AZ

Türkiyənin yük maşınları 2026-cı ildən etibarən Suriya ərazisindən tranzit daşımalarını tam bərpa edəcək

Ankara, 30 oktyabr, AZƏRTAC

Türkiyə ilə Fars körfəzi ölkələri arasında Suriya ərazisindən keçməklə avtomobil nəqliyyatı ilə aktiv yükdaşımalar 2026-cı ildə bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

Onun sözlərinə görə, uzun fasilədən sonra Türkiyənin yük avtomobilləri İordaniyaya və Fars körfəzi ölkələrinə ixrac məqsədilə Suriya ərazisindən yenidən istifadə edəcəklər.

“Təhlükəsiz nəqliyyat dəhlizi Suriya üzərindən bərpa ediləcək və viza məsələsi də daxil olmaqla bütün çatışmazlıqlar aradan qaldırılacaq. Türkiyədən çıxan yük maşınlarının hərəkəti gələn il ərzində tam şəkildə bərpa olunacaq”, – deyə Türkiyənin ticarət naziri vurğulayıb.

Ö. Bolat xatırladıb ki, Türkiyə və Suriyanın nəqliyyat nazirləri bu il iyunun 28-də İstanbulda müvafiq saziş imzalayıblar. “Bu razılaşma İordaniya üçün də mühüm əhəmiyyət kəsb edir, çünki Suriya və Türkiyə üzərindən Avropaya tranzit dəhlizi onun üçün sərfəlidir”, – deyə Türkiyənin naziri qeyd edib.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
2
1
azertag.az

2Mənbələr