AZ

Onun delikateslərlə zəngin süfrəsi - Stalin əcnəbilərə möhtəşəm ziyafətlər verib

Cəbhədə mərmi gurultuları qulağı batırarkən və vuruşan insanlar son çörək qırıntılarını bölüşərkən Kremldə qədəhlər cingildəyib. XX əsrin ən dağıdıcı müharibəsinin qızğın çağında İosif Stalin heyrətamiz miqyasda ziyafətlər verib. Kristal çilçıraqların işığı altında, zərli Yekaterina zalında dünyanın taleyi həll edilib, tostlar qaldırılıb, spirtli içkilər su kimi axıb. Halbuki, cəbhədə su tapmayan hərbçilərin qanı gölləri doldurub, milyonlara uşaq və qadın müxtəlif üsullarla qətlə yetirilib.

II dünya müharibəsi illərində milyonlarla sovet vətəndaşının evsiz qaldığı bir vaxtda Kreml bir-birinin ardınca təmtəraqlı diplomatik qəbullar təşkil edib. İosif Vissarionoviçin ev sahibliyi etdiyi otuzdan çox ziyafət təkcə “siyasi sabitliyin” nümayişi deyil, həm də müttəfiqlərin emosiyaları üzərində incə oyun səhnəsinə çevrilib. Hələ də imperiya dəbdəbəsi ruhu ilə dolu olan Yekaterina zalı səhnəyə xüsusi parıltı bəxş edib.

sot-2.jpeg

“Sevgi və Vətən üçün” sözləri ilə qədəhlərin qaldırıldığı yeyib-içmək məclislərinə “lider” qəsdən gec gəlib. Onun girişi, demək olar ki, teatral olub, qəsdən pauza və səssiz, ağır addım atıb ki, hər bir qonaq bu anı həqiqətən qiymətləndirə bilsin. Bütün bunlar almanlar artıq Moskvanın həndəvərində olanda baş verib.

Kreml ziyafətlərindəki menyu hətta ən seçici qurmanları da heyran edib. Masalar rassteqai (doldurulmuş piroqlar), xüsusi balıqlar, möhtəşəm qızardılmış bekonlarla bəzədilib. Qara və qırmızı kürü isə hər qədəhin yanında mütləq olub. Vodka, şampan, konyak, likör – hər cür alkoqollu içkilər bol olub. Stalin isə, şayiələrə görə, guya su içib. Rəhbər müşahidə edib, qiymətləndirib, şəxslərlə bağlı ölçü götürüb. O, gürcü şeirləri kimi uzun və çox qatlı tostlar deyib, narazılığını və ya lütfünü incə-incə çatdırıb.

sot-3.jpeg

1942-ci ilin avqustunda Uinston Çörçillin şərəfinə verilən ziyafət zamanı Stalin digərlərinə diqqət yetirsə də, qaldırdığı otuz tostdan heç birində qəsdən onun adını çəkməyib. Böyük Britaniyanın baş nazirinin narazılığı bir çox şahidlər tərəfindən qeydə alınıb və bu, Stalinin strategiyasının bir hissəsi olub.
Beynəlxalq konfranslarda da Stalinin süfrəsi öz möhtəşəmliyini heç vaxt itirməyib. Tehranda, Yaltada — hər yerdə sovet nümayəndə heyəti şam yeməyini siyasi alətə çevirib. ABŞ prezidenti Franklin Ruzvelt bir dəfə sovet şampanını tərifləyib və ertəsi gün bütöv qutu ona hədiyyə edilib.

Yaltada isə müttəfiqləri adət etdiyi kimi sendviçlərlə deyil, kərə yağı, kürü və nəhəng balıqla qarşılayıblar ki, heç kim SSRİ-nin səxavətinə və qüdrətinə şübhə etməsin.

sot-4.jpeg

Bu yeməklər təkcə qonaqpərvərlik aktı olmayıb. Onlar diqqətlə qurulmuş tamaşalar olub, burada qastronomiya bəlağətli nitqləri əvəz edib və menyu istənilən notdan daha yüksək səslə danışıb. “Biz kərə yağı və ya kürüyə qənaət etmədik” deyə iştirakçılar xatırlayıblar. Müttəfiqlər evlərinə təkcə danışıqlardan deyil, həm də ziyafətlərdən təsirlənərək qayıdıblar.

Gündəlik həyatında İosif Vissarionoviç “sadəlik” görünüşünü qoruyub saxlayıb. Kələm, balıq və şorbalar ayrıca masada verilib. Əsas yemək üçün ət, quş əti və balıq olub. Rəhbərin sevimliləri bildirçin, ördək və qovrulmuş quzu təşkil edib. O, siyənək balığını və hisə verilmiş Xəzər şamayısını çox sevib. Həyat yoldaşının ölümündən sonra onun pəhrizi daha müxtəlif, yeməkləri isə daha uzun olub.

sot-5.jpeg

Rəsmi ziyafətlər və qeyri-rəsmi toplantılar Stalin üçün sadəcə istirahət olmayıb. Onlar “qüdrətin” dili, xəbərlərdən məlumatlı olmaq və əmrsiz idarə etmək üçün bir yol olub. Masa arxasında şən Stalin hər yeməyin bir alt mətn daşıdığı möhtəşəm siyasi tamaşanın rejissoru olub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Seçilən
13
musavat.com

1Mənbələr