AZ

“Azərbaycan Özbəkistan münasibətləri Türk dövlətləri çərçivəsində özünəməxsusdur” Turan Rzayev

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə daha da güclənir.

Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistanlı həmkarı Bəxtiyor Saidovla görüşü əməkdaşlığın davamı olaraq diqqət çəkir. Görüş zamanı iki ölkə siyasi, iqtisadi və mədəni sahələrdə strateji tərəfdaşlığı daha da genişləndirmək barədə razılığa gəlib.

Bu addım, Türk dünyasında birliyin möhkəmlənməsi və regional əməkdaşlığın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs bu görüş, Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafına necə təsir göstərəcək və regionda hansı yeni əməkdaşlıq imkanları yaradacaq?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan politoloq Turan Rzayev vurğulayıb ki, Özbəkistan regionda sürətlə artan nüfuzu ilə seçilir və Mərkəzi Asiyanın “parlayan ulduzu” kimi xarakterizə olunur:

“Azərbaycan və Özbəkistan münasibətləri Türk dövlətləri çərçivəsində özünəməxsusluğu və spesifikliyi ilə seçilir. Məsələn, Azərbaycan, Türkiyədən sonra rəsmi müttəfiqlik münasibətlərini Özbəkistanla da qurub. Hətta demək olar ki, bu gün Azərbaycan-Özbəkistan əlaqələri səviyyə baxımından Azərbaycan-Türkiyə münasibətlərinə yaxındır. Üstəlik, bu nəticə çox qısa müddətdə əldə olunub.

Özbəkistan və Azərbaycan arasında münasibətlərin kökləri Sovet dövrünə gedib çıxır. Xüsusilə Prezident Heydər Əliyevin Sovetlər dövründə rəhbərlik etdiyi mərhələdə bu əlaqələr daha da sürətlənmiş, müstəqillik illərində isə daha yüksək səviyyəyə çatmışdır. İki ölkə arasında tarixi, milli, dini və mədəni bağlar çox güclüdür”.

Turan Rzayev qeyd edib ki,on illərdə Azərbaycan və Özbəkistan siyasi və iqtisadi sahədə xüsusilə dinamik əlaqələr qurublar.

“Özbəkistanın enerji resurslarının zənginliyi və həmin resursların Azərbaycan üzərindən Avropa bazarına çıxarılması planları əməkdaşlığın strateji əhəmiyyətini artırır. Bundan əlavə, Özbəkistan Azərbaycan kimi balanslaşdırılmış, müstəqil və qərb-şərq münasibətlərində tarazlıq əsaslı xarici siyasət yürüdür.

Özbəkistan regionda sürətlə artan nüfuzu ilə seçilir və Mərkəzi Asiyanın “parlayan ulduzu” kimi xarakterizə olunur. Sənaye və kənd təsərrüfatı inkişaf edir, strateji-coğrafi mövqeyi isə əlavə üstünlüklər yaradır. Bu ölkədə Azərbaycana xüsusi rəğbət mövcuddur. Prezident Şövkət Mirziyoyevin Prezident İlham Əliyevə münasibətləri də diqqəti cəlb edir və səmimiyyəti ilə seçilir.

Belə münasibətlərin inkişafı Türk dövlətləri arasında əməkdaşlığın və Türk Birliyinin güclənməsinə ciddi töhfələr verə bilər. Özbəkistan Türk Dövlətləri Təşkilatının fəaliyyətində ən fəal və həvəsli ölkələrdən biridir”,-deyə o əlavə edib.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
icma.az

1Mənbələr