AZ

Britaniyanın maliyyə naziri evini kirayə verərkən qaydaları pozduğunu etiraf edib

London, 30 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz evini icarəyə verərkən qaydaları pozduğunu etiraf edib.

AZƏRTAC xəbər verir ki, R. Rivz baş nazirə məktubunda Londondakı evini icarəyə vermək üçün tələb olunan lisenziyanı almadan kirayəyə verdiyini etiraf edib və bu səhvini səmimi şəkildə üzr istəyərək anlamsız bir yanlışlıq adlandırıb.

Baş nazir isə müstəqil etika müşaviri ilə məsləhətləşdikdən sonra əlavə araşdırmaya ehtiyac olmadığını bildirib və məsələnin bağlana biləcəyini açıqlayıb. Mühafizəkarlar isə hadisə ilə bağlı araşdırma aparılmasını və Rivzin vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.

Məlumata görə, Reyçel Rivz məktubunda yazıb ki, ötən il Dauninq Stritə köçdükdən sonra Londonun cənubundaki Sautverk bölgəsindəki evini icarəyə verərkən lisenziya tələb olunduğundan xəbərsiz olub: “Bu, təsadüfi bir səhv idi. Məsələ mənə bildirildikdən dərhal sonra lisenziya üçün müraciət etdik. Bu yanlışlığa görə səmimi şəkildə üzr istəyirəm”.

R. Rivzin ailə evi Leyboristlərin 2024-cü ilin iyulundakı seçkilərdə qələbəsindən sonra aylıq 3 min 200 funt sterlinqə icarəyə verilib. Sautverk Şurası bu ərazidəki bütün şəxsi ev sahiblərindən xüsusi lisenziya tələb edir. Bu lisenziyalar yaşayış şəraitinin keyfiyyətini artırmaq, cinayətkarlıqla mübarizə aparmaq və mənzil bazarına tələbi dəstəkləmək məqsədi daşıyır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
15
1
azertag.az

2Mənbələr