AZ

Ustad tarzən Qurban Pirimovun anadan olmasının 145 ili tamam olur

Bu gün Azərbaycanın Xalq artisti, görkəmli tarzən və musiqi sənətinin nəhəngi Qurban Pirimovun doğum günüdür.

Doğru.az xəbər verir ki, anadan olmasının 145-ci ildönümü tamam olan sənətkar Azərbaycan musiqisi tarixində özünəməxsus məktəb yaradıb.

1905-ci ildə Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu gənc tarzənin ifasını bəyənərək onu Bakıya gətirib. Elə bu tanışlıqdan sonra Qurban Pirimovun böyük səhnə həyatı başlayıb. O, bir çox məşhur xanəndələri müşayiət edib, xüsusilə Xan Şuşinski ilə uzun illər səhnə yoldaşı olub.

Xan Şuşinski onu belə xatırlayırdı:

“O, 85 yaşında belə səhnəyə çıxıb ‘Rahab’ muğamını 23 dəqiqə ifa etdi. Dinləyicilər onu ayaqüstə alqışlayır, dəfələrlə səhnəyə dəvət edirdilər.”

Tarzənin sənətinə olan sevgisi, özünəməxsus çalğı tərzi və sədəfli tarından süzülən musiqi illərlə dinləyicilərin qəlbini fəth edib.

Xalq artisti Canəli Əkbərov da ustadı belə xatırlayıb:

“Erməni tarzəni Bala Merkomyanla səhnə yarışında Qurban əminin ‘Bayatı Şiraz’ ifasından sonra rəqibi tarı qoyub, səhnəni tərk etmişdi.”

1931-ci ildə Xalq artisti adına layiq görülən Qurban Pirimovun sənəti bu gün də davam etdirilir. Onun məşhur kəlamı bu gün də aktualdır:

“Öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun.”

Sənətkar 1965-ci il avqustun 29-da dünyasını dəyişib. Lakin onun yaratdığı tar məktəbi və ifa tərzi bu gün də yaşayır.

Qurban Pirimovun nəvəsi, Xalq artisti, bəstəkar Sevda İbrahimova babası barədə deyib:

“Babam mənim musiqi dünyasına bağlanmağımda böyük rol oynayıb. Ailəmizdə hər tədbirdə o tarda, mən isə fortepianoda ifa edirdim.”

Qeyd edək ki, tarın hazırlanması və tar ifaçılığı sənəti 2012-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsimizin qorunmasına göstərdiyi xüsusi diqqətin nəticəsidir.

DOĞRU.AZ

Seçilən
31
1
dogru.az

2Mənbələr