Beynəlxalq birlik Azərbaycanın bu addımını təqdirəlayiq hesab edir
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı Ermənistana Azərbaycan üzərindən tranzit məhdudiyyətinin aradan qaldırıldığını bildirdi. Gürcüstanda keçirilən 5-ci "İpək yolu" forumunda iştirakı zamanı Ermənistanın Baş naziri isə bununla bağlı dövlət başçımıza təşəkkürünü ifadə etdi. Bütün bunlar sülh şəraitində regional əməkdaşlığı yaxınlaşdırır.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, məhdudiyyətin ilk dəfə Qazaxıstana münasibətdə ləğv edilməsi və bu ölkədən göndərilən taxılın Azərbaycandan keçərək Ermənistana çatdırılması dövlət başçımızın dost və qardaş ölkə Qazaxıstana jesti idi: "Həm Qazaxıstan, həm də Azərbaycan Orta dəhlizin etibarlı və iqtisadiyyatı güclü iki ölkəsidir. Bu, Azərbaycan tərəfindən Ermənistana qarşı humanist bir addım olmaqla yanaşı, Orta dəhlizin funksionallığına daha bir töhfədir. Mərkəzi Asiya - Azərbaycan və Avropa marşrutu alternativ, sabit və təhlükəsiz ticarət yoluna çevrilir. Bu istiqamətdə yükdaşımaları artır, iqtisadi əlaqələr, humanitar, mədəni əlaqələr sürətlə inkişaf edir".
Deputat vurğulayıb ki, bölgədə yaranmış sülh reallığını beynəlxalq təşkilatlar da yaxından izləyirlər. Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın bu addımını təqdirəlayiq hal hesab edib. Kommunikasiyaların açılması 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın tələblərindən biri olsa da, proses Ermənistan tərəfinin sülhdə manipulyativ addımları və xarici güclərin təsiri altına düşməsi nəticəsində 5 il ləngiyib: "Nəhayət, bu ilin avqustunda Vaşinqtonda imzalanan Birgə Bəyannamə ilə Zəngəzur dəhlizinin (TRIPP yolu) açılması ABŞ Prezidenti Donald Trampın şahidliyi əsasında təsdiqləndi. Ermənistan Azərbaycanın şərtlərini qəbul etdi".
Deputat bildirib ki, Azərbaycan tərəfindən Ermənistana tranzitin açılması paraflanmış sülhün yalnız kağız üzərində deyil, əməldə də özünü göstərdiyinin bariz nümunəsidir. Bundan başqa, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri erməni həmkarları ilə görüşmək üçün İrəvana səfər ediblər. Görüşün məqsədi sülh prosesinin perspektivləri kontekstində vətəndaş cəmiyyətlərinin fikir mübadiləsi olub. Sülh prosesi ərəfəsində belə görüşlərin keçirilməsi bu istiqamətdə praktiki addımların atıldığına bir nümunədir. Etimad-quruculuq tədbirləri çərçivəsində tərəflər bundan öncə də irəliyə doğru bir neçə addım atıblar. Beynəlxalq tədbirdə iştirak məqsədilə Ermənistanın təhlükəsizlik naziri Azərbaycana səfər edib, Azərbaycanın beyin mərkəzinin nümayəndəsi Ermənistanda tədbirdə iştirak edib. Milli Məclisin Sədri Sahibə Qafarova İsveçrəyə səfəri zamanı erməni həmkarı ilə görüşüb.
P.Vəliyeva Ermənistanın Baş nazirinin Çinə Azərbaycanın hava məkanı üzərindən səfər etdiyini xatırladaraq deyib ki, delimitasiya və demarkasiya prosesi çərçivəsində hər iki tərəf bir-birinin ərazisinə daxil olub: "Vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi ekspertlərin "dəyirmi masa" müzakirəsi həm də sülhdə ictimai fonun yaranmasına xidmət edir. Yəni siyasi danışıqlarla yanaşı, ictimaiyyət təmsilçilərinin də real vəziyyəti qiymətləndirməsi və əməkdaşlıq imkanlarını dəyərləndirməsi iki ölkə arasında etimad quruculuğuna dəstək baxımından çox əhəmiyyətlidir. Nəticədə bu, regionda davamlı və dayanıqlı sülhə nail olunmasına xidmət edir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"