AZ

Ermənistanın “dostluq təşəbbüsü”: İrəvan sammitinə dəvət – sülh niyyəti, yoxsa diplomatik manevr?

Cənubi Qafqazda sülh danışıqları ilə paralel olaraq Ermənistan diplomatiyası yeni addımlar atmaqda davam edir. Rəsmi İrəvanın növbəti “yumşaq tonlu” jesti isə gələn ilin yazında baş tutacaq Avropa Siyasi Birliyinin 8-ci sammiti ilə bağlıdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Azərbaycan və Türkiyə bu tədbirə şifahi şəkildə dəvət olunublar.

Maraqlıdır, İrəvan bu sammit vasitəsilə bölgədə sülh prosesi üçün yeni səhifə açmaq istəyir, yoxsa bu, sadəcə diplomatik görüntü yaratmaq cəhdidir? Azərbaycan bu tədbirdə hansı səviyyədə təmsil oluna bilər?

Editor.az məsələ ilə bağlı beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı ilə danışıb. Ekspert bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan gələcəyin qaranlıq olduğunu artıq anlayır:

“Amma rəsmi dəvətlərin göndərilməməsi onu deməyə əsas verir ki, hələ heç nə konkret deyil. Düşünürəm ki, rəsmi dəvət gəlsə belə, Azərbaycan və Türkiyə prezidentləri həmin sammitdə iştirak etməyəcəklər. Bununla belə, rəsmi nümayəndə heyətləri – məsələn, xarici işlər nazirləri səviyyəsində təmsilçilik mümkündür. Hələ yarım il var, bu müddətdə çox şey dəyişə bilər. Hazırkı proseslər müsbət istiqamətdə gedir və bu tədbir, bəlkə də Cənubi Qafqaza sülh gətirə bilər”.

Abbaslı hesab edir ki, sülh üçün əsas şərt Ermənistan Konstitusiyasında dəyişikliklər edilməsidir, çünki sənəddə hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları qalır:

“Paşinyan bu dəyişikliklərə hələ getməyəcək. Çünki gələn ilin yayında Ermənistanda parlament seçkiləri var və referendum keçirilsə, seçkiləri uduza bilər. Buna görə də yazda keçiriləcək sammitdə Azərbaycan və Türkiyə prezidentlərinin iştirak etməyəcəyi demək olar ki, dəqiqdir. İrəvanın bu addımında “erməni hiyləgərliyi” elementi də ola bilər. Onlar sonradan ‘biz dəvət etdik, gəlmədilər’ deyə bilər. Amma hələ rəsmi dəvət olmadığı üçün nəsə demək tezdir. Şifahi dəvət diplomatiyada ciddi hesab edilmir. Gözləyək, proseslərin inkişafı hər şeyi göstərəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr