İç xəstəliklər üzrə uzman doktor və Hematoloji üzrə üst uzman doktor Cəmilə Selimoğlu-Osmanova Türkiyədəki elmi və tibbi fəaliyyəti ilə seçilir.
Redaktor.az xəbər verir ki, 1988-ci ildə Bakıda əslən ağsulu olan bir ailədə doğulan Cəmilə Selimoğlu-Osmanova 7 yaşından Türkiyədə yaşayır.
İlk təhsilini Sabançı məktəbində, orta təhsilini isə ingilis dilli Anadolu Liseyində alıb. Litseydə oxuduğu dövrdə Türkiyənin ABŞ-dəkı səfirliyi tərəfindən ingiliscəsi ən yaxşı olan 25 şagird siyahısına daxil edilir, sertifikatla təltif olunur və ABŞ-dən dəvət edilmiş xüsusi müəllimlərdən dərs alır.
2006-cı ildə Ankarada keçirilən YÖS imtahanında yüksək nəticə əldə edərək Türkiyənin Atatürk Universitetinin tibb fakültəsinə daxil olur. 2012-ci ildə fakültəni müvəffəqiyyətlə bitirir və həmin il TUS imtahanında uğurlu nəticə göstərərək Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Ankara Hacettepe Universitetinin İç Xəstəliklər üzrə Uzmanlıq Bölümünə qəbul olunur. Uzmanlıq təhsili zamanı yüksək nəticələrinə görə fakültənin baş assistent həkimi seçilir.

Cəmilə Selimoğlu-Osmanova uğurlarına görə tələbələr arasında istisna hal kimi Türkiyə Böyük Millət Məclisi tərəfindən ikinci vətəndaşlıqla təltif olunur. O, həmçinin Azərbaycan Prezidentinin 2007-2015-ci illər üçün Xaricdə Təhsil proqramına daxil edilib və yüksək təqaüdlə təltif olunub.
Uzmanlıq təhsilini başa vurduqdan sonra Hematologiya üzrə Üst Uzmanlıq imtahanında uğur qazanaraq az sayda seçilmiş həkimlərdən biri olur. Üst Uzmanlıq təhsilini Türkiyənin ən böyük tibb müəssisəsi - Ankara Bilkent Şəhər Xəstəxanasında davam etdirir və hematologiya üzrə dissertasiyasını uğurla müdafiə edir. Uğurlarına görə Türkiyə Hematologiya Cəmiyyətinin mükafatına layiq görülüb.
Cəmilə Selimoğlu-Osmanova 20-dən çox beynəlxalq tibb konfransında çıxış edib, bir çox elmi məqaləsi “Web of Science” bazasına daxil olan nüfuzlu tibbi jurnallarda dərc olunub. Bu günlərdə Antalya şəhərində keçirilən 51-ci Hematologiya Konqresində o, Ankara Bilkent Şəhər Xəstəxanası qrupu adından əsas məruzəçi kimi çıxış edib.