht.az

1Mənbələr