AZ

“Məni həyətdə oturmağa qoymurlar” Vətəndaşdan qeyri adi etiraz

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən “Göy qurşağı” yaşayış kompleksində xoşagəlməz hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kompleksin bloklarının qapılarına təhqiramiz ifadələrlə dolu plakatlar yapışdırılıb.

Məsələ ilə bağlı kompleksin nümayəndəsi və sakinlər polisə müraciət edib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci PŞ-nin apardığı araşdırmalarla bunu edən şəxsin binada yaşayan 1972-ci il təvəllüdlü Masallı sakini Vüqar Babayev olduğu müəyyənləşib.

Məlum olub ki, vətəndaş binanın komendantlığından və təmizlik işçilərindən narazıdır. O, əvvəllər də dəfələrlə bina sakinlərini və təmizlik işçilərini söyərək təhqir edib. Bu dəfə isə həmin şəxs ad çəkmədən və ya adlardakı hərflərdən birini dəyişərək orada yaşayanların ünvanına təhqirlər yazıb və divarlara yapışdırıb.

Belə ki, V.Babayev konkret ad çəkməyib, Sahib əvəzinə Sahibə, Əlixan əvəzinə Dəlixan (adlar şərtidir) və s. yazıb.

O, ifadəsində komendantlıq işçilərini deyil, erməniləri söydüyünü deyib: “Komendantlığın əməkdaşları mənim konstitusion hüquqlarımı pozur. Erməniləri söymüşəm, binanın sakinlərini deyil. Əməlimdən peşman deyiləm, çünki məni binanın həyətində oturmağa qoymurlar. Odur ki, protokolun təmin edilməməsini xahiş edirəm”.

Həmçinin məlum olub ki, Vüqar daha əvvəl də binanın qarşısındakı söhbətgahlara təhqiramiz ifadələr yazıb. O, dəfələrlə şifahi xəbərdarlıqlar olmasına baxmayaraq, sərxoş halda söyüş söyərək, səs-küy yaradaraq bina sakinlərinin narazılıqlarına səbəb olub. Həmçinin 2020-ci ildən bu günədək heç bir kommunal ödənişi etməyib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Vüqar Babayev 50 manat cərimə edilərək sərbəst buraxılıb.

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
4
qafqazinfo.az

5Mənbələr