AZ

Qərb istiqamətində addım atır, amma Rusiyanı itirmir: İrəvanın yeni siyasəti

Ermənistan son illər Qərbə inteqrasiya kursunu açıq şəkildə bəyan etsə də, rəsmi İrəvanın son addımları onun xarici siyasətində balans axtarışlarının hələ də davam etdiyini göstərir. Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirdiyi bir vaxtda, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın MDB-yə üzv dövlətlərin təhlükəsizlik qurumlarının iclasında iştirak edəcəyi açıqlanıb.

Bu, diqqətçəkən məqamdır, çünki Qriqoryan bu formatda üç illik fasilədən sonra iştirak edəcək. Rəsmi İrəvanın Rusiya ilə münasibətlərdə gərginlik yaşadığı, eyni zamanda Qərblə siyasi və hərbi yaxınlaşmanı prioritet elan etdiyi bir dövrdə bu addım “Ermənistanın geosiyasi istiqamətində yeni balans cəhdi” kimi dəyərləndirilir.

Editor.az-a açıqlama verən siyasi analitik Aydın Quliyev bu məsələni Ermənistanın “ehtiyatlı diplomatiya” taktikasının bir hissəsi kimi qiymətləndirib:

“Hazırda Ermənistan Rusiya ilə mümkün qədər ehtiyatlı siyasət aparmağa üstünlük verir. Yəni, Rusiyanın təsiri altında olan bəzi qurumlarda aktiv, digərlərində isə məsafəli şəkildə iştirak etməklə tarazlıq yaratmağa çalışır.”

Ekspert bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlığı faktiki dayandırsa da, MDB-nin müəyyən strukturlarında iştirakını tam dayandırmayıb:

“Ermənistanın MDB Təhlükəsizlik Şuraları katiblərinin toplantısında iştirakı Qərblə inteqrasiyasına mane deyil. Bu format formal xarakter daşıyır və üzv ölkələrə ciddi məsuliyyət yükləmir. Buna görə də İrəvan bu platformada görünməklə nə siyasi, nə də diplomatik itkiyə məruz qalmır”.

Quliyev hesab edir ki, Ermənistan rəhbərliyi Rusiyanı qıcıqlandırmadan, amma eyni zamanda Qərbə yaxınlaşmaq üçün diplomatik çeviklik nümayiş etdirməyə çalışır:

“İrəvan MDB-nin bəzi qurumlarında iştirak etməklə Moskvanın narazılığını azaltmaq istəyir. Lakin KTMT ilə məsafə saxlamaq xətti isə Ermənistanın Qərb strukturlarına, xüsusilə də Avropa və NATO sistemlərinə inteqrasiya imkanlarını qorumağa yönəlib.

MDB Təhlükəsizlik Şuraları katiblərinin toplantısında iştirak rəsmi İrəvan üçün “nə siyasi risk, nə də strateji qazanc” gətirir və bu proses daha çox formal xarakter daşıyır. Ermənistan rəhbərliyi bu cür addımlarla həm Rusiya, həm də Qərb qarşısında balansı saxlamağa çalışır. Yəni, İrəvan indi ‘heç kəsi qıcıqlandırmadan hər kəslə işləmək’ xətti üzrə hərəkət edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr