AZ

ABŞ Azərbaycan sülhməramlılarını Qəzzaya cəlb etmək istəyir, Bakının cavabı necə olacaq?

ABŞ Azərbaycana müraciət edərək onun Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib.

Bu barədə Report.az “AnewZ” kanalına istinadən yazıb. Məlumata görə, Bakı hələ yekun qərar qəbul etməyib. Mənbə qeyd edir ki, Azərbaycanın mövqeyi qətidir: “Hər hansı bir iştirak beynəlxalq legitimliyi təmin edən və aydın mandatı müəyyən edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmalıdır”. Telekanal xatırladır ki, bu missiya BMT-nin klassik sülhməramlı əməliyyatı deyil. Mənbə, həmçinin bildirib ki, ərəb tərəfdaşlar Azərbaycanın İslam dünyası ilə uzunmüddətli əlaqələrə və Fələstinlə əməkdaşlığa əsaslanan balanslı mövqeyini vurğulayıblar.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a şərhində bildirib ki, Azərbaycan sülhməramlılarının Qəzzada sülhməramlı missiyaya cəlb olunması ilə bağlı danışıqların aparılması bəllidir. Deputatın sözlərinə görə, bunun mümkün olma ehtimalı yüksəkdir:

“Azərbaycan ordusu ən mürəkkəb yerlərdə, ən münaqişəli vəziyyətlərdə sülhməramlı missiya yerinə yetirməklə bağlı zəngin təcrübəyə malikdir. Azərbaycan sülhməramlı qüvvələri Əfqanıstanda, Balkanlarda xidmət edib, xidmət dövründə də öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Bu, Azərbaycan sülhməramlılarının Qəzza kimi mürəkkəb regionda sülhün və əmin-amanlığın bərpa olunması üçün xidmətini zəruri edir və bir növ tələbə çevirir. Sülhməramlı missiya sadəcə hərbi vəziyyətlə deyil, həm də siyasi qərarlarla bağlı fəaliyyətdir. Bu zaman sülhün qorunmasını arzu edən tərəflərin siyasi mövqeyi ortaya çıxır. Yəni hansı ölkənin sülhməramlı missiyasının siyasi qərarlar üçün daha məqbul olması müzakirə mövzusu olur. Məsələyə bu kontekstdən yanaşsaq, görəcəyik ki, Azərbaycanın həm İslam Təşkilatı daxilində böyük nüfuzu var, həm Yaxın Şərqin mühüm aktorlarından olan İsraillə çox yaxın əlaqələri mövcuddur, həm də bütövlükdə regionda sülh üçün çalışan digər trans-regional və ya regional aktorlarla çox yaxşı əlaqələri var.

Hikmət

Düşünürəm ki, bütün bu şərtlər Azərbaycan sülhməramlı qüvvələrinin Qəzzada sülhməramlı missi yerinə yetirməsi üçün uyğun şərtlər formalaşdırır. Azərbaycan əsgəri bu şərəfli missiyanın öhdəsindən layiqincə gələ bilər. Üstəlik, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan əsgərinin hətta müharibə şəraitində sülhpərvər olması təcrübəsi bütün dünyanın gözü önündədir. Azərbaycan əsgərlərinin belə münaqişəli bölgələrə cəlb olunmasını cazibədar edən məsələ həm də budur”.


Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr