Azərbaycan və Qazaxıstan arasında ticarət və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı və Qazaxıstan Respublikasının “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "APA-Economics"ə İİTKM-dən bildirilib.
Məlumata görə, sənədin məqsədi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, elektron ticarət və rəqəmsal iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi, ixrac potensialının artırılması, həmçinin Azərbaycan və Qazaxıstan məhsullarının qarşılıqlı şəkildə rəqəmsal ticarət platformalarına çıxışının təmin edilməsidir.
Memorandum çərçivəsində tərəflər ticarətin təşviqi, rəqəmsal ticarətin inkişafı, ixracı dəstəkləyən tənzimləmələr və normativ baza üzrə məlumat mübadiləsi, eləcə də ortaq təşəbbüslərin reallaşdırılması barədə razılığa gəliblər.