Bakı Gənclər Mərkəzində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialının açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Çin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu əməkdaşlıq mədəniyyət, təhsil və humanitar sahələrdə də uğurla inkişaf edir. Bu istiqamətdə həyata keçirilən layihələr xalqlar arasında dostluq və qarşılıqlı anlaşmaya mühüm töhfə verir.
Tədbir çərçivəsində Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov və Çin tərəfdən direktoru Li Jihua arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş Azərbaycan və Çin gəncləri arasında təhsil, mədəniyyət və dil mübadiləsinin genişləndirilməsini, birgə layihə və proqramların həyata keçirilməsini nəzərdə tutur.
Mərasimdə, həmçinin Azərbaycan və Çin milli rəqsləri nümayiş olunub, çinli müəllimlərin əl işlərindən ibarət sərgi təqdim edilib və ənənəvi çay mərasimi təşkil olunub.