Avstraliyada bir çimərlikdə bir əsrdən çox yaşı olan məktubların olduğu şüşə butulka tapılıb...
Poliqon xəbər verir ki, bu barədə Independent yazır.
Məqalədə bildirilir ki, bu tapıntını Braun ailəsi 9 oktyabrda Qərbi Avstraliyanın Esperans şəhəri yaxınlığındakı Varton çimərliyində dördtəkərli motosikllə tullantı toplayarkən aşkar edib. Debra və onun qızı Felisiti sahilə bir qədər yaxın yerdə "Schweppes" markalı şüşə butulkanı görüblər.
"Biz tez-tez çimərliklərimizi təmizləyirik və heç vaxt zibilin yanından ötüb getmirik. O kiçik butulka elə bil bizi gözləyirmiş", deyə Deb Braun bildirib.
Şüşə qalın şəffaf şüşədən olub və içərisində 1916-cı il 15 avqust tarixli məktublar tapılıb. Məlum olub ki, bu məktubları 27 yaşlı sıravi Malkolm Nevill və 37 yaşlı Uilyam Harley qələmə alıblar. Həmin ilin 12 avqustunda onların hərbi gəmisi HMAT A70 "Ballarat" Cənubi Avstraliyanın paytaxtı Adelaidadan Avropaya yola düşüb. Gəminin əsgərləri Qərb cəbhəsindəki 48-ci Avstraliya piyada batalyonuna qoşulmalı idilər.
Nəşrin məlumatına görə, Nevill cəmi bir il sonra döyüşdə həlak olub, Harley isə iki dəfə yaralansa da, müharibədən sağ çıxıb. Lakin o, 1934-cü ildə Adelaidada xərçəngdən vəfat edib. Onun qohumları deyirlər ki, xəstəliyi müharibə zamanı xəndəklərdə qaz zəhərlənməsi ilə əlaqəli olub.
Nevill məktubu tapan şəxsdən onu anası Robertina Nevillə - indi demək olar ki, "ruhlar şəhəri"nə çevrilmiş Vilkannia (Cənubi Avstraliya) şəhərinə çatdırmağı xahiş edib. O, məktubda vaxtını çox yaxşı keçirdiyini və yeməklərin hələlik çox dadlı olduğunu yazıb.
Harleynin anası 1916-cı ildən əvvəl vəfat etdiyinə görə, o, məktubu tapan şəxsin onu qoruyub saxlamasından məmnunluğunu ifadə edib:
"Qoy bu məktubu tapan şəxs bizim indi olduğumuz qədər sağlam olsun", deyə Harley yazıb.
Deb Braunun fikrincə, tapılan butulka uzaq məsafə qət etməyib, yəqin ki, bir əsrdən artıq müddət ərzində qumlu təpələrin içində qalıb. Onun sözlərinə görə, son aylarda böyük dalğaların yaratdığı güclü eroziya butulkanı hərəkətə gətirib. O əlavə edib ki, kağız islanmış olsa da, yazı oxunaqlı qalıb. Bu sayədə Deb Braun hər iki əsgərin qohumlarına tapıntı barədə məlumat verə bilib:
"Butulka ideal vəziyyətdə idi. Üzərində heç bir dəniz molyuskası yox idi. Məncə, əgər o, dənizdə olsaydı, günəş kağızı tamamilə dağıdardı və biz onu oxuya bilməzdik", deyə Deb Braun bildirib.
Harleynin nəvəsi Enn Törner deyib ki, ailə bu tapıntıdan heyrətə gəlib:
"Biz sadəcə inana bilmirik. Bu, həqiqətən bir möcüzə kimidir, sanki babamız məzardan bizə səslənib".
Nevillin qardaşı oğlu Herbi Nevill isə bildirib ki, bu möhtəşəm kəşf ailəni birləşdirib:
"Elə bil, o, müharibəyə getdiyinə çox sevinirdi. Sadəcə, baş verənlər çox kədərlidir. Onun həyatını itirməsi çox üzücüdür".
Poliqon.info