Həştərxan vilayətində məşhur “Meduza” virusunu yaratmaqda şübhəli bilinən üç gənc İT mütəxəssisi saxlanılıb.
Gundem.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, zərərli kompüter proqramlarını yaratmaqda, istifadə etməkdə və yaymaqda şübhəli bilinən bir qrup haker polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, onlar təxminən iki il əvvəl “Meduza” adlı proqram təminatı hazırlayıb yaymağa başlayıblar.
"Bu proqram şəxsi informasiyaları, kripto pul kisəsi və digər məlumatları oğurlamaq üçün nəzərdə tutulub", - deyə qeyd olunur.
Əməliyyatlar zamanı Rusiya Qvardiyasının zabitlərinin dəstəyi ilə bütün İT mütəxəssisləri saxlanılıb.
Axtarış zamanı onlardan kompüter avadanlığı, rabitə vasitələri, bank kartları və digər sübut dəyəri olan əşyalar götürülüb.
"Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər digər növ zərərli proqram təminatı da hazırlayıb yayıblar. O, kompüter təhlükəsizlik sistemlərini zərərsizləşdirmək və irimiqyaslı kiberhücumlar üçün istifadə edilən yoluxmuş kompüter şəbəkələrini yaratmaq üçün nəzərdə tutulub", - məlumatda deyilir.
Faktla bağlı cinayət işi açılıb. /Publika.az
 
                        