Bakı, 30 oktyabr, AZƏRTAC
Nik Nvolisa Xəzər Universitetində təhsil almaq üçün Azərbaycana gəldiyi vaxtdan bizimlə tanış olub və sonradan Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü kimi fəaliyyət göstərib. Onun Azərbaycana, Qarabağa və ölkəmizin digər bölgələrinə səfərləri uzun illər davam edib. Bu səfərlər Avropadan Amerikaya, Trinidad-Tobaqo və Tayvana qədər uzanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
O bildirib ki, “Mənim Qarabağa səfərim” nəşri, əslində, Azərbaycanın təbliğinə xidmət edən kitabıdır. Burada Azərbaycanın problemləri, Qarabağ mövzusu, həmçinin xalqımızın mübarizəsi və qələbəsi əks olunub. Nik Nivalisa əsəri miqrant gözü ilə yazıb, bu da kitabı unikal və maraqlı edir.
“Mənim Qarabağa səfərim” kitabı son bir ay ərzində əcnəbi dildə ən çox satılan kitablar sırasındadır. Bu kitab həm Azərbaycanın keçmişini, həm də mübarizə və qələbə hekayəsini oxuculara çatdırır. Belə nəşrlərdən daha çox olmalıdır, çünki onlar ölkəmizi xarici oxuculara tanıtmaqla yanaşı, insanlara ilham verir və dəstək göstərir.