AZ

Qadınlarda hormonal balanssızlığın əsas simptomları açıqlandı

Hormonal balanssızlıq bədəndə hormon istehsalının pozulması nəticəsində yaranır və bu hal hormonların ya həddindən artıq, ya da çatışmaz miqdarda ifraz olunması ilə özünü göstərə bilər.

Editor.az xəbər verir ki, endokrinoloq Alina Alkaşeva bu vəziyyətin əsas səbəbləri və diqqət edilməli simptomlar barədə məlumat verib.

Mütəxəssisin sözlərinə görə, hormonal balanssızlıq adətən hormon istehsal edən orqanların – tiroid vəzisi, adrenal vəzilər, hipofiz vəzi, yumurtalıqlar və mədəaltı vəzinin fəaliyyətində yaranan pozğunluqlardan qaynaqlanır. Həmçinin stress, xroniki yorğunluq, nizamsız qidalanma, zərərli vərdişlər və aşağı fiziki aktivlik də bu vəziyyətin formalaşmasında mühüm rol oynayır.

“Hormonal disbalansın ən çox rast gəlinən əlamətlərinə səbəbsiz çəki artımı və ya arıqlama, menstrual dövr pozuntuları, libidonun azalması, yuxu problemləri, gündüz yuxululuğu və əhval dəyişikliyi daxildir. Bəzi hallarda hirsutizm – yəni üzdə, sinədə və ya kürəkdə həddindən artıq tüklənmə də müşahidə oluna bilər”, – deyə Alkaşeva bildirib.

Həkim xəbərdarlıq edib ki, hormonal disbalans reproduktiv sağlamlıq üçün ciddi fəsadlara səbəb ola bilər. Müalicə olunmadığı təqdirdə bu vəziyyət sonsuzluq və aşağı düşmə riskini artıra bilər.

Endokrinoloq düzgün diaqnoz üçün hormonal profil üzrə laborator analizlərin, eləcə də instrumental müayinələrin aparılmasını tövsiyə edir. Müvafiq müayinələrdən sonra həkim fərdi müalicə planı təyin etməlidir.

Alkaşeva qeyd edib ki, hormonal balanssızlığın qarşısını almağın ən effektiv yolu sağlam həyat tərzi saxlamaqdır:

“Profilaktika balanslaşdırılmış qidalanma, adekvat yuxu, müntəzəm fiziki aktivlik və emosional sabitliyin qorunmasını əhatə edir. Bundan əlavə, potensial problemlərin vaxtında aşkarlanması üçün ginekoloq və endokrinoloqun profilaktik müayinələrindən keçmək də vacibdir”, – deyə mütəxəssis vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr