AZ

Qlobal qızıl tələbi 3 faiz artaraq rekord səviyyəyə çatdı

BAKI, 30 oktyabr. TELEQRAF

Dünya Qızıl Şurasının (WGC) məlumatına görə, bu ilin üçüncü rübündə qlobal qızıl tələbi 3% artaraq 1313 tona yüksəlib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu, indiyədək qeydə alınmış ən yüksək göstərici olub. Dəyər baxımından tələb 44% artaraq rekord səviyyəyə – 146 milyard dollara çatıb.

Cari ilin yanvar - sentyabr aylarında ümumi qızıl tələbi ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 3717 tona, dəyər baxımından isə 41% artımla 384 milyard dollara yüksəlib.

Tələb artımının əsas hərəkətverici qüvvəsi investorlar olub. Üçüncü rübdə qızıl əsaslı birja fondlarında 222 ton səviyyəsində əhəmiyyətli alışlar qeydə alınıb. Külçələrə və sikkələrə olan tələb (316 ton) ümumi tələbi dəstəkləyib.

Mərkəzi bankların qızıl alışları 220 tona çatıb (əvvəlki rüblə müqayisədə 28% artım). Bununla belə, ilin əvvəlindən bəri mərkəzi bankların satınalmalarının ümumi həcmi (634 ton) 2024-cü ilin ilk üç rübünün həcmindən (724 ton) bir qədər aşağı olub.

Rekord qiymətlər həcmlərə təzyiq etməkdə davam etdiyi üçün üçüncü rübdə zərgərlik məmulatlarının istehlakı 10% azalaraq 371 tona düşüb. İstehlak edilən zinət əşyalarının dəyəri isə 13% artaraq 41 milyard dollara çatıb.

Texnologiya sektorunda qızıl tələbi 2024-cü ilin 3-cü rübü ilə müqayisədə bir qədər azalıb.

Seçilən
28
teleqraf.com

1Mənbələr