AZ

“Volkswagen” şirkəti üçüncü rübdə bir milyard avrodan çox zərər ediib

Berlin, 30 oktyabr, AZƏRTAC

“Volkswagen” konserni bu ilin üçüncü rübündə 1,07 milyard avro zərər etdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, korporasiyanın məlumatında iyul-sentyabr aylarında xalis mənfəətin 60 faizdən çox azalaraq 8,8 milyarddan 3,4 milyard avroya düşdüyü bildirilib.

Bu azalma 7,5 milyard avroluq itkilərlə bağlıdır. Buna əsas səbəblər kimi gömrük rüsumlarının artması, “Porsche”də məhsul strategiyasının yenilənməsi və “Porsche” şirkət dəyərinin silinməsi (“Impairment of goodwill”) əməliyyatları göstərilib. Təkcə bu son iki amil “Volkswagen”ə 4,7 milyard avroya başa gəlib.

“Porsche”nin daxiliyanma mühərriklərinin istehsalını daha uzun müddət davam etdirmək qərarı bu itkilərin əsas səbəblərindən biridir. Ötən həftə “Porsche” rüblük zərərinin təxminən bir milyard avro olduğunu açıqlayıb.

Bu vəziyyətlə əlaqədar “Volkswagen” konserninin rəhbəri Oliver Blume, eyni zamanda, “Porsche”nin də baş direktoru vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Şirkətin məlumatında “Volkswagen”in əsas markasının sabitləşməyə nail olduğu bildirilib. 2030-cu ilədək 35 min iş yerinin ixtisarını nəzərdə tutan qənaət proqramı öz nəticələrini göstərir. Şirkətin əməliyyat mənfəət marjası ilin ilk doqquz ayında 2,3 faizə yüksəlib. Gəlirlər 0,6 faiz artaraq 239 milyard avroya, çatdırılan avtomobillərin sayı isə 1,2 faiz artaraq 6,6 milyona yüksəlib.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
22
5
azertag.az

7Mənbələr