Ağ Ev sahibi Zəngəzur dəhlizi ilə bağlı arzusunun reallaşmasından sonra daha bir hədəfinə çatmaq istəyir
ABŞ Prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderlərini Ağ Evə dəvət edib. Məqsəd bir həftə sonra - noyabrın 6-da Vaşinqtonda C5+1 formatında onların iştirakı ilə keçirilməsi nəzərdə tutulan Orta Asiya-ABŞ sammitidir.
Trampın bu təşəbbüsünü “çox vaxtında və dəstəyə layiq” sayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Minval Politika-ya eksklüziv şərhində sammitdə Azərbaycanın potensial iştirakı ilə bağlı da fikirlərini bildirib: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”.
Bəs C5+1 formatı Azərbaycan üçün konkret hansı geosiyasi, iqtisadi və logistik üstünlüklər yarada bilər? Bu, Rusiyanın Orta Asiyadan sıxışdırılması layihəsidirmi? İlham Əliyevin də sammitdə iştirakı mümkünmü? Nəhayət, Rusiyanın cavabı nə ola bilər?

Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, ABŞ-nin Avrasiya məkanında resurslara və kommunikasiyalara nəzarəti təmin etmək kimi uzağa hesablanmış strategiyası bu gün Donald Tramp tərəfindən uğurla reallaşmaqdadır. Tramp bu hədəflərə çatmaq yolunda konkret əməli addımlar atmaqla sözdən işə keçməkdədir. Onun Cənubi Qafqazda sülh yaratmaq və paralel olaraq Zəngəzur dəhlizinə nəzarəti əldə etmək kimi gedişləri bu regionda illərdir kök salmış Rusiyanı oyundan çıxarmaq qədər səmərəli oldu. Tramp bu addımı ilə müxtəlif yollarla Cənubi Qafqazda yerləşməyə çalışan Avropa İttifaqının aparıcı dövlətlərinə və ilk növbədə Fransaya da öz yerini göstərdi. Artıq deyə bilərik ki, bir qədər gec olsa da, reallıqda Birləşmiş Ştatlar Xəzər və Cənubi Qafqaz regionuna nəzarəti əldə etmək yolunda böyük uğur qazandı.
İndi Birləşmiş Ştatlar eyni gedişləri Mərkəzi Asiya ölkələri ilə bağlı etməyə üz tutub. Onun Mərkəzi Asiya ölkələrinin liderlərini Ağ Evə dəvət etməsi o deməkdir ki, Tramp indi də Mərkəzi Asiyada qazanmaq istəyir.
Ağ Ev rəhbərliyinin Cənubi Qafqaz və Mərkəzi Asiyada əsaslanmaq yolunda atdığı addımlar onun Avrasiya məkanında heç bir dövləti (Çin nəzərdə tutulur) ABŞ-dən qabağa buraxmamaq strategiyasına tam uyğundur.
Qazaxstan Prezidentinin bu sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin iştrakı ilə bağlı təklifinə gəlincə, bu, olduqca doğru bir təşəbbüsdür. Bu təklifi irəli sürərkən Tokayev bir neçə əsasdan çıxış edib. Əvvəla, Azərbaycan Mərkəzi Asiya ölkələri və ilk növbədə Qazaxıstanla çox yaxşı və etibarlı əlaqələr qura bilib, digər tərəfdən, Azərbaycan lideri uzaqgörən bir siyasətçidir və ABŞ Prezidentinin İlham Əliyevə münasibəti olduqca yaxşıdır".

Azər Badamov
Milli Məclisin deputatı Azər Badamov qeyd etdi ki, ABŞ-Mərkəzi Asiya sammitində Azərbaycanın iştirak etməyi ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fikirləri çox yüksək dəyərləndirilir: “Tokayev geniş dünyagörüşə malik liderdir. Qazaxıstanın dövlət başçısı Azərbaycanla əməkdaşlığın təkcə Mərkəzi Asiya ilə yox, Asiyadan Avropaya qədər böyük bir coğrafiya üçün gətirdiyi faydaları çox yaxşı bilir. Çünki bu gün əlverişli nəqliyyat bağlantıları olmadan regional və qlobal əməkdaşlığı genişləndirmək mümkün deyil. Məhz bu baxımdan Mərkəzi Asiyanın dövlətləri Azərbaycanı özünə çox yaxın hesab edir. Xatırlatmaq istəyirəm ki, Mərkəzi Asiya ölkələri özlərinin dövlət başçılarının sammitinə ancaq Azərbaycanı dəvət etmişdi. Bu da Azərbaycanın Mərkəzi Asiya üçün əhəmiyyətindən irəli gəlir. İndi də 5+1 formatında Azərbaycanın olması tam məntiqlidir və bu format 6+1 ola bilər. Azərbaycan coğrafi-logistik önəm daşıyan ölkədir. Ölkəmizin iştirakı ilə ərsəyə gəlmiş Orta dəhliz və Trans Xəzər Beynəlxalq Nəqliyat Marşurutu həm yüklərin daşınmasında, həm də enerji daşıyıcılarının nəql olunmasında və rəqəmsal kommunikasiyaların qurulmasında əhəmiyyətli rol oynayır. Bu da dənizlərə çıxışı olmayan Mərkəzi Asiya üçün fürsət pəncərəsidir. Yəni ABŞ-nin Mərkəzi Asiyadakı maraqları strateji əməkdaşlıq üzərində qurulur. Bu əməkdaşlığın genişləndirilməsi Azərbaycansız çətin ola bilər. Mərkəzi Asiya təbii resurslarla zəngin bir regiondur. Bu regionun resurslarının nəql edilməsi üçün Azərbaycanın iştirak etdiyi Orta dəhliz marşrutu mütləq şəkildə aktualdır.
Azərbaycanla Mərkəzi Asiya ölkələri regional inteqrasiya və mədəni bağlarla bağlıdır. Bizim xalqları eyni din, dil, oxşar tarix və mədəniyyət birləşdirir. Bu baxımdan beynəlxalq platformalarda iştirakımız qarşılıqlı hörmət və fayda əsasında daha faydalı olur. Qeyd etdiyim bu məqamları nəzərə alsaq, prezident İlham Əliyevin ABŞ-də keçiriləcək 5+1 sammitində iştirakı mükündür. Təbii ki, Azərbaycanın beynəlxalq əməkdaşlıq təşəbbüsləri heç bir ölkənin, o cümlədən Rusiyanın maraqlarına qarşı deyil. Həm də Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. Biz beynəlxalq əməkdaşlığımızı kənardan olan istək və maraqlar üzərində qurmuruq. Ölkəmiz bütün tərəfdaşlarla qarşılıqlı hörmət, fayda əsasında və milli maraqlar üzərində əməkdaşlıq edir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”