Quba Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Şahlar Tağıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günel Kamillinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
İttihama görə, hadisə 22 avqust 2025-ci il tarixdə, saat 21:30 radələrində, Quba rayonu, Əliməmmədoba kəndində yerləşən “Mini-Market” adlı mağazada qeydə alınıb.
Belə ki, Şahlar Tağıyev sözügedən obyektə gələrək dondurma almaq istəyib. Lakin satıcı onun sərxoş vəziyyətdə olduğunu gördüyündən dondurma satmaqdan imtina edib. Bundan qəzəblənən təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, həmin mağazanı icarə əsasında işlədən zərərçəkmiş Vüsal Babayev (soyadı şərtidir) ilə mübahisə yaradıb, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədib, qaydanı kobud surətdə pozub.
Sonra Şahlar xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə qəsdən bədən xəsarətləri yetirib, onun bədəninin müxtəlif nahiyələrinə əllə zərbələr vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.
Hadisədən sonra Şahlar Tağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov