AZ

Fed sədri: Dekabrda faiz endirimi hələlik qeyri-müəyyəndir

Fed sədri: Dekabrda faiz endirimi hələlik qeyri-müəyyəndir

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell bildirib ki, dekabr iclasında uçot dərəcəsinin daha da azaldılması qeyri-müəyyəndir.

Pauell Fed-in uçot dərəcəsini gözləntilərə uyğun olaraq 25 baza bəndi azaldaraq 3,75–4 faiz aralığına endirməsindən sonra mətbuat konfransı keçirib.

Federal Açıq Bazar Komitəsinin (FOMC) bugünkü qərarı ilə mümkün iqtisadi dəyişikliklərə vaxtında reaksiya vermək üçün yaxşı mövqedə qaldıqlarını deyən Pauell qeyd edib ki, pul siyasətinin uyğun istiqaməti gələcək məlumatlara, iqtisadi mənzərədəki dəyişikliklərə və risk balansına əsasən müəyyən ediləcək.

Pauell deyib ki, komitənin bu iclasındakı müzakirələrdə dekabrda hansı istiqamətdə irəliləyəcəkləri barədə ciddi fikir ayrılıqları var idi: "Dekabr iclasında faiz dərəcəsinin yenidən azaldılması qəti deyil, bu hələ çox uzaq bir ehtimaldır. Pul siyasəti əvvəlcədən müəyyən olunmuş bir marşrut üzrə getmir."

Məşğulluq və inflyasiya mənzərəsi sentyabrdan bəri çox dəyişməyib

ABŞ-da federal hökumətin fəaliyyətinin qismən dayanması səbəbindən bəzi vacib məlumatların gecikdiyini bildirən Pauell deyib ki, ictimai və özəl sektora aid mövcud göstəricilər məşğulluq və inflyasiya mənzərəsinin sentyabr iclasından bəri əhəmiyyətli dərəcədə dəyişmədiyini göstərir. O, əmək bazarındakı vəziyyətin tədricən zəiflədiyini, inflyasiyanın isə hələ də nisbətən yüksək səviyyədə qaldığını qeyd edib.

Pauell əlavə edib ki, mövcud göstəricilər iqtisadi fəaliyyətin orta templə genişlənməyə davam etdiyini göstərir. Hökumət bağlanmazdan öncə açıqlanan məlumatlar iqtisadi artımın gözləniləndən bir qədər daha güclü ola biləcəyini göstərib ki, bu da əsasən istehlak xərclərinin artması ilə əlaqəlidir.

Fed sədri bildirib ki, hökumətin fəaliyyətinin dayandığı müddətdə bu vəziyyət iqtisadi fəaliyyətə təzyiq göstərəcək, lakin fəaliyyət bərpa edildikdən sonra bu təsirin əksinə çevriləcəyi gözlənilir.

Məşğulluqla bağlı risklər artıb

Avqusta qədər işsizlik səviyyəsinin nisbətən aşağı qaldığını bildirən Pauell qeyd edib ki, ilin əvvəlindən bəri məşğulluq əhəmiyyətli dərəcədə zəifləyib və son aylarda bu sahədə eniş riskləri artıb.

O, əlavə edib ki, inflyasiya 2022-ci ilin ortalarındakı yüksək səviyyələrdən əhəmiyyətli dərəcədə azalsa da, uzunmüddətli 2 faiz hədəfi ilə müqayisədə hələ də bir qədər yüksək qalır.

Qısamüddətli inflyasiya gözləntilərinin tariflərlə bağlı xəbərlər fonunda ümumilikdə artdığını bildirən Pauell, uzunmüddətli gözləntilərin isə əsasən hədəflə uyğun olduğunu deyib.

O, artan tariflərin bəzi məhsul kateqoriyalarında qiymət artımına səbəb olduğunu və bunun ümumilikdə inflyasiyanı artırdığını vurğulayıb.

Fed sədri bir daha bildirib ki, qısamüddətli dövrdə inflyasiya ilə bağlı risklər yuxarı, məşğulluqla bağlı risklər isə aşağı istiqamətlidir.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Pauell bildirib ki, inflyasiya və məşğulluq hədəfləri arasında ziddiyyətli dövrlərdə FOMC daxilində fərqli fikirlər meydana çıxa bilər. O, dekabr ayı ilə bağlı hələ heç bir qərar verilmədiyini vurğulayıb.

Pauell qeyd edib ki, dekabr iclasına qədər nələrin baş verəcəyini dəqiq bilmək mümkün deyil: “Əgər çox yüksək dərəcədə qeyri-müəyyənlik varsa, bu, ehtiyatla davranmaq üçün əsas ola bilər.”

Hökumətin fəaliyyətinin dayanması səbəbindən yaranan məlumat boşluğuna da toxunan Pauell bildirib ki, məlumatlar sonradan açıqlansa da, ehtiyatlı davranmaq məntiqli olar.

Pauell bir çox şirkətin yeni işçi qəbul etməyəcəyini və ya ixtisarlar planlaşdırdığını bildirib: “Əksər hallarda süni intellekt və onun nələrə qadir olduğu mövzusu gündəmə gəlir. Biz bu prosesi diqqətlə izləyirik və bunun məşğulluq yaradılmasına təsir göstərə biləcəyi aydındır,” – deyə Fed sədri vurğulayıb.

Seçilən
17
afn.az

1Mənbələr