BAKI, 30 oktyabr. TELEQRAF
Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores Kubokunun ilk finalçısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, Braziliyanın “Flamenqo” komandası həlledici mərhələyə yüksəlib.
“Qırmızı-qaralar” yarımfinalda iki oyunun nəticəsinə əsasən, Argentinanın “Rasinq” klubunu üstələyib. Braziliyada təşkil olunan ilk görüşdə 1:0 hesablı qələbə qazanan Filipe Luisin rəhbərlik etdiyi kollektiv cavab matçında qolsuz heç-heçəyə razılaşıb.
Digər finalçı “Kito” (Ekvador) və “Palmeyras” cütünün qalibi olacaq. Tərəflər arasında Ekvadorda keçirilən ilk oyunda meydan sahibi komanda inamlı olub – 3:0. Cavab oyunu oktyabrın 31-də, Bakı vaxtı ilə saat 04:30-da baş tutacaq.
Qeyd edək ki, “Flamenqo”da çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo bu oyun ehtiyat oyunçular skamyasında qalıb.
 
                        