Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində doğulub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinə daxil olub. 1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib.
2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrnda aktrisa kimi fəaliyyətə başlayıb. Teatrda işlədiyi müddət ərzində o, bir çox obrazları özünəməxsuz tərzdə canlandırıb. Bir çox filmlərdə və seriallarda çəkilib. Eyni zamanda televiziya kanallarında da yumoristik verlişlərdə çıxış edib.
“Yeni Sabah” Əməkdar artist Ülviyyə Əliyeva ilə müsahibəni təqdim edir: Marqarita pizza
- Ülviyyə xanım, hazırda nə işlə məşğul olursunuz?
- Hazırda Akademik Musiqili Teatrnda fəaliyyət göstərirəm. Eyni zamanda ATV kanalında yayımlanan “İki qapı arasında” serialında çəkilirəm. Yaxın günlərdə Xəzər Tv-də də yeni layihəm başlayacaq. “Qırmızı çamadan” adlı layihəmiz bazar günləri saat 13:00-da efirdə olacaq.
- Sizi tamaşaçıya sevdirən əsasən hansı rollarınız oldu - komediya yoxsa dram? Ümumiyyətlə, bu iki janr arasında özünüzü daha rahat hiss etdiyi məkan hansıdır?
- Özümü hər iki janrda çox rahat hiss edirəm. İstər dram olsun, istərsə də komediya. Lakin məni tamaşaçıya ən çox hansı rolun sevdirməsini tamaşaçılar daha yaxşı bilər. Bu barədə bir söz deyə bilmərəm.

- Film və serial təkliflərini necə qiymətləndirirsiniz? Hazırda da seriala çəkilirsiniz. Ümumiyyətlə təklif alarkən əsasən nəyə diqqət edirsiniz?
- Film və seriallara dəvət alarkən ilk növbədə oynayacağım obrazla maraqlanıram. Daha sonra işləyəcəyim komandanın kimlərdən ibarət olmasına diqqət edirəm. Çox şükür ki, bu günə qədər yanıldığım məqamlar olmayıb. Hər zaman ürəyim istəyən insanlarla bir ortamda olmuşam.
- Hazırda Azərbaycanın teatr və kino sahəsindəki durumu necə qiymətləndirirsiniz? Sizcə, keyfiyyətli və dərin ssenarilər varmı? Ən çox nəyin çatışmadığını düşünürsünüz?
- Bu gün filmlərdə və seriallarda əsas çatışmayan cəhət maliyyədir. Çünki hər şeyin başında pul dayanır. Maddiyyat yaxşı olanda ortaya daha peşəkar və uğurlu iş qoymaq olur. Çünki əldə vəsait olanda daha peşəkar ssenaristlər, rejissorlar, operatorlar və aktyorlarla çalışırsan. Bu gün bizim çox peşəkar ssenaristlərimiz var. Lakin maddiyyat az olanda ortaya keyfiyyətli iş çıxartmaq çətinləşir. İllərdir bunun nəticələrini görürük. Zamanında “Üç bacı” serialına dövlət maliyyə vəsaiti ayırmışdı deyə ortaya yaxşı iş çıxarda bilmişdik. O çəkilişdə peşəkar insanların əməyindən yararlanmışdıq. Bütün bunlara nəzər salanda görürük ki, bu gün bizim əsas problemimiz pulsuzluqdur.
- Son illər daha çox “Cırtdan” tamaşasında rol alırsınız. Sizinçün uşaq tamaşalarında oynamaq daha rahatdır, yoxsa böyüklər üçün səhnəyə çıxmaq?
- Əvəllər Dövlət Kukla Teatrında da çalışmışam. Ona görə istər uşaq olsun, istərsə də böyük mənim üçün fərq etmir. Hər bir tamaşaçı bizim üçün özəldir. Lakin indi insanların diqqətini çəkmək çox çətindir. Xüsusilə də uşaqların. Səhnədə 45-50 dəqiqə ərzində insanların diqqətini öz üzərinə çəkmək o qədər də asan deyil.

- Kitab oxuyursunuzmu? Müasir yazarlarımızdan kimləri tanıyırsınız?
- Əlbəttə. Kitab oxumağı sevirəm. Mənə görə Çingiz Abdullayev hər zaman diqqət mərkəzindədir. Onun kitablarını oxumaqdan zövq alıram.
- Aktrisa olaraq ictimai diqqət mərkəzində olmaq şəxsi həyatınıza necə təsir edir? Ailə ilə işi bir arada tutmaq çətin olmur?
- Mənimçün ictimaiyyətin diqqətində olmaq narahatlıq yaratmır. Əksinə, çox xoşdur. Çünki bunu əziyyətlərimin bəhrəsi kimi qiymətləndirirəm. Ailə həyatıma da hər hansı çətinliklə rastlaşmıram. Aktrisa olmasam, başqa işdə çalışacaqdım. Yəni hər zaman belə olacaqdı. Əsas olan odur ki, evimin işlərini də vaxtlı-vaxtında görə bilirəm, ona görə də ailədə də heç bir problem yaşamıram.
- Oynadığınız obraz sizi nə vaxtsa psixoloji olaraq yorubmu?
- Belə bir halla rastlaşmamışam. Yəni oynadığım heç bir rol məni psixoloji olaraq yormayıb. Canlandırdığım hər bir obraza sevgi ilə yanaşmışam. Hər obrazdan da ayrıca zövq almışam.
- Sənətdə hələ də canlandırmaq istədiyiniz, xüsusi olaraq arzuladığınız bir rol və ya janr varmı?
- Arzusunda olduğum obraz muzikldır. Bunu hər zaman hər yerdə deyirəm, deyəcəm də. Çox istərdim ki, hansısa muziklda rol alım.

- Sənət adamları üçün tənqidlə yaşamaq vacibdir. Tənqidlərə münasibətiniz necədir - onları necə qəbul edirsiniz və yaradıcılığınıza təsiri nə dərəcədədir?
- Əgər o tənqidi işini bilən, bu sənətdən başı çıxan peşəkar biriləri deyirsə, mən hər zaman onlara təşəkkürümü bildirirəm. Bir var ki, bunu bir nəfər görür, bir də var ki, tamaşaçının önündə çıxış edəndə hamı görür. Hətta tamaşalarda çıxış edəndə belə, sənətkarlarımızdan xahiş edirəm ki, kənardan mənə baxaraq səhvlərimi bildirsinlər.
- Sizin də iştirak etdiyiniz “Çal çağır şou”su bir zamanlar çox populyar idi. Hazırda Dilarə Əliyeva ilə münasibətləriniz necədir? Tünzalə xanımın qızı ilə görüşürsünüzmü? Ona hansısa formada dəstək olursunuzmu?
- Allah Oqtay Əliyevə rəhmət etsin. Heç vaxt onun haqqını itirə bilmərəm. Məni əvvəlcə Rafael və Coşqun, sonra isə İzzət Əzizov “Hərənin öz payı, öz tayı” filmi ilə tamaşaçılara tanıtdı. Sonralar isə “Çal çağır şou” məni bütün Azərbaycanda məşhurlaşdırdı. Dilarə Əliyeva ilə də çox gözəl münasibətimiz var. Tez-tez görüşməsək də, iş və sənətlə bağlı, eyni zamanda müəyyən məclislərdə də bir araya gəlirik. Tünzalə Əliyeva mənim bacım idi. Zəhra da bacımın balasıdır. Hər zaman arxasındayam. Bir xala kimi hər zaman da yanındayam. Allah atasına da can sağlığı versin.
Aydan Hacı
Telegram kanalımız