1997-ci il Azərbaycan televiziyasının qızıl dövrlərindən biri idi. Məhz həmin il ekranlara çıxan “Fatehlərin divanı” tamaşaçıları təkcə tarixi hadisələrə deyil, həm də milli kimliyin dərin qatlarına aparmışdı. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi bu əsər o vaxtkı televiziya mühitində əsl hadisəyə çevrildi. Filmin ilk bölümü tamaşaçılarda dərin təəssürat yaratmışdı. O bölümün mərkəzində tarixin ən güclü fatehlərindən biri – Əmir Teymur dayanırdı. Səhnədə böyük türk xaqanları Haqq divanında toplaşır, Teymuru ədalət qarşısına çıxarırdılar. Rejissorun ideyası dərin idi: o, tarixi faktlardan çox, ədalət və gücün qarşıdurmasını, “zəfər” anlayışının mənəvi tərəflərini göstərirdi.
Filmin sonunda isə qərar tamaşaçıya buraxılırdı -Teymur günahkardırmı, yoxsa tarixin hökmü sadəcə zamandır? Bu açıq sual “Fatehlərin divanı”nı sadə televiziya filmi deyil, fəlsəfi bir hadisəyə çevirmişdi.
Layihənin uğuru elə böyük idi ki, 30 seriyalı televiziya epopeyası kimi davam etdirilməsi nəzərdə tutulmuşdu. Amma sonradan maliyyə və texniki çətinliklər səbəbindən işlər dayandı. Tamaşaçılar cəmi 4 bölüm görə bildilər.
Bu dörd bölümdə sənətkarlar, sanki tarixin səhnəsində deyil, ilahi bir məhkəmədə çıxış edirdilər. Əmir Teymuru Fuad Poladov, Bilgə xaqanı İlham Əsgərov, ərəb fatehini isə Yaşar Nuri kimi nəhəng aktyorlar canlandırırdı. Onların ifası o qədər dərin idi ki, illər sonra belə, tamaşaçının yaddaşında o səslər, o baxışlar yaşayır.
Bu gün isə həmin sənətkarların heç biri həyatda deyil. Lakin onların ruhu və sənət mirası indi yeni bir layihə ilə ekranlara qayıdır.
Musavat.com-a müsahibəsində görkəmli rejissor Ramiz Həsənoğlu bildirib ki, “Fatehlərin divanı” ideyasını illərlə ürəyində yaşadıb. İndi, 28 il sonra, bu ideya yenilənmiş formada – “Tarixin Divanı: Qanlı Miras” adlı sənədli serial kimi reallaşır.
Sözügedən müsahibəni təqdim edirik.
- Ramiz bəy, gəlin, serialın necə ərsəyə gəlməyindən danışaq.
- O vaxt biz bu layihəni həyata keçirəndə düşünürdük ki, türk, Azərbaycan, Şərq tarixini əhatə edən 30 seriyadan ibarət serial çəkiləcək. Amma çox təəssüf ki, biz 4 seriyanı çəkdik. Bütün bu illər ərzində mən ümid edirdim ki, biz bu seriala yenidən qayıdacağıq. Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bu layihəyə isti yanaşdı və onu həyata keçirməyə şərait yaratdı. Ssenari müəllifi İlqar Fəhmidir. Çəkilişlər bitmək üzrədir, son epizodları yaxın 10 gün ərzində bitirəcəyik. Ümid edirəm ki, tamaşaçının zövqünü oxşayan bir şeyi ortaya çıxara biləcəyik. 30 il bundan öncə çalışdığımız heyətlə yola çıxmışıq.
- Budəfəki mövzular nədən ibarət olacaq?
- Bu dəfə ermənilərin Qarabağa gəlməsindən, orada yerləşməsindən, xanlıqların yaranmasından, ümumiyyətlə, 18-ci əsrdən bu yana baş verənlər mövzumuz olub. Bu layihəyə 30-a yaxın aktyor cəlb olunub.
- “Fatehlərin divanı”nda Fuad Poladov, Yaşar Nuri çəkilmişdi. Onları əvəz edən aktyor tapmaq çətin olmadı ki?
- Təkrarolunmaz aktyorlar var, amma əvəzolunmaz aktyorlar yoxdur. Hər dövr öz sənətkarını, aktyorunu yetişdirir. İndi çalışdığım aktyorlar məni tam təmin edir. Layihə 5 seriyadan ibarətdir. Ola bilsin ki, sonra biz başqa mövzulara da üz tutduq. Görək tamaşaçıların reaksiyası necə olacaq.
- “Fatehlərin divanı” kifayət qədər müzakirə olundu və bəyənildi. Necə düşünürsünüz, indi də o cür reaksiyalar olacaq?
- Mövzu etibarı ilə tamaşaçının diqqətini hökmən cəlb edəcək. Amma zaman keçib və prioritetlər dəyişib, ola bilsin ki, indiki tamaşaçı bu mövzuya o qədər də meylli deyil. Lakin hər halda meylli olan və maraqlanan tamaşaçılar da var.

- Layihəni Azərbaycan Dövlət Televiziyası maliyyələşdirir?
- Ümumiyyətlə, quruluş xarakterli layihələr hər zaman maliyyə tələb edir. Bizə şərait yaradıldı, pavilyonda dekorasiyalar quruldu. Bunlar çox vaxt apardı. Çox şükürlər ki, sonuncu epizod qalıb.
- Serial ekranlara nə zaman çıxacaq?
- Ümid edirik ki, dekabr-yanvar aylarında tamaşaçılar serialı izləyə biləcək.
Şahanə Rəhimli
Musavat.com