AZ

Süleyman Rüstəm onu heç oxumadan tənqid etmişdi... Əhməd Cavad hansı əsərində Sovet işğalına işarə edirdi?

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kulis.az Kamil Əlisoyun "Əhməd Cavadın "Səsli qız" poemasında bədii dil qatları" yazısını təqdim edir.

“Səsli qız” poeması Əhməd Cavadın müstəqilliyi əlindən alınmış bir xalqa həsr edilmiş əsəridir. Cümhuriyyət dövründə qələmə aldığı əsərlərdə istiqlal, azadlıq ideyaları əskik olmadığı üçün onun “Cümhuriyyət nəğməkarı” adını qazanması təsadüfi deyildi. Lakin Cümhuriyyətin süqutundan sonra təqiblərə məruz qalması, senzuranın ciddi nəzarəti də labüd idi. O, buna görə də, ömrünün Cümhuriyyətdən sonrakı illərində sətiraltı mənanı daha da möhkəmləndirməyə, bu və ya digər şəkildə istifadə etməklə təqiblərdən qurtulmağa çalışıb.

Poema ölkənin gələcəyə ümid dolu baxışlarını, düşmənə lənət ifadə edir, onun müstəmləkə siyasətini ifşa edib bir gün məhv olacağına işarə edir.

Çoxdandır anlaşılmış

Bu sirr Fərat boyunda.

Axtarırmış o sirri

Kür-Arazın suyunda.

Əskilər onu sormuş

Ağsaqqal ərənlərə;

Haqq nuru, haqq sirrini

Qəlbilə görənlərə...

Bu incə, axıcı misralarda müəllif mövzunu Fərat çayından, tarixin əvvəlinci səhifələrindən açır, Kür-Araz adlarını çəkərək öz torpağına işarə edir. Onun birbaşa adını çəkmir, varlığını, kökənini, qədimliyini göstərməyə çalışır. Müəllif bu mövzuda "haqq nuru" deməklə sözü boşa sərf etmir. Bu torpaqların müqəddəsliyinə eyham vurur, haqq sirri dedikdə isə, birbaşa sözün əks mənası, yəni torpaqların kimə məxsus olduğunun sirr olmadığını təzad yaradaraq ifadə edir. Zəngin məcazlardan və poetik fiqurlardan istifadə asanlıqla görülür:

Ölüm rəngi çökmüşdü,

saralan üz-gözlərə

Cənnət kimi bir ölkə

məzarlığa dönmüşdü.

Birinci misrada (Ölüm rəngi çökmüşdü, saralan üz-gözlərə) metaforası vasitəsilə doğan bədbin əhvali-ruhiyyəyə qapılmış vətəndaş obrazı canlandırılıb. Bu, simvolik obraz səciyyəsi daşıyır. Poemanın məzmunundan həmin obrazın şairin öz prototipi olduğu qənaətinə gəlmək mümkündür. Sonrakı misrada (Cənnət kimi bir ölkə məzarlığa dönmüşdü) ifadə edilən davamedici, nəhayət, tamamlayıcı məna bu qənaəti təsdiq edir. Şair təşbeh üsulu ilə (cənnət kimi bir ölkə) öz vətənini cənnətə bənzətməklə doğma yurduna məhəbbətini fəxrlə dilə gətirir. O, müharibənin təsirindən ölkəsinin məzarlığa çevrilməsini böyük bir acı ilə anır. Bu hissədə biz şairin sintaktik fiqurdan – antitezadan istifadə etdiyinə şahid oluruq.

Oxudum tarixlərdə:

Qaniçən bir hökmdar

Bir ölkəni amansız

Eyləmişdir tari-mar!

Ölkəsinin düşmən əlində qaldığını, amansız düşmənin əlində tar-mar olduğunu bu misralarda ifadə edir. Burada "oxudum tarixlərdə" deyərək müəllif sanki əvvəlki dövrlərə işarə edir, fikirləri başqa yerə yönəldir. Lakin öz müasiri olduğu dövrdən yazırdı.

Yuyuldu divarlara

sıçramış qan ləkəsi.

Vay səsi susduruldu,

Əmr edildi toy səsi.

Haqqı yoxdu kimsənin

Söz deyib, dərd açmağa...

Əsərdə qeyd edilir ki, 6 aylıq mühasirədən sonra ölkə işğal edilir. İşlənməmiş cinayət qalmır. Əslində, burada qəribə bir cəhət yoxdur. Tarixdə bu cür faktlar saysız-hesabsızdır. Qalib ölkənin məğlub ölkəni talan etməsi təəccüblü deyil. Lakin Ə.Cavadın təsvirlərində digər cəhətlər maraq doğurur. Qalib şah əhaliyə yas tutmağı qadağan edir, hamı gülməli, sevinməli idi, heç kim yas tutub öz dərdi haqqında danışa bilməzdi. Bu, birbaşa Sovet hakimiyyətinin işğalına işarədir. Onlar Azərbaycanda yerli hakimiyyəti işğal etdikdən sonra da eyni ab-hava yaradılmışdı və əhalinin milli hökumətin dağılmasından sonra da qəti surətdə yas saxlamasına icazə verilməmişdi. Yeni qurulan hakimiyyətin güllə, çiçəklə qarşılandığı situasiyası yaradılmışdı.

Dünənki matəm hanı?

Doğrudan, çıxdı yasdan?..

Düşmən şahın gəlişi

Qanuni bayram oldu.

Bir çox dərdli ürəklər

Qanlı sevinclə doldu.

Misraların dəhşətlə qələmə alındığı sirr deyil. Millət öz dövlətinin, müstəqilliyinin məhv olmasına üzülmədən, şəhidlərinə yas tutmadan qısa zaman içində yeni qurulan hakimiyyət sanki, elə belə də olmalı imiş kimi, xalqı buna məcbur edir.

Misraların içərisində açıq-aşkar məzəmmət hissi də özünü göstərir. Düşmən tapdağına məruz qalan, əzilən, müstəqilliyi, hüuqları əlindən alınan xalqın, susmağa, dözməyə, səsini çıxarmamağa, taleyilə barışmağa haqqı yoxdur. Hər şeyin asanlıqla qəbul edilməsi müəllifi içdən-içə yandırır, öz etirazını misralarla çatdırır:

Beləcə əski parça

Bir çırtmayla atıldı.

Bütün bu ölkə xalqı

Çox ucuzca satıldı.

Əsərin qəhrəmanı “Səsli qız” ümumiləşdirilmiş bir vətən obrazıdır. Sara adı hər hansı bir obraz, prototip deyil, azadlığını itirmiş Azərbaycan övladlarının ümumiləşdirilmiş obrazıdır.

Müəllif hər nə qədər məzəmmət, mövcud quruluşa etiraz etsə, müxtəlif obrazlarla bunu çatdırmağa çalışsa da, gələcəyə ümid motivləri də aydın görünür. Əsər xalqın heç vaxt əbədi şəkildə əsarətdə, boyunduruq altında qalmayacağının, müstəqilliyin yenidən əldə ediləcəyinin də carçısıdır.

Əsərdəki Sara obrazı azadlığın simvoludur. Onun məlahətli səsi olan qız kimi təsvir olunması təsadüfi deyil. Azadlıq da Sara kimi kövrəkdir. Amma nə qədər kövrək olsa da, azadlıq ən önəmli olandır. Azadlığı da məhz Saranın özü, mənfur hökmdarı əllərilə öldürərək qaytardı.

Bir qızın hümmətilə...

Gözəl qız, həmin ölkə

Dustaqdan azad oldu.

Sara adı xalq üçün

Ən sevimli ad oldu...

Əsərin finalında Sara onu istəyən hökmdarı zəhərləyərək öldürür, xalq son gücüylə çarpışır və öz azadlığını bərpa edir.

Ə.Cavad romantik ədəbiyyatın əvəzsiz qələm sahiblərindəndir. Ə.Cavadın poeziyasının parlaq səhifələrindən olan "Səsli qız" əsərində də türkçülüyü aydın sezmək olar. Poemadakı səhnələri istənilən məkana və zamana aid etmək olar. Burada konkret zaman və məkan yoxdur. Yəni ad çəkilmir. Lakin şeiri oxuduqca insanın gözünün qarşısında Azərbaycan canlanır. Bu məkanda kilsə ilə məscid yanaşı dayanır. Aydın məsələdir ki, tolerantlığın yüksək səviyyədə olduğu bir məkan elə Azərbaycandır.

Saçaqlı xalılarla

Bəzəndi bağlı çarşı,

Bayraqlı minarələr

Yüksəldi göyə qarşı,

Kəlisa qülləsində

Çalındı zorba çanı..

Minarə ilə kilsənin yanaşı işlədilməsi də, orada "zorba çanı"nın çalınması da alt mənanın ifadəsinə xidmət edir, Sovet işğalına işarədir.

Geniş mənada bütünlükdə XX əsrin 20-ci ilində işğal olunmuş, lakin “yüksələcəyinə” inam ifadə olunmuş Azərbaycandır. Biz bu inamı Rəsulzadənin "Mayıs duyğuları"nda da görə bilərik. Bütün əsərləri ilə Ə.Hüseynzadənin yaratmış olduğu türkçülük ideologiyasına xidmət edən Ə.Cavadın yaradıcılıq konsepsiyasında şəxsi və ictimai həyatında olduğu kimi boyun əymək, məğlub olmaq, ideallarından üz döndərmək kimi bir təslimçilik yoxdur. Əksinə, sona qədər vuruş, sabaha ümid və inam bir leytmotivdir.

Ad çəkmədən, məkan bildirmədən, müxtəlif vasitələrdən – obrazlı, pafoslu ifadələrdən istifadə yolu ilə konkret bir mətləbi başqa cür necə daha yaxşı çatdırmağın mümkünlüyünü burada müəllif bizə göstərir:

Bir çox gözəl qızların

Büllur kimi səsləri

Azmı xilas eylədi

Ölümdən bikəsləri?

Ə.Cavad müasiri olan qızın səsindəki məlahəti, insanı öldürüb-dirildən təsirini qələminin gücü ilə vəsf edəndən sonra ustalıqla əsərin məzmununa siyasi bir istiqamət verir. Sən demə, şairin bu gözəl səsə vurğunluğunun mahiyyətində çox ciddi mətləblər durur. misraları aydın göstərir ki, onun məqsədi heç də incə bir səsin tərənnümündən ibarət deyil. Əksinə, gözəl qızın səsinə vurğunluq və bu səsin mədhi əsas məsələyə keçid üçün bir fon təşkil edir. Dinlədiyi bu gözəl səs Ə.Cavadın yaddaş kitabını açır, ona tarixin qədim səhifələrində "Səsli qız" kimi məlahətli bir səsə malik Saranın və onun doğma yurdunun başına gətirildiyi faciələri xatırladır.

Əsərdə Saranın oxuduğu şərqinin ruhu, bütün məzmunu söhbətin Azərbaycan xalqının taleyindən getdiyini sübut edir. Burda kəc baxılan, boynuna qanlı kəfən taxılan “bağlar” istiqlaliyyəti əlindən alınmış xalqı ifadə edir. Aşiq bu bağda vüsala çatmamış öz məşuqundan doymayıb. Yəni, azadlıqdan doymamışdır:

Mən ki səndən doymamışam,

Quş qonmağa qoymamışam,

Bir almanı soymamışam,

Kim sənə kəc baxdı, bağlar?!

Burda çətin anlaşılası nəsə yoxdur. Bu şərqini 28 aprel inqilabından sonra xalqın başına gələn müsibətlərdən kənar təsəvvür etmək mümkün deyil.

Professor Bəkir Nəbiyevin Əhməd Cavad haqqında yazdığı kitabında “Səsli qız” poemasının o dövrdə yaratdığı vəziyyəti izah edir. “Yadelli işğalçıların zalımlığı, xaqan kultu, saraydakı bəzi hadisələr məhz saranın qəhrəmanlığının, həqiqətən də, fövqəladə bir hərəkət olmasını əsaslandırmaq üçün fon səciyyəsi daşıyır. Bu priyom yaxşı düşünüldüyü və əsərin kompozisiyasında müvafiq yerini tapdığı üçün səmərəli çıxmışdır. Elə bu yolda da şair öz yaradıcılıq qayəsinə nail olmuş, xalq səadətinin, istiqlalın həyatda heç nə ilə əvəz oluna bilmədiyi ideyasını oxucuya aşılaya bilmişdir.”

Poemaya formalist-konyuktur mövqedən yanaşan, hər vəchlə onun məna və əhəmiyyətini azaldan, hətta poemanı "əksinqilabi əsər" adlandıran müəlliflər olub.

1937-ci ilin martında keçirilmiş Azərbaycan Sovet Yazıçılar İttifaqının plenumunda Süleyman Rüstəmin nitqi də buna bariz nümunədir.

Öz qələm yoldaşının əsərini, bəlkə də, axıra qədər diqqətlə oxumadığı üçün onun poema haqqında dedikləri adamda təəccüb doğurur: “Gərək ki, 1928-ci il idi. O (Ə.Cavad-red.), “Səsli qız” adlı poema yazmışdı. O zaman qolçomaqların səsini alırdıq. Biz elə bildik ki, yəqin, "Səsli qız" qolçomaqların qarşısına mübarizəyə çıxır... Məlum oldu ki, əksinqilabi şeir imiş”.

Əslində, burada Süleyman Rüstəmin bu sözləri söyləməsi də bir növ Ə.Cavadın öz məqsədinə nə qədər nail olduğunu göstərir.

Çünki ilk oxunuşda onun bu əsəri təhlil olunanda müsbət rəy verilmiş, ideologiyaya xidmət etdiyi düşünülmüşdü...

İnsan bütün sonların naşısıdır - Orxan Həsəni

Həqiqi hekayə - Dilan Tomas

Fidan Əliheydərin yeni kitabı təqdim olundu - Foto

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
kulis.az

1Mənbələr