“Microsoft” 2026-cı maliyyə ilinin birinci rübü üzrə nəticələrini açıqlayıb və göstəricilər analitiklərin gözləntilərindən yüksək olub. Lakin korporasiyanın səhmləri ABŞ-də axşam ticarəti zamanı təxminən 4% ucuzlaşıb, çünki rəhbərlik kapital xərclərinin artım sürətinin yüksələcəyini proqnozlaşdırıb. 30 oktyabr səhər ticarətində “Microsoft” səhmləri 2,8% düşüb (Bakı vaxtı ilə 12:52-də).
“Microsoft”un rüblük gəliri 18% artaraq 77,67 milyard dollara çatıb, xalis mənfəət isə 12% artaraq 27,7 milyard dollar təşkil edib. Analitiklər orta hesabla $75,33 milyard gəlir və səhm başına $3,67 mənfəət gözləyirdilər, CNBC qeyd edir.
“Microsoft Intelligent Cloud” bulud bölməsinin gəlirləri 28% artaraq 30,9 milyard dollara çatıb. “Azure” və digər bulud xidmətlərindən gəlirlər 40% artıb. Nəticələr “StreetAccount”un konsensus proqnozunu üstələyib: analitiklər bulud bölməsinin gəlirini 30,25 milyard dollar səviyyəsində, xidmət gəlirlərinin artımını isə 38,2% səviyyəsində gözləyirdilər. CNBC qeyd edir ki, bulud texnologiyaları “Microsoft”un əsas artım amili olaraq qalır, çünki bu sahə süni intellekt bumu fonunda böyük fayda götürür.
Ötən rübdə şirkət ilk dəfə “Azure” və digər bulud xidmətlərinin dollar ifadəsində nəticələrini açıqlayıb: 2025-ci maliyyə ili ərzində onların gəliri 75 milyard dollardan çox olub, illik artım 34%-ə çatıb.
“Microsoft” ikinci maliyyə rübündə gəlirləri 79,5–80,6 milyard dollar diapazonunda gözləyir. LSEG tərəfindən sorğu edilən analitiklər orta hesabla 79,95 milyard dollar proqnozlaşdırır. “Azure”un gəlirlərinin artımı 37% səviyyəsində gözlənilir.
Lakin “Bloomberg” yazır ki, “Microsoft” genişmiqyaslı məlumat mərkəzlərinə sərmayələrə baxmayaraq, hələ də hesablama gücünə çatışmazlıq yaşayır və bu, bulud bölməsinə təzyiq göstərir. Kapital xərcləri, o cümlədən icarə haqları birinci rübdə 34,9 milyard dollar təşkil edib — bu, əvvəlki rübdən təxminən 10 milyard çoxdur. CNBC qeyd edir ki, iyul ayında maliyyə direktoru Emi Hud bu göstərici üçün daha aşağı — 30 milyard dollar proqnoz vermişdi. İndi isə o bildirib ki, cari maliyyə ilində kapital xərcləri ötən ildəkindən daha sürətli artacaq, baxmayaraq ki, əvvəlcə artımın zəifləyəcəyi gözlənilirdi.
“Barclays” analitiki Raymo Lenşounun fikrincə, “Microsoft”un bulud biznesinin artım tempi “kifayət qədər sağlam” görünür, sadəcə, investorların ən cəsarətli gözləntilərinə tam çatmayıb. “Bloomberg”in izlədiyi bütün analitiklər (bir nəfər istisna olmaqla) hesabat dərcindən əvvəl “Microsoft” səhmlərinin alınmasını tövsiyə edirdilər.
29 oktyabrda “Nasdaq” birjasında əsas ticarət sessiyası nəticəsində “Microsoft” səhmlərinin qiyməti $541,55 (-0,1%) təşkil edib. 2025-ci ilin əvvəlindən bəri bu səhmlərin dəyəri 28% artıb və hazırda rekord səviyyədədir. “Microsoft”un süni intellekt bazarındakı uğurlarının əhəmiyyətli hissəsini “OpenAI” ilə sıx əməkdaşlıq təmin edib. Yenidənqurma nəticəsində “Microsoft” “OpenAI”nin kommersiya bölməsində 27% və ya 135 milyard dollarlıq paya sahibdir.