İrəvan bunları anlamağa başlayıb...
Ermənistan 2026-cı ildə hərbi xərcləri azaldacaq. Oktyabrın 27-də parlamentin daimi komitələrinin birgə iclasında müzakirə olunan növbəti il üçün dövlət büdcəsi layihəsindən bu qənaət hasil olub. Erməni mediasının yazdığına görə, 2025-ci ilin büdcəsi ilə müqayisədə Müdafiə Nazirliyinin xərcləri 15,3% azaldılaraq 563,1 milyard dram (1,4 milyard ABŞ dolları) təşkil edəcək. Bu, ümumi büdcə xərclərinin təxminən 15,5%-i qədərdir.
Xatırladaq ki, qonşu ölkənin keçənilki hərbi xərcləri 1.7 milyard (Azərbaycanınkı 5.1 milyard) dollar civarında olub. Əlbəttə, Ermənistan kimi balaca və kasıb ölkə üçün qənaət edilən 300 milyon dollar balaca rəqəm deyil. Hərçənd orduya ayrılan 1.4 milyard dollar da yenə az məbləğ sayılmaz, çünki ümumi büdcənin 15,5%-ni (!) təşkil edir.
“Biz gündəlik iş söhbətlərimizdə "döyüş qabiliyyətinə malik ordu" anlayışını “müdafiə qabiliyyətinə malik ordu”ya çevirməyi çox vacib hesab edirik. Çünki “döyüşə hazır ordu” deyəndə bu, potensial döyüşü göstərmir".
Bunu baş nazir Nikol Paşinyan parlamentdə büdcə dinləmələri zamanı söyləyib. Yəni ismarış belədir ki, Ermənistan guya işğalçı ordu qurmağı hədəfləməyib. Belədirmi? Ermənistan orduya xərcləri niyə azaldır?

Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Azərbaycanla Ermənistan arasında münasibətlərdə müsbət dəyişikliklər müşahidə olunmaqdadır, müharibədən imtina, sülhə doğru proses gedir, hərbi büdcənin azaldılması da bu prosesin tərkib hissəsi hesab edilə bilər: “Sülh prosesinin uğurla nəticələnməsi üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ləğv etməlidir, həmçinin hücum silahları ilə silahlanmaya vəsaiti mümkün qədər azaltmalıdır. Çünki bu iki məsələnin mövcud olaraq saxlanması ilə sülh məsələsi bir araya sığa bilməz. Ermənistan gələn il üçün hərbi büdcəsini azaldırsa və hücum silahları deyil, müdafiə silahları almağa, Nikol Paşinyanın dediyi kimi, "döyüş qabiliyyətinə malik ordu" anlayışını “müdafiə qabiliyyətinə malik ordu”ya çevirirsə bu müsbət dəyərləndirilməlidir. Eyni zamanda bu o deməkdir ki, Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasının qarşısında dayanan əngəllərin nələr olduğunu və bu əngəllərin aradan qaldırılmasının vacibliyini anlamağa başlayıb. Əgər Ermənistan mövqeyində səmimidirsə və elan etdiklərini praktiki həyata keçirəcəklərsə, deməli, sülh sazişini imzalamağa daha da yaxınlaşmış olacağıq. Çünki Azərbaycan onsuz da sülhün təşəbbüskarı və tərəfdarıdır. Sazişin imzalanması üçün lazım olan addımları Ermənistan atmalıdır".
Ekspert onu da dedi ki, artıq Ermənistan Azərbaycanla hərb dilində, əvvəlki işğalçılıq mövqeyi ilə danışmağın mümkün olmadığını da anlayır: “Hərbi büdcənin azaldılması və "döyüş qabiliyyətinə malik ordu"dan “müdafiə qabiliyyətinə malik ordu”ya keçid etmək istəməsində bu amil də rol oynayır.
Ermənistan qənaət etdiyi 300 milyon dolları əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəldəcək. Sadə vətəndaşlar beləliklə sülhün işğalçılıqdan, qonşu dövlətlə düşmən vəziyyətində olmaqdan nə qədər yaxşı olduğunu öz yaşayışlarında, həyatlarında hiss edəcəklər. Deməli, Ermənistan kimi dövlətin hərbi büdcəsini azaltması həm də dolayısı ilə xalqı sülhə təşviq etməkdir. Ancaq onu da deyim ki, əslində hərbi büdcənin ümumi büdcənin 15,5%-ni təşkil etməsi Ermənistan üçün böyük rəqəmdir. Gələcəkdə Ermənistan bu faizi bir qədər də azaltsa, daha düzgün olar. Ermənistan gələnilki hərbi büdcəsini daha çox silahlanmaya deyil, hərbçilərin məişət məsələlərinin həllinə sərf etsə, sülhə xidmət etmiş olar".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”