Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Bəşir Səfərov, onun atası Namiq Səfərov və qardaşı Mahir Səfərovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
 Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Cəlilabad Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli hökmü ləğv edilib. Əməldə cinayət tərkibi olmadığına görə onların ittiham olunduğu xuliqanlıq maddəsi ilə hər üçünə bəraət verilib. Bəşir Səfərovun Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilib və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 İttiham aktına görə, Bəşir Səfərov, atası Namiq Səfərov və qardaşı Mahir Səfərovla əvvəlcədən əlbir olub qrup halında hərəkət edərək, 06 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Cəlilabad rayonunun Zərbiəlli kəndində əsaslı bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib.
 Belə ki, onlar zərərçəkmiş Mürsəl Əbdülovla (adı, soyadı şərtidir) aralarında yaranmış mübahisə zamanı, xuliqanlıq niyyəti ilə onun əlindəki mobil telefonu alaraq yerə vurub qəsdən zədələyib. Bununla da zərərçəkmiş şəxsə 190 manat məbləğində maddi ziyan vurublar.
 Daha sonra təqsirləndirilən şəxslər birlikdə hərəkət edərək Mürsəli yerə yıxıb, bellə onun sağ əlindən qəsdən vurublar. Nəticədə zərərçəkmişin sağ əlin arxa səthində şişkinlik, qançır və əzilmiş səthi yara, eləcə də sağ əlin ikinci əl-daraq sümüyünün natamam sınığı yaranıb.
 Hadisədən sonra ata və oğulları saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Bəşir Səfərov 2 il 5 ay 28 gün azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında həbs olunub. Hökmə əsasən, Namiq Səfərov 2 il 11 ay 26 gün və Mahir Səfərov isə 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilmişdi.
Kamal Məmmədov 
 
 
                        