AZ

Çox maaş almaq üçün məktəbdə çox olmalısınız - müəllimlər yeni sınaq qarşısında...


Elçin Əfəndi: “Müəllimlər tədris bitdikdən sonra şəxsi inkişafa, növbəti günlə bağlı planlamaya və s. zaman ayıra bilsinlər”

"Müəllimlərin əməkhaqlarının artması üçün yeni təkliflər təqdim ediləcək". Bunu Milli Məclisin son iclasında "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, bəzi təhsil müəssisələrində müəllimlik ixtisası üzrə planlar kəskin surətdə azalıb, ali təhsil müəssisələri keyfiyyətli təhsili təmin etməlidirlər.

İdris İsayev qeyd edib ki, müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.

Məlumat üçün bildirək ki, hazırda məktəblərdə müəllimin maaşı dərs saatına uyğun təyin olunur. Ümumiyyətlə, müəllimlər iki əsas statusla fəaliyyət göstərirlər: ştat və saathesabı. İstər ştatda, istərsə də saathesabı çalışan müəllimlər yalnız dərs saatlarında məktəbdə olur, dərslərini deyib gedirlər. Müəllimlər isə dərs saatının bitməsini gözləyirdi ki, gedib evdə repetitorluqla məşğul olsun. Maraqlıdır, müəllimlərinin əməkhaqqının dərs saatına deyil, iş saatına görə verilməsinin nə kimi müsbət, mənfi təsirləri var? Ümumiyyətlə, yeni qayda nə vəd edir?

“Müəllimlərin əmək haqqı dərs saatına görə deyil, iş saatına uyğun olaraq hesablanacaqsa, bu, repetitorluğun qarşısını ala bilər”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müəllimlərin əmək haqqı dərs saatına görə deyil, iş saatına uyğun olaraq hesablanacaqsa, bu, repetitorluğun qarşısını ala bilər: “Məlumdur ki, bəzi müəllimlər az dərs saatı götürüb, dərsi “yola verməyə” çalışırdılar. Həmin pedaqoqlar bir-iki saat məktəbdə dərs deyib, sonra repetitorluq fəaliyyəti ilə məşğul olurdular. Əmək haqqının iş saatına görə hesablanması bu qaydanın qarşısını alacaq. Ümumiyyətlə, məlum təklif qəbul edilərsə, müsbət nəticələri olacaq. İlk növbədə müəllimlərin əmək haqlarında bir qədər artım olacaq. İkincisi, müəllimlərin yazı-pozu işləri əvvəlki dövrlərlə müqayisədə bir qədər azalacaq, üçüncüsü isə, repetitorluq fəaliyyətinin qarşısı müəyyən qədər alınacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, dünyanın əksər ölkəsində müəllimlərin əmək haqqı iş saatına görə hesablanır: "ABŞ, Finlandiya, Yaponiya və s. kimi ölkələri nümunə olaraq göstərə bilərik. Məsələn, Finlandiyada həftəlik rəsmi iş saatı 32-36-dırsa, ABŞ-də bu 40-45 aralığındadır. Bu məqam imkan verir ki, müəllimlər tədris bitdikdən sonra şəxsi inkişafa, növbəti günlə bağlı planlamaya və s. zaman ayıra bilsinlər. Mənfi tərəf kimi biz sadəcə alınan qərarla paralel müəllimlərin faktiki yazı-pozu işlərinin saxlanılması tələbini görə bilərik. Digər hallar müsbətə doğru alınan qərar olaraq dəyərləndirilə bilər”.

Günel CƏLİLOVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr