AZ

"Şəfəq", "Üfüq", "Şəms" Şərqi Zəngəzura günəş işığı saçacaq 

Beş il əvvəl  işğaldan azad olunmuş digər bölgələrimiz kimi,  Cəbrayıl  rayonu da əsl işıqlı günlərə qovuşub. Cəbrayıl, ümumiyyətlə, Azərbaycanın ən günəşli  bölgələrindən biridir. İndi təbiətin bu torpağa bəxş etdiyi nemətlərdən, o cümlədən günəş işığından  gen-bol bəhrələnmək üçün hər cür imkan var.

Hazırda burada "Şəfəq" Günəş-Elektrik Stansiyasının tikinti işləri nəzərdə tutulmuş qrafikə uyğun irəliləyir. "Şəfəq"in önəmi, ilk növbədə, ondadır ki, işğaldan azad edilmiş və Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan olunmuş ərazilərimizdə tikilir. Stansiyanın təməli keçən il Bakıda COP29-un davam etdiyi vaxt qoyulub. Yekun investisiya qərarı isə bu ilin iyun ayında qəbul edilib. Təsdiqlənmiş 200 milyon dollar dəyərində olan "Şəfəq" günəş layihəsi çərçivəsində tikilən stansiya 240 MVt AC gücündə olacaq.

Layihədə iştirak payları belədir: BP 50,01 faiz, SOCAR Green (bütövlükdə SOCAR-a məxsus törəmə şirkəti) 39,99 faiz və ABİF (Azərbaycan Biznesinin İnkişafı Fondu) 10 faiz. "Şəfəq" layihəsi bütövlükdə BP şirkətinə məxsus olan "Lightsource BP" tərəfindən həyata keçirilir. Bu, indiyədək ölkəmizdə tikilən ən böyük günəş-elektrik stansiyası olacaq.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev bölgələrə budəfəki səfərində  Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan "Şəfəq" Günəş-Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib. 

IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında  dövlətimizin başçısının  imzaladığı sərəncama əsasən həyata keçirilib.

Bu, uzun bir yol olmasa da, əhəmiyyəti böyükdür. Belə ki, yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini, əhalinin  və ərazidə çalışan işçilərin  rahat gediş-gəlişini təmin edəcək.   

İndi "Şəfəq"in başladığı sıraya "Şəms" və "Üfüq" də qoşulacaq. Məlum olduğu kimi,  Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan "Şəms" və "Üfüq" Günəş-Elektrik stansiyalarının təməlini qoyub. Bu layihə ölkəmizin "yaşıl enerji" strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsinin zənginləşməsinə xidmət edir.

Xatırladaq ki, keçən ilin mart ayında Energetika Nazirliyi ilə "Nobel Energy" şirkəti arasında 100 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu ilin aprel ayında isə Azərbaycan Respublikası Hökuməti "Enerso Cəbrayıl" MMC ilə 50 MVt gücündə "Üfüq" Günəş-Elektrik Stansiyası, "Clean-Energy Æabrayil" MMC ilə isə "Şəms" Günəş- Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb.

Ötən il bərpaolunan enerji mənbələrinin inkişafı üçün Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi ayrılıb. Bu çərçivədə "Clean Energy Æabrayil" MMC üçün 135 hektardan çox, "Enerso Cəbrayıl" MMC üçün isə 93 hektardan çox ərazi müəyyən edilib.

Bu layihələrin icrası Şərqi Zəngəzurun "yaşıl enerji" mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək. Çünki  "Şəms" və "Üfüq" günəş-elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Nəticədə hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.

Bu stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı "AzərEnerji" ASC-yə, 131 milyon kilovatsaatı isə "elektrik enerjisinin virtual ötürülməsi" prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. Hər iki stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, indiyədək işğaldan azad olunmuş ərazilərimizdə bir sıra bərpaolunan eneji layihələri uğurla icra edilib. Bu ilin avqust ayında Kəlbəcərdə istifadəyə verilən üç yeni kiçik su-elektrik stansiyasının (KSES) açılışı ilə Qarabağ və Şərqi Zəngəzurda bu cür enerji obyektlərinin sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatıb. Həmin stansiyaların əksəriyyətinin açılışında Prezident İlham Əliyevin iştirak etməsi onların önəminə bir daha diqqət çəkir. 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr