AZ

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında -Türk-Azərbaycandilli yazılarda

On ikinci yazı

Kənd həyatından bəhs edən yazılar -1970-ci  illərin əhatəsi

İkinci  hissə

Arçut kəndi -1976-1979-cu illərin nəşrlərinin səhifələrində

Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının, Yaqublu (Quqark) rayonunun Arçut kəndi XX əsrin ortalarında və 70-80-ci illərində tərəqqi, çiçəklənmə dövrünü yaşamış, inkişaf mərhələsinə qədəm qoymuşdur. Kənd təsərrüfatında əsaslı dönüş yaranmış, kolxoz sovxozla əvəz edilmiş, kənddə infrastruktur yaradılmış, kəndin elektriklə, telefonla təmin edilməsi həyata keçirilmişdir. Bu qədim yaşayış məskənində poçt və rabitə xidmətləri yaxşılaşdırılmış, şəhərlə əlaqədə avtobus nəqliyyatının əhəmiyyəti artmış, yeni mədəniyyət klubu fəaliyyətə başlamışdır. Yeni və müasir tələblərə cavab verən məktəb binası inşa olunmuş, məktəblərdə mədəniyyət dərnəklərinin fəaliyyəti gücləndirilmişdir. Mədəni tədbirlər geniş vüsət almışdır.  Təsərrüfatlarda mexanizmlərin tətbiqi üsulları genişləndirilmişdir. Qeyd edilən dövrdə yaşayıv evlərinin, təsərrüfatların sayı artmış, yeni-yeni ailələr formalaşmışdır. Əməkdə fərqlənməyə görə kənd sakinləri orden və medallarla təltif edilmişdir.  Bu və digər proseslər mətbuat səhifələrində geniş işıqlandırılmışdır.

Qəzetin 10 fevral 1976-cı il tarixli, N16(10284) sayında, Ş.Dilbazovun imzası ilə dərc olunan “Əzmlə çalışırlar” başlıqlı məqalədə bu kimi fikirlər yer alırdı: “Quqark rayonundakı Arcut sovxozunun əməkçiləri Sov.İKP XXV qurultayını alınıaçıq qarşılamaq üçün sosializm yarışına qoşulmuşlar. Sovxozun maldarları onuncu beşilliyin birinci ilini yüksək əmək nailiyyətləri ilə başa vurmaq üçün əzmkarlıq göstərirlər. Fermada 520 baş qaramal bəslənilir ki, bunların da 203 başı inəkdir. Maldarların yaxşı işinin nəticəsidir ki,  dövlətə satılan ətin keyfiyyəti həmişə yüksək olur. Sağıcılar hər inəkdən 1350 litr əvəzinə 1400 litrdən artıq süd sağmağa söz vermişlər. Qabaqcıl sağıcılardan Güllü Əmiraslanova, Gülnaz Nəsibova bu il hər bir inəkdən sağılan südün miqdarını iki qat artırmağa söz vermişlər. Fermanın əməkçiləri bu il dövlətə 300 sentner ət və 2300 sentner süd satmağı öhdələrinə götürmüşlər. Arcut sovxozunun heyvandarları partiyamızın XXV qurultayını ləyaqətlə qarşılamaq üçün əzmlə çalışırlar”.

Qəzetin 10 aprel 1976-cı il tarixli, N42 (10310) sayında,  dərc olunan “Tam hazırlıqla” başlıqlı məqalədə bu kimi fikirlər əksini tapırdı: “Quqark rayonunun Arçut kəndində xalq məhkəmələrinə seçkiləri tam hazırlıqla qarşılayırlar. Seçicilərin siyahısı dəqiq tərtib edilmiş, bir nəfərin belə seçkilərdən kənarda qalmaması üçün tədbirlər görülmüşdür. Kənd təşviqatçıları məhəllələrdə, iş yerlərində zəhmətkeşlər qarşısında sovet seçki sisteminin üstünlüklərindən söhbət açırlar”.

Qəzetin 20 aprel 1976-cı il tarixli, N46(10314) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan yazıda bu kimi fikirlər qeyd edilirdi: “Quqark rayonundakı Arcut kənd orta məktəbinin müəllim və şagirdləri Lenin iməciliyində fəal iştirak edərək sinif otaqları, fənn kabinələri və lboratoriyalarının təmizlənib qaydaya salınmasında, məktəbətrafı ərazinin yaşıllaşdırılmasında  fəal iştirak etmişlər. Şagirdlər 2.5 ton metal və 250 kiloqram kağız qırıntısı toplayıb təhvil vermişlər”.

Qəzetin 12 iyun 1976-cı il tarixli, N69(10337) sayında, Ramiz Məşədiyevin imzası ilə dərc olunan, “Məşəlin konseti” başlıqlı məqalədə  belə yazılırdı: “Quqark rayonundakı Arçut kəndindəki orta məktəbin “Məşəl”mahnı və rəqs ansamblı 1972-ci ildə təşkil olunmuşdur. Bu müddət ərzində kollektiv zəngin təcrübə toplamış, rayonda, habelə qonşu Spitak rayonunda böyük hörmət qazanmışdır. Ancambl tez-tez qastrola çıxır, müxtəlif yerlərdə zəngin proqramla konsertlər verir. İ.İsmayılovun rəhbərlik etdiyi bu özfəaliyyət kollektivinin üzvləri əsas etibarilə yuxarı sinif şagirdlərindən ibarətdir. Ansambl bu günlərdə Spitak rayonunda müvəffəqiyyətlə çıxış etmişdir”.

Qəzetin 27 iyul 1976-cı il tarixli, N68(10356) sayında, Həsən İsgəndərovun imzası ilə dərc olunan, “Yem tədarükü. Qüvvələr səfərbərliyə alınmışdır”, başlıqlı məqalədə bu kimi fikirlərə rast gəlinirdi: “Quqark rayonunun kənd əməkçiləri indiki günlərdə bol yem tədarük edirlər. Onlar cari təsərrüfat ilində 16.500 ton ot, 16.500 ton silos, 3500 ton senaj, 1300 ton bəlim tədarük etməyi qarşılarına məqsəd qoymuşlar.   Rayonun böyük təsərrüfatlarından biri olan Arcut sovxozunun əməkçiləri ilyarımlıq yem tədarükü etmək üçün böyük səylə çalışırlar. Təsərrüfatın kollektivi bu il 700 ton ot, 250 ton bəlim, 750 ton silos və 200 tondan çox senaj hazırlamaq uğrunda mübarizə aparır. Kənd zəhmətkeşləri mal-qaranı nümunəvi bəsləmək, heyvandarlığı bol yemlə təmin etmək üçün bu günlərdə kütləvi surətdə bu məsul kampaniyada iştirak edirlər. Hazırda ot biçininin qızğın günləridir. Sovxozun 12 yük avtomaşını, traktor və digər mexanizmlər bu məqsədlə səfərbərliyə alınmışdır. Təsərrüfatın mexanizatorları Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev yoldaşın ölkəmizin qabaqcıl mexanizatorlarına cavab məktubundan daha da ruhlanaraq yem tədarükünə böyük həvəslə başlamışlar. Hazırda 13 mexanizator bu sahədə qüvvə və bacarığını əsirgəmədən çalışır. Yasin Məmmədovun başçılıq etdiyi briqadanın kollektivi ot biçini və yem tədarükündə irəlidə gedir. Qabaqcıl mexanizatorlardan Rəsul Çəltikov, Mürfəddə Cinoyev, Məsim Əhmədov, fəhlələrdən Əsəd Çəltikov, İsa Əhmədov, Misir Nəsibov və bir çox başqaları yem tədarükündə böyük fəallıqla işləyirlər. Qabaqcıl manqabaşçıları Güləbatın Xəlilova, Tamam Osmanova yem toplanışında gündəlik tapşırıqlarını artıqlaması ilə yerinə yetirirlər. Təsərrüfatda ilyarımlıq yem ehtiyatı yaratmaq üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. Hər bir əməkçi özünə tapşırılan vəzifəni artıqlaması ilə yerinə yetirmək uğrunda var qüvvəsini əsirgəmədən çalışır”.

Qəzetin 5 oktyabr 1976-cı il tarixli, N118(10386) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Bizə yazırlar. Quqark. Plandan əlavə”, başlıqlı yazıda bu kimi sətirlər yer alırdı: “Arcut sovxozunda dənli bitkilərin məhsul toplanışı qurtarmışdır. Planla nəzərdə tutulan 14 sentner əvəzinə hər hektardan 20 sentner taxıl götürülmüş və dövlətə 600 sentner çox məhsul təhvil verilmişdir. Arcutlular onuncu beşilliyin ikinci ilində daha yüksək göstəricilərə nail olmaq məqsədilə məhsulu yığılan sahələri dərhal şumlayırlar. Rayonun Jdanov, Lernabad sovxozlarında və Darbas kənd kolxozunda da yüksək məhsul götürülmüşdür”. Həmin məqalənin tərkib hissəsi olaraq, “Günəş Quqarkda” başlıqlı yazıda isə bu kimi fikirlərə rast gəlinirdi: “Rayona tez-tez mahnı və rəqs ansamblları qonaq gəlir. Onlar kəndlərdə, tarlalarda, yaylaqlarda konsertlər verib zəhmətkeşlərin rəğbətini qazanırlar. Bu günlərdə Azərbaycan SSR Kirovabad şəhər mədəniyyət evinin “Günəş” mahnı və rəqs ansamblı buraya qastrola gəlmişdi. Kollektiv rayonun Hallavar, Lernabad, Gözəldərə, Arcut və digər kəndlərində mahnı və rəqslərlə çıxış etmişdir. Hər yerdə ansamblın çıxışları alqışlarla qarşılanmışdır”.

Qəzetin 18 yanvar 1977-ci il tarixli, N8(10432) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Məktəblilərin səyi ilə” başlıqlı kiçik yazıda bu sətirlər diqqəti çəkirdi: “Qış tətil günlərində Quqark rayonu Arcud kənd orta məktəbinin şagirdləri 2.5 ton metal qırıntılar toplayıb təhvil vermişlər. Şagirdlərdən Nizami Qurbanov, Aftandil Nəbiyev və başqaları bu işdə daha fəal iştirak edirlər”.

Qəzetin 1 fevral 1977-ci il tarixli, N14(10438) sayında, Ermənistan SSR kənd təsərrüfatı qabaqcıllarının SSRİ orden və medalları ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1976-cı il tarixli Fərmanı”nın surəti dərc olunmuşdur.   Həmin sənədə əsasən, Quqark rayonunun Arcut sovxozunun traktorçu- maşinisti Əmiraslanov İsmayıl Hüseyn oğlu “Şərəf Nişanı”  Ordeni ilə təltif olunmuşdur.

Qəzetin 17 fevral 1977-ci il tarixli, N21(10445) sayında, Quqark rayonu Arcud kənd sakini Şükür Qurbanovun imzası ilə dərc olunan “Xidmət yaxşıdır” başlıqlı məqalədə bu kimi sətirlər yer alırdı: “Kəndimizdə əhaliyə mədəni xidmət günü-gündən yaxşılaşır. Klubda tez-tez yeni filmlər göstərilir, qabaqcıllarla görüşlər təşkil olunur. Özfəaliyyət dərnəyinin tamaşalarına həvəslə baxırıq. İndiki günlərdə klub zəhmətkeşlərin ən çox sevdiyi yerdir”.

Qəzetin 17 mart 1977-ci il tarixli, N33(10457) sayında, Nizami Qurbanovun imzası ilə dərc olunan “Özfəaliyyət dərnəyi” başlıqlı yazıda bu kimi cümlələr əksini tapırdı: “Quqark rayonundakı Arcut kənd məktəbində bir neçə özfəaliyyət dərnəyi işləyir. Yuxarı sinif şagirdləri bu dərnəklərdə fəal iştirak edir, öz istedadlarını göstərirlər. Dram dərnəyinin üzvləri dəfələrlə məktəb səhnəsində və kənd klubunda maraqlı tamaşalar göstərmişlər. Dərnəyə müəllim İsmayıl İsmayılov başçılıq edir. Şagirdlərdən Pakizə Məmmədova, Dürrə Təmrəzova, Musa Əmiraslanov, Rauf Məmmədov və başqaları xüsusilə fərqlənirlər. Bu günlərdə dərnəyin üzvləri Ə.Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsərini göstərmişlər. Tamaşa müvəffəqiyyətlə keçmişdir. O, valideynlərə və şagirdlərə xoş təsir bağışlamışdır”.

Qəzetin 12 aprel 1977-ci il tarixli, N44(10468) sayında, Tahir Məmmədovun imzası ilə  dərc olunan, “Gənc kimyaçılar” başlıqlı məqalədə yazılırdı: “Quqark rayonunun Arcut kənd orta məktəbində “Gənc kimyaçılar” dərnəyi fəaliyyət göstərir. Kimya müəllimi Məmməd Çəltikovun rəhbərlik etdiyi bu dərnəyin məşğələləri kənd klubunda keçirilir. Məşğələlərdə kənd zəhmətkeşləri də iştirak edirlər. Kənd ziyalılarından Ş.Əhmədov, R.Alıyev, Q.Osmanov və M.Hüseynova sovet kimya elminin müxtəlf sahələrinə dair maraqlı və məzmunlu mühazirələr oxumuş, təcrübələr keçirmişlər. Sonda məktəbin özfəaliyyət dərnəyinin konserti olmuşdur. Bu günlərdə məktəblərdə görüş keçirilmişdir. Şagirdlər Sovet Ordusu  sıralarında xidmət edən H.Rəfiyev və Z. Qasımov yoldaşlarla görüşmüşlər. Qonaqlar ordu sıralarında xidmətin şöhrətindən, gənclərin vətənpərvərlik tərbiyəsində  bunun böyük əhəmiyyətindən danışmışlar. Sonra onlar yuxarı sinif şagirdlərinin verdikləri bir sıra suallara cavab vermişlər”.

Qəzetin 21 aprel 1977-ci il tarixli, N48(10472) sayında, Ermənistan SSR rayon və şəhər (respublika tabeliyində) zəhmətkeş deputatlar Sovetlərinə seçkilər üçün rayon və şəhər komissiyaları tərkibinin təsdiq edilməsi haqqında sənədin mətni dərc olunub. Həmin sənədə əsasən, Arcut sovxozunun LKGİ təşkilatından Nəsibova Gülnaz Əli qızı da seçki komissiyasının üzvü seçilib.

Qəzetin 28 aprel 1977-ci il tarixli, N51(10476) sayında, Ş. Dilbazovun imzası ilə dərc olunan “Səylə çalışırlar” başlıqlı yazıda bu kimi fikirlərə rast gəlinirdi: “ Quqark rayonundakı Arçut sovxozunun heyvandarları bu il dövlətə 330 sentner ət və 2.330 sentner süd satmağı planlaşdırmışlar. Planın yerinə yetirilməsi uğrunda bütün heyvandarlar var qüvvə ilə çalışırlar. Böyük Oktyabrın yubileyi şərəfinə əmək növbəsində duran heyvandarlar birinci rübün tapşırıqlarını  artıqlamasilə yerinə yetirmişlər. Planla nəzərdə tutulmuş 60 sentner əvəzinə dövlətə 122 sentner ət, 320 sentner əvəzinə 432 sentner süd təhvil verilmişdir. Heyvandarlar yarımillk planların vaxtından əvvəl yerinə yetirilməsi uğrunda  səylə mübarizə aparırlar. Qabaqcıllardan Nazlı Əhmədova, Fatma Mansurova,  Qubalı Əmiraslanova gündəlik süd sağımını artırmaq üçün bütün tədbirlərdən bacarıqla istifadə edirlər. Onlar  illik süd təhvili planını yubiley gününədək yerinə yetirməyə cəhd edirlər”.

Qəzetin 31 may 1977-ci il tarixli, N65(10489) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “İmtahan qarşısında” başlıqlı məqalədə bu kimi fikirlərə rast gəlinirdi: “ Dərs ili başa çatır. Hər yerdə olduğu kimi, Arcut orta məktəbində də ilaxırı imtahanlara hərtərəfli hazırlıq aparılır. Bu il məktəbin X siniflərini 90 nəfər, VIII siniflərini isə 63 şagird bitirəcəkdir. Məktəbdə imtahanlara ciddi hazırlıq işləri aparılır. Əlavə məşğələlərdə müəllimlər şagirdləri  maraqlandıran sualları aydınlaşdırır və lazımi məsləhətləri verirlər. Fənn  kabinələri, laboratoriya şagirdlərin ixtiyarına verilmişdir. Onlardan bir çoxları məktəbi bitirdikdən sonra ali məktəblərdə təhsillərini davam etdirməyi, bəziləri isə təsərrüfatda ictimai faydalı əməklə məşğul olmağı qərara almışlar”.

Qəzetin 9 iyun 1977-ci il tarixli, N69(10493) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan “Veteranla görüş” başlıqlı yazıda bu kimi sətirlərə rast gəlinirdi: “Quqark rayonunun Arçut kənd məktəbində Leninqradın müdafiəsində qəhrəmancasına iştirak etmiş həmyerlimiz, Leninqrad şəhərinin fəxri vətəndaşı Qəhrəman Quliyevlə görüş keçirilmişdir. Görüşdə Q.Quliyev yoldaş Böyük Vətən Müharibəsi zamanı 900 gün  Leninqradı necə müdafiə etdiklərindən maraqlı epizodlar söyləmişdir. Görüş toplaşanlara xoş təsir bağışlamışdır”.

Qəzetin 10 sentyabr 1977-ci il tarixli, N109 (10533) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan “Bol məhsul” başlıqlı məqalədə bu kimi sətirlər yer alırdı: “Böyük Oktyabrın yubileyi şərəfinə əmək növbəsində duran Quqark rayonunun Arcud sovxozunda bol taxıl məhsulu götürülür. Sovxozun taxılçıları bu il 90 hektar sahədə məhsul yetişdirmişlər. Taxıl biçini müvəffəqiyyətlə həyata keçirilir. Kommunist mexanizator İsmayıl Əmiraslanov məhsul yığımını qısa müddətdə başa çatdırmaq üçün tədbirlərdən səmərəli istifadə edir. Taxıl zəmilərinin hər hektarından planla nəzərdə tutulandan 2-3 sentner çox məhsul alınır”.     

Qəzetin 17 may 1977-ci il tarixli, N59(10483) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Təbiətin gözəlliyi üçün”, başlıqlı yazıda bu kimi fikirlər qeyd olunurdu: “Partiya və hökumətimizin təbiəti qorumaq və daha da yaşıllaşdırmaq haqqındakı göstərişləri Quqark rayonu zəhmətkeşlərinin təşəbbüsünə səbəb olmuşdur. Bununla əlaqədar olaraq hazırda rayonda geniş yaşıllaşdırma işləri aparılır. Vaxtilə eroziyaya məruz qalan dağ yamacları ildən-ilə yaşıllığa bürünür. Şam, palıd, göyüş və sair ağaclarla yanaşı alma, armud, albalı və sair meyvə ağacları da salınır və bunlara nümunəvi xidmət edilir. Rayon meşə təcrübə stansiyası və meşə təsərrüfatı idarəsinin işçiləri xüsusilə son bir neçə ildə bir sıra təhlükəli yerlərdə də yaşıllaşdırma işləri aparmışlar ki, bu da güclü yağıntılar zamanı baş verən sellərin qarşısını almışdır. Təkcə Arcud kəndinin ətrafındakı  dağ yamaclarında 110 hektar meşə salınmışdır ki, bu da həm kəndin iqlimini yaxşlaşdırmış, həm də təsərrüfatı sel təhlükəsindən xilas etmişdir. Onuncu beşilliyin ikinci ilində rayon meşə idarəsi işçiləri qarşısında daha böyük vəzifələr durur. Onlar Arcud, Jdanov sovxozları və Kirovakan şəhəri ərazilərində 76 hektar sahəyə ağac basdırmağı öhdələrinə götürmüşlər. Bunun üçün 2.4 hektar sahədə müxtəlif ağac növlərinin toxumları əkilmiş və tinglər basdırılmışdır. Kollektiv beşilliyin ikinci ili tapşırıqlarını artıqlaması ilə yerinə yetirmək uğrunda mübarizəni yeni qüvvə ilə davam etdirir”.

Qəzetin 2 mart 1978-ci il tarixli, N26(10606) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Özfəaliyyət dərnəyi” başlıqlı məqalədə yazılırdı: “Quqark rayonunun Arçud kənd orta məktəbində müxtəlif bədii özfəaliyyət dərnəkləri fəaliyyət göstərir. Dram, mahnı və rəqs dərnəkləri yaxşı işləri ilə gözə çarpırlar. Həmin dərnəklərin üzvləri təkcə məktəbdə deyil, kənd klubunda da tez-tez zəhmətkeşlər qarşısında çıxış edir, göstərdikləri tamaşa və verdikləri konsertlərlə tamaşaçıların rəğbətini qazanırlar. Bu günlərdə kənd klubu yenidən adamlarla dolu idi. Dram dərnəyi Salam Qədirzadənin “Şirinbala bal yığır” komediyasını  tamaşaya qoymuşdu. Tamaşa müvəffəqiyyətlə keçmiş və alqışlarla qarşılanmışdır”.

Qəzetin 21 mart 1978-ci il tarixli, N34 (10614) sayında, “Ermənistan SSR kənd təsərrüfatı  qabaqcıllarının SSRİ orden və medalları ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 fevral 1978-ci il tarixli Fərmanı”nın mətnini dərc etmişdir. Həmin Fərmana əsasən, Quqark rayonu Arcut sovxozunun tərəvəzçisi  Məsimova Firuzə Şərif qızı “III Dərəcəli Əmək Şöhrəti” ordeni ilə təltif olunmuşdur.

Qəzetin 1 aprel 1978-ci il tarixli, N39(10619) sayında, Şura Dilbazovun imzası ilə “Körpü salınır” başlıqlı məqalədə bu kimi sətirlər yer alırdı: “Quqark rayonu Arcud kəndinin ortasından axan çay yaz və yay aylarında yağan yağışlar zamanı daşaraq kəndarası gediş-gəlişi xeyli çətinləşdirirdi. Əlaqədar təşkilatların köməyi ilə xeyli vaxtdır ki, həmin çayın üzərində körpü salınır. Yerevan xüsusi körpüsalma idarəsi səkkizinci sahəsinin kollektivi tikintini vaxtında tez başa çatdırıb təhvil verməyə səy göstərir. Körpü 1 May bayramı ərəfəsində bir hədiyyə kimi kənd zəhmətkeşlərinin istifadəsinə veriləcəkdir”

Qəzetin 20 aprel 1978-ci il tarixli, N47(10627) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, kiçik həcmli bir yazıda bu kimi fikirlərə rast gəlinirdi: “Quqark rayonunun Arçud kənd orta məktəbinin müəllim və şagird kollektivləri “Qırmızı iməcilikdə” görüləcək işlərin planını tərtib etmişlər.40 nəfər müəllim və 400-dən artıq şagird aprelin 22-də kəndin abadlaşdırılması və yaşıllaşdırılması işlərində iştirak edəcək, Kirovakan-Leninakan şose yolundan kəndə doğru ayrılan qolun kənarlarına tinglər basdıracaqlar. Bundan başqa xeyli miqdarda metal və kağız qırıntıları da toplanıb təhvil veriləcəkdir. Müəllim və şagirdlərdən bir hissəsi sovxozun əkin sahələrində çalışacaqdır”.

Qəzetin 22 aprel 1978-ci il tarixli, N48 (10628) sayında, “Sovet Ermənistanı”nın köməyi ilə “Məktublar dərc olunmasa da...” başlıqlı yazıda bu kimi fikirlər öz əksini tapırdı: “Quqark rayonu Arcud sovxozunun fəhlələrindən bir qrupunun imzası ilə aldığımız şikayət məktubunda sovxozun təsərrüfatca geridə qalmasından, əmək intizamının aşağı olmasından, sovxoz direktorunun fəaliyyətində mövcud olan nöqsanlardan bəhs olunurdu. Məktubu dərc etmədən tədbirlər görülmək üçün Ermənistan KP Quqark Rayon Komitəsinə göndərmişdik. Rayon Partiya Komitəsinin birinci katibi Harutyun Şarbatyan yoldaş redaksiyamıza cavabında bildirir ki, raykomun bürosu cari il mart ayının 30-da sovxozun maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması nəticələrini müzakirə etmiş, təsərrüfatda işin  vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qərar qəbul etmişdir. Raykomun bürosu sovxoz istehsalatına rəhbərlikdə ciddi nöqsanlara yol verdiyi və ötən təsərrüfat ilini 42 min manat ziyanlı başa vurduğu üçün sovxozun direktoru Əli Nəbiyevə partiya cəzası vermişdir”.

Qəzet özünün  22 iyul 1978-ci il tarixli, N87 (10667) sayında,  “Ümumtəhsil məktəbləri, Texniki peşə məktəbləri və orta ixtisas məktəbləri müəllimlərinin SSRİ  Orden və medalları ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 iyun 1978-ci il tarixli Fərmanı”nın mətnini dərc etmişdir. Həmin  qərara əsasən, Quqark rayonundakı Arçud kənd orta məktəbinin  müəllimi Çəltikov Məmməd Əhməd oğluna “Əməkdə fərqlənməyə görə” medalı verilmişdir.

Qəzetin 7 sentyabr 1978-ci il tarixli, N107(10687) sayında, Ş.Dilbazovun imzası ilə  dərc olunan “Rayonda birinci” başlıqlı məqalədə yazılırdı: “Quqark rayonundakı Arçut sovxozunun əməkçiləri rayonda birinci olaraq silos, senaj və ot tədarükü planlarını ödəmişdir. Burada planla nəzərdə tutulmuş 660 ton əvəzinə 665 ton silos, 100 ton əvəzinə  110 ton senaj hazırlanmış, 700 ton əvəzinə 717 ton ot tədarük edilmişdir. Yem tədarükü davam etdirilir. Qabaqcıl biçinçilərdən İsa Əhmədov, Məhərrəm Alıyev, Əsəd Çəltikov, Məhərrəm Məşədiyev, sürücü-mexanizatorlardan Süleyman Məmmədov, Rəsul Çəltikov, Mülfəddə Cinoyev, Zakir Həsənov və başqaları böyük fəallıqla işləyirlər. Arçutlular ictimai heyvandarlıq üçün möhkəm yem bazası yaratmışlar. Mühüm kampaniya davam edir. Kənd əməkçiləri yenə də zərbəçi cəbhədə həvəslə çalışır, qazanılan qələbəni daha da möhkəmləndirirlər”.

Qəzetin 7 sentyabr 1978-ci il tarixli, N107(10687) sayında, dərc olunan “Yem tədarükü zərbəçi əmək cəbhəsidir”, başlıqlı məqalədə bu kimi fikirlərə rast gəlinirdi: “Arçut sovxozunun tarla və biçənəklərində qızğın iş gedir. Burada heyvandarlıq üçün bol yem ehtiyatı yaradılır. Zərbəçi əmək cəbhəsi elan edilən yem tədarükündə sovxozun bütün kollektivi fəallıqla iştirak edir. Biçənəklərin otu səliqə ilə yığılıb tayaya vurulur. Yem tədarükündə kənd məktəbinin müəllim kollektivi də yaxından iştirak etmişdir. Müəllimlərdən ibarət yemçilik dəstəsi 50 tondan çox ot biçib tayaya vurmuşdur. Bundan başqa onların qüvvəsi ilə 40 ton senaj hazırlanmışdır. Onlar silosluq bitkilərin biçilməsində və silos hazırlanmasında da fəallıq göstərmişlər. Belə ki, ictimai mal-qara üçün ilyarımlıq yem ehtiyatı yaradılmışdır”.

Qəzetin 26 sentyabr 1978-ci il tarixli, N115(10695) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Quqark” başlıqlı yazıda bu kimi sətirlər yer alırdı: “Rayonun təsərrüfatlarında yun qırxımı müvəffəqiyyətlə davam etdirilir. Arçut sovxozunun heyvandarları 4.700 baş qoyunu cəmi bir neçə iş günündə qırxaraq, keyfiyyətli yun götürmüşlər. Burada 10 yunqırxan aqreqat fasiləsiz olaraq işləmişdir. Hər gündə 320-330 kiloqramadək yun götürülmüşdür. Qabqacıl işçilərdən Talıb Eminov, Məhərrəm Alıyev, Şahvələd İbrahimov, İsmayıl İsmayılov yun qırxını sahəsində fərqlənmişlər. Onlar nümunəvi iş görərək hər qoyundan 2.1 kiloqram əvəzinə 3.6 kiloqram yun götürmüşlər. Ümumittifaq sosializm yarışına qoşulan heyvandarlar  bəslədikləri sürülərə istər otlaq dövründə, istərsə də komlarda nümunəvi xidmət edərək yüksək keyfiyyətli yunun alınması üçün  bütün tədbirləri görmüşlər. Məhz buna görə də  təsərrüfat yüksək keyfiyyətli yun təhvil verir. Arçut sovxozunda olduğu kimi rayonun Lernabad, Gözəldərə sovxozlarında da yun qırxını müvəffəqiyyətlə başa çatdırılmışdır”.

Qəzetin 10 oktyabr 1978-ci il tarixli, N121(10701) sayında, “Redaksiyamıza yazırlar” başlıqlı bölmədə, Şura Dilbazovun imzası ilə, “Niyə belə?” başlıqlı yazıda bu kimi fikirlər yer alırdı: “Beş-altı ilin söhbətidir. Kəndimizi elektrik işığı ilə təmin etmək üçün lazım olan materiallar gətirildi. Küçələrə dirəklər basdırıldı, xətlər çəkildi, lampalar asıldı. Kənd İliç lampalarının ışığına qərq oldu. Bu hadisə camaatın hədsiz sevincinə səbəb oldu. Təəssüflər olsun ki, sevincimiz uzun sürmədi. Bir müddət sonra lampalar, bəzi yerdə xətlər sıradan çıxdı. Bunlar barədə rayonun əlaqədar təşkilatlarına şikayət edildi, hətta rayon qəzetində kəndin vəziyyəti haqqında yazı da dərc olundu, ancaq heç bir nəticə vermədi. Artıq xeyli vaxtdır ki, kəndarası yollar işıqlandırılmır. Bununla da gediş-gəliş çətinləşmişdir. Əlaqədar təşkilatlar bu barədə nə düşünürlər?”

Qəzetin 24 oktyabr 1978-ci il tarixli, N127(10707) sayında, Ş.Dilbazovun imzası ilə dərc olunan, “Gələn il üçün” başlıqlı məqalədə bu kimi fikirlər yer alırdı: “Quqark rayonunun kənd əməkçiləri indiki günlərdə daha həvəslə çalışırlar. Onlar respublikaının yüksək mükafatından daha da ruhlanaraq indiki günlərdə işin sürətini xeyli artırmışlar. Quqarklılar gələn ilin bol məhsulunu təmin etməyi də unutmamışlar. Rayonun əkinçiliklkə məşğul olan təsərrüfatlarında 420 hektar sahədə payız əkini edilmiş, 1.610 hektarda isə dondurma şumu edilməsi planlaşdırılmışdır. Aqrotexniki tədbirlərdən səmərəli istifadə edən taxılçılar gələn ilin bol məhsulunun təməlini qoyurlar. Rayonun Bazum, Darbas, Arçud, Meğrud, Lernabad sovxozlarında payız səpini aqrotexnika qaydaları üzrə həyata keçirilir. Rayonun kolxoz və sovxozlarında dondurma şumu davam etdirilir”.

Qəzet özünün  31 dekabr 1978-ci il tarixli, N156(10736) sayında “SSRİ Ali Sovetinin Millətlər Sovetinə seçkilər üçün Ermənistan SSR üzrə dairə seçki komissiyaları tərkibinin təsdiq edilməsi haqqında Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1978-ci il tarixli Qərarı”nın mətnini vermişdir. Həmin sənədə əsasən, Quqark seçki dairəsindən Dairə  komissiyasının üzvləri sırasında Quqark rayonundakı Arcut sovxozunun fəhlələri və qulluqçuları tərəfindən namizədliyi irəli sürülmüş   Əliyev Şahvələd Osman oğlunun adı da qeyd edilmişdir.

Qəzetin 6 mart 1979-cu il tarixli, N28(10764) sayında,  “Oxucu məktubları” bölməsində, Şura Dilbazovun imzası ilə dərc olunan,  “Əsgər məktubu” başlıqlı yazıda bu kimi fikirlərə rast gəlinirdi: “Müseyib İsgəndərov Quqark rayonundakı Arçut kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə getmişdir.O, Baltik donanmasında vətəndaşlıq borcunu yerinə yetirir. Müseyibin  vaildeynləri hərbi hissədən tez-tez məktub alırlar. Qoçaq dənizçi siyasi sayıqlığına və nümunəvi xidmətinə görə komandirlərin dərin hörmətini qazanmışdır. Göndərilən məktublar Müseyibin valideynlərinin hədsiz sevincinə səbəb olmuşdur. Onlar fəxr edirlər ki, evladları Vətən qarşısında, xalq qarşısında öz borcunu ləyaqətlə yerinə yetirir”.

Qəzetin 18 oktyabr 1979-cu il tarixli, N125(10861) sayında Şura Dilbazovun imzası ilə dərc olunan kiçik həcmli yazıda bu kimi fikirlər öz əksini tapırdı: “Quqark rayonunun Arçut kəndində də abunə yazılışı müvəffəqiyyətlə keçir. Kənd orta məktəbinin müəllim və yuxarı sinif şagirdlərinin hamısı qəzet və jurnallara yazılmışlar. Müəllimlərdən Məcid Məşədiyev, Rəşid Qasımov, Xatalı Məmmədov və başqaları hərəsi 5-6 adda qəzet və jurnala abunəçidir. Rayonun Meğrud və Şaumyan kənd məktəblərində də abunə yazılışı yaxşı təşkil olunmuşdur”.

Qəzetin 13 dekabr 1979-cu il tarixli, N149 (10885) sayında “Ermənistan SSR Ali Sovetinə seçkilər üçün seçki dairələri haqqında Ermənistan SSR Ali Soveti Rəyasət Heyətininn 7 dekabr 1979-cu il tarixli Fərmanı”nın mətni  dərc olunmuşdur. Həmin sənədə əsasən,  Quqark rayonu üzrə təşkil edilən üç seçki dairəsindən biri olan Lernabad seçki dairəsinə Arçud kəndi də daxil edilmişdir.

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü

 29 oktyabr  2025

Bakıvaxtı.az üçün

Seçilən
24
bakivaxti.az

1Mənbələr