Məsəl var ki, hər bir “yeni şey” unudulmuş keçmişdir. Bunu ona görə deyirəm ki, son günlərdə Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı deyilən təkliflərin arasında ən çox müzakirə olunan məsələlərdən biri də Dövlət Şurası yaratmaqla bağlı təklifidir.
Qəribəsi budur, prinsipcə, yen təşəbbüs deyil bu. Məsələ hələ Azərbaycan təzəcə müstəqil olandan kabus kimi onun başının üzərində fırlanır.
Keçmişə çox varmayacam, amma hələ ilk prezident seçkilərinin ərəfəsində də fikirlər səslənirdi ki, bəs gəlin Dövlət Şurası yaradaq və bu qurum ölkəni idarə etsin.
O vaxt da bununla bağlı müəyyən müzakirələr-mübahisələr olurdu. Gəl, daha çox adam deyridi ki: “Axı niyə Dövlət Şurası? Biz dövlət qurmaq istəyirik, yoxsa hansısa oyuncaq?”.
Yaxşı ki, o vaxt bu “ideya” gerçək olmadı, ölkədə prezidentlik institutu yarandı və o, indiyədək fəaliyyətdədir.
O ki qaldı bunun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev tərəfindən guya yenidən təklif olunmasına, burada dərhal bir neçə ciddi sual yaranır.
Birincisi, biz azərbaycanlılar niyə belə məsələləri Rusiya ilə razılaşdırmalıyıq? İkincisi, Ramiz Mehdiyev hələ 300 il bundan əvvəl “hakimiyyətin bölünməsi” prinsipini irəli sürən Monteskyödən daha ağıllıdırmı? Dövlət üzərində daha bir dövlət strukturunun yaradılması kimə və nəyə lazımdır? Belə “ikiyaruslu” hakimiyyət strukturu nədən ötrüdür?
Guya təklif olunan Dövlət Şurası seçkilə formalaşmalıdır. Çox əcəb! Bəs prezident postu və parlament seçki yolu ilə formalaşmırmı? Onlar seçkili orqan deyilmi? Bir seçkili orqanın üzəriundə başqa “seçkli orqan”ın qurulması nəyə lazımdır?
Tamamilə adekvat nümunə olmasa da qonşumuz, teokratik İrana bir nəzər salın. Hətta prezidentlik institunun üstündə ruhani elitasının nəzarətini həyata keçirmək üçün əlavə bir struktur var! Bu, İranı çoxmu irəli aparıbdır?
Məhz elə bu səbəbdən qonşu İranda prezidentlik institutu faktiki olaraq qeyri–effektiv struktura çevrilməyibmi?
Bəli, əsas hakimiyyəti tamam iflic etmək, onun funksionallığını azaltmaq: zənnimizcə, bu cür siyasi “innovasiyalar” başqa bir məqsəd güdmür.
Məktubdan belə anlaşır ki, guya Dövlət Şurası parlament respublikasına keçidi təmin etmək üçündür. Farslar demişkən, çox xub! Hətta belədirsə, yenə də bir sual yaranır: axı biz niyə bunu Moskva ilə razılaşdırmalıyıq?
Qonşu Gürcüstan, daha sonra da hətta Ermənistan prezident respublikasından parlament respublikasına keçid etdilər. Amma onlar bunu Moskva ilə razılaşdırmağa cəhd etdilərmi? Bunun üçün hansısa bir Dövlət Şurası yaratdılarmı?
Parlament respublikası məsələsi də Azərbaycanda çoxdan müzakirə olunur. Müstəqilliyiu ilk illərində də belə təkliflər olurdu. Hətta deyilirdi ki, birinci Azərbaycan respublikası parlament tipli olub, gəlin İkinci respublikanı da parlament respublikası edək! Amma sonradan işlər elə gətirdi ki, ölkə prezident respublikası modelinə üstünlük verdi.
Əlbəttə, bu məsələni indi də nəzərdən keçirmək olar. Amma bunu Moskva ilə - filanla razılaşdırmağa ehtiyac yoxdur. Ehtiyac olsa, zərurət duyulsa, Azərbaycan xalqı özü buna qərar verər, necə ki, bu, Gürcüstan və Ermənistanda olmuşdu.
Amma burada da bəzi problemlər var. Birincisi, məsələ, zənnimizcə, prezident və ya parlament tipli respublika olmasında deyil. ABŞ kimi böyük və demokratik ölkə prezident respublikasıdır! Qardaş Türkiyə də hazırda prezident respublikası kimi fəaliyyət göstərir.
Hətta Ermənistan da arabir əvvəlki modelə, yəni prezident respublikasına qayıtmağı nəızərdən keçirir. İstisna deyil ki, bu ölkədə aparılacaq konstitusiya islahatlarında bu məsələ də diqqətə gətirilsin: əlbəttə, bu, hələ bir siyasi fərziyyədir...
Həm də hazırda bizim siyasi partiyalarımız çox zəifləyib, onlar parlament respublikası yartarmaq üçün zəruri potensiala malik deyil.
Bundansa gəlin prezident və parlament seçkilərini bir az da demokratikləşdirək, şəffaflaşdıraq. İnanın, bunun elə pozitiv nəticələri olacaq ki, özümüz də təəccüb qalacağıq! Nəhayət, Gürcüstan və Ermənistan parlament respublikasına keçidə qərar verəndə heç Dövlət Şurası yaratdılarmı? Axı hətta “keçid hökuməti” üçün qəti vacib deyil ki, mütləq hansısa Şura yaradılsın, ən əsası da durub bunu Moskva-Kremllə razılaşdırmaq lazım gəlsin...
 
                         Hüseynbala Səlimov
 Hüseynbala Səlimov 