AZ

Azərbaycan kino sənətinin unudulmaz nümayəndəsi 

Mübariz insan idi. Sözünü çəkinmədən, açıq deyirdi. Nə şöhrət marağında idi, nə də ad-san. Kinorejissor Hüseyn Seyidzadənin ən böyük istəyi filmlər çəkmək idi. İstedadlı kinorejissor olduğunu da çəkdiyi filmlərlə təsdiq edirdi. Ancaq nə həyat, nə də sənət yolu rəvan, enişsiz-yoxuşsuz deyildi. Özü deyirdi: "İnsan dünyaya ona görə gəlir ki, yaşasın, çalışsın, nəyinsə naminə mübarizə aparsın. Xoşbəxt olsun, amma mən anadan olandan taleyimlə əlbəyaxadayam…"

O, yüz on beş il öncə, 1910-cu il oktyabrın 15-də İrəvanda dünyaya gəlib. Əsilli-nəcabətli Seyidzadələr nəslinin övladı olub. Atası Mirəli bəy tacir, anası Ruqiyyə xanım evdar qadın idi. 1918-ci ilədək Qəmərlidə yaşayıblar. Ermənilərin azərbaycanlılara qarşı amansızlıqla törətdikləri qırğınlar onları da doğma yurdlarından ayırıb.

1918-ci ildə ata ocağını tərk edəndə Hüseyn Seyidzadə səkkiz yaşındaymış. Ermənilərin zülmlərindən baş götürüb qaçan ailə qürbətdə başqa bir faciə ilə üzləşib. Yurd həsrəti çəkdikləri bir vaxtda, Qarsda Mirəli bəy dünyasını dəyişib, orada da torpağa tapşırılıb.

Kiçik yaşda atasız qalan Hüseynə və ailəsinə əmisi Mirqasım Seyidov himayədarlıq edib. Mirqasım bəy qardaşının balalarını öz övladlarından ayırmayıb. Onlara qayğı göstərib, yaxşı təhsil almalarına çalışıb. 

Hüseyn ailəsiylə iki il Türkiyədə yaşayıb. Sonra Tiflisə gediblər. 1925-ci ildə Bakıya köçüblər. Hüseyn Seyidzadə 1-ci dərəcəli məktəbə daxil olub. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. Sonra Bakı fəhlə teatrına daxil olub, orada  aktyor köməkçisi kimi fəaliyyət göstərib. 1928-ci ildə Çənc İşçi Teatrının aktyoru olub. Təhsil alması üçün teatr tərəfindən Leninqrada (indiki Sankt Peterburq) göndərilib. 1930-cu ildə Leninqradda rejissorluq kursunu bitirərək Bakıya dönüb.

Leninqraddan qayıtdıqdan sonra aktyorluq fəaliyyətini davam etdirib. Daha sonra Bakı kinostudiyasında aktyor və rejissor köməkçisi işləyib.

Qısa müddət Bakı kinostudiyasında rejissor köməkçisi işləyən Hüseyn Seyidzadənin ali təhsil almaq istəyi 1931-ci ildə reallaşıb. Bakı kinostudiyası onu Moskvaya Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərib. İnstitutda təhsil illəri olduqca səmərəli keçib. Hüseyn Seyidzadə görkəmli sənətkarlar Lev Kuleşov və Sergey Eyzenşteyndən dərs alaraq rejissorluq sənətini dərindən öyrənib. Onların rejissorluq emalatxanasında, "Lenfilm", "Mosfilm", Maksim Qorki adına kinostudiyada təcrübə keçib. Həmin studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor olub.

1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirərək Bakıya qayıdıb. "Azərbaycanfilm" kinostudiyasında çalışıb, dublyaj rejissoru, rejissor assistenti işləyib.

O, hələ 1932-ci ildə "Əlacsız adamlar" filmində çəkilmiş, kino sənətində ilk addımını atmışdı. Hüseyn Seyidzadə artıq rejissor kimi bu sənətdə öz sözünü deməyə başlayıb. 1938-ci ildə "Bakılılar", "Böyük şəfəq" filmlərinin çəkilişlərində iştirak edib.  1939-cu ildə çəkilən "Ayna" filmi başıbəlalı olub. Hüseyn Seyidzadənin Niyazi Bədəlovla birgə çəkdiyi bu film məlum olmayan səbəblərdən yarımçıq dayandırılıb.

Daim sənət axtarışında olan Hüseyn Seyidzadə "Lenfilm" studiyasında öz peşəsini təkmilləşdirib. 

Uğursuz olduğu deyilən, yarımçıq qalan "Ayna"nın materiallarından istifadə edərək Hüseyn Seyidzadə və Niyazi Bədəlov müharibə mövzusunda yeni bir film çəkiblər. İmran Qasımovun ssenarisi əsasında 1943-cü ildə hazır olan film bu dəfə "Sovqat" adlandırılıb. Baş rolu Leyla Bədirbəyli ifa edib. Film müharibəyə sovqat göndərən insanların vətənpərvərlik hisslərini əks etdirib. 

1953-cü ildə kinostudiyada "Doğma xalqıma" bədii-sənədli filminin istehsalı başlayıb. Filmin quruluşu rejissor Yan Fridə həvalə olunub. Görkəmli rus kinorejissoru M.Rommun xahişindən sonra Hüseyn Seyidzadəyə Yan Fridlə birgə bu filmi çəkməyə icazə verilib. Beləcə, 1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli film - "Doğma xalqıma" müvəffəqiyyətlə çəkilərək ekranlara çıxarılıb. Bundan sonra Hüseyn Seyidzadəyə müstəqil tammetrajlı bədii film həvalə edilib.

1956-cı ildə Bakının kinoteatrlarında nümayiş etdirilən "O olmasın, bu olsun" filmi böyük müvəffəqiyyət qazanıb. Hüseyn Seyidzadənin quruluş verdiyi "O olmasın, bu olsun" Azərbaycan kino tarixinə ilk rəngli bədii film kimi daxil olub. Məşhur aktyorların çəkildiyi və böyük maraqla qarşılanan, dünyanı dolaşan bu film Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindən hesab edilir.

1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı "Dəli Kür" ssenarisini ekranlaşdırmaq da Hüseyn Seyidzadəyə tapşırılıb. İstər "Dəli Kür", istərsə də "Yenilməz batalyon" (1965), "Koroğlu" (1960), "Qayınana" (1978) bədii filmləri rejissor Hüseyn Seyidzadəyə uğur gətirməklə yanaşı, Azərbaycan kinosunun ən gözəl nümunələrinə çevrilib.

Hüseyn Seyidzadə 1970-ci ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi adına layiq görülüb. 

Yaradıcılıq planında Xurşidbanu Natəvan haqqında film çəkmək vardı. Ancaq arzusunu gerçəkləşdirməyə amansız ölüm imkan verməyib. Görkəmli rejissor Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də dünyadan köçüb.

Doğma vətənini, xalqını çox sevən, böyük arzularla sevdiyi peşəsi ilə məşğul olan kinorejissor Hüseyn Seyidzadənin xatirəsini ekranlaşdırdığı Azərbaycan kino sənətinin incilərinə çevrilmiş filmlər yaşadır.

Zöhrə  FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr