AZ

Paşinyan-Əliyev sülhü AŞ PA-nın qərarını etibarsız etdi – ÖZƏL

Azərbaycan nümayəndə heyəti 2024-cü ilin yanvarında AŞ PA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırıb, çünki qurum nümayəndə heyətinin səlahiyyətlərini və səsvermə hüququnu məhdudlaşdıran qərar qəbul etmişdi. Bu qərarın arxasında Qarabağdakı vəziyyətlə bağlı Bakıya qarşı qərəzli mövqe dayanırdı.
Hazırda, Ermənistanla sülh razılaşması paraflanıb və rəsmi Yerevanın məcburi köçkünlərlə bağlı Bakıya qarşı iradı yoxdur. Bu isə 2024-cü il qərarının əhəmiyyətini itirdiyini göstərir.

Azərbaycan AŞ PA-ya qayıda bilərmi? Azərbaycan nümayəndə heyətinin AŞ PA-ya qayıtması üçün qurumdan hansı konkret addımlar gözlənilir?

"Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bərpası məsələsinin müzakirəsi Azərbaycan tərəfinin də adekvat addımlar atmasını şərtləndirdi. O dövrdə ölkədə belə bir fikir formalaşmışdı ki, bu məsələ təkcə insan haqları ilə bağlı deyil, həm də Azərbaycana qarşı müəyyən qərəzli münasibət və Ermənistanın maraqlarına yarınmaq cəhdi hiss olunurdu".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçinin fikrincə, artıq Azərbaycan-Ermənistan münasibətləri müəyyən qədər nizamlanıb və bu qərəzli yanaşma məsələsi də aradan qalxıb. İndi daha çox peşəkar istiqamət - yəni insan haqları məsələləri ön plandadır.

"Düşünürəm ki, həmin məsələlərin həlli üçün təşkilatın Azərbaycanla əməkdaşlıq etməsi, Azərbaycanı bu qurumdan kənarda saxlamaqdan daha məqsədəuyğundur. Azərbaycan da, məncə, Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlıqda maraqlıdır. Çünki bu beynəlxalq qurumlarla əlaqələr ölkənin imicinə müsbət təsir göstərir və onun inkişafını dəstəkləyən mühüm amildir", - deyə ekspert əlavə edib.

Ə. Mustafa qeyd edib ki, digər tərəfdən, Azərbaycanın Avropa ölkələrinin əksəriyyəti ilə iqtisadi və siyasi əməkdaşlığı, həmçinin strateji tərəfdaşlığı mövcuddur. Rusiya ilə Qərb arasında qarşıdurma fonunda Azərbaycan qazının Avropaya çatdırılması və ölkəmizin Rusiya-Ukrayna münaqişəsində tutduğu balanslı mövqe də, təbii ki, Avropa dövlətlərinin diqqətindən yayınmır.

Ekspertin sözlərinə görə, Azərbaycan bu gün kifayət qədər pozitiv və balanslı beynəlxalq siyasət yürüdür və bu da müvafiq qərarların qəbulunda nəzərə alınacaq. Ehtimal edirəm ki, Avropa Şurası tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq, Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasına qayıdışı və fəaliyyətini davam etdirməsi ilə bağlı qərar qəbul ediləcək.

"Təbii ki, ölkə daxilində demokratiya və insan haqları ilə bağlı müəyyən şərtlər də irəli sürülə bilər. Amma bu istiqamətdə Azərbaycanın son dövrlərdə atdığı addımlar, həyata keçirilən islahatlar da göstərir ki, ölkə daxilində təmizlənmə, sağlamlaşma prosesi gedir. Dövlət idarəçiliyində olan müəyyən problemlər tədricən aradan qaldırılır.
Bu proseslər ölkə daxilində demokratik institutların fəaliyyətinə və insan haqlarının qorunmasına yalnız müsbət təsir göstərir. Hesab edirəm ki, Avropa Şurası da bütün bu məqamları nəzərə alacaq", - deyə siyasi şərhçi sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr