Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbiri zamanı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov çıxış edərək layihənin beynəlxalq əhəmiyyətindən və xarici auditoriyalarda yaratdığı təsirli təəssüratlardan danışıb.
Zaur İbrahimov bildirib ki, Qərbi Azərbaycan mövzusunun Avropa ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm nəticələr verib:
“Mən konkret bir neçə nümunə çəkim. Brüsseldə keçirdiyimiz tədbirdə Qərbi Azərbaycan qaçqınının köçkün biletinin nümayişi böyük rezonans doğurdu. Auditoriyada Ukrayna icmasının, həmçinin Avropada miqrasiya məsələləri ilə məşğul olan nüfuzlu təşkilatların rəhbərləri var idi. Rus dilində olan bu sənəd ekranda görünən kimi zaldan emosional reaksiya alındı.”
O, SSRİ Nazirlər Sovetinin arxiv sənədlərinin və xəritələrinin təqdimatının da beynəlxalq səviyyədə böyük maraqla qarşılandığını qeyd edib:
“Stalinin Türkiyə ərazilərinə dair iddiaları əks etdirən xəritə nümayiş etdiriləndə auditoriyada ciddi rezonans yarandı. Biz həmin faktları Qərbi Azərbaycanlıların köçü ilə əlaqələndirəndə mövzunun geopolitik əhəmiyyəti daha da aydın göründü. Bu layihələr Azərbaycan tarixinin beynəlxalq ictimaiyyətə daha dolğun və canlı şəkildə çatdırılmasına imkan yaradır. Bizim alimlərimiz və tədqiqatçılarımız son illər bu sahədə böyük zəhmət çəkiblər, faktoloji və sənədli baza formalaşdırıblar. Qeyri-hökumət təşkilatları olaraq bizim borcumuz bu zəhməti qiymətləndirmək və onu dünyanın anlayacağı dildə təqdim etməkdir.”
O, gələcəkdə Qərbi Azərbaycanla bağlı materialların digər dünya dillərinə tərcümə edilməsinin vacibliyini də vurğulayıb:
“Hazırda ingilis dilində kifayət qədər material var, lakin biz ispan, Çin və Cənub-Şərqi Asiya ölkələrinin dillərinə də tərcümə etməliyik. Belə olduqda, həmin dillərdə axtarış veriləndə Qərbi Azərbaycan mövzusu da görünəcək.”
Sonda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi “Qərbi Azərbaycan İrsi” layihəsinin təşkilatçılarını təbrik edərək, gələcək fəaliyyətlərdə uğurlar arzulayıb.
Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirib.