AZ

Vaşinqton Bəyannaməsi konkret nəticələr verir

Cənubi Qafqazın sülh və rifaha çatması istiqamətində tarixi fürsət əldə olunub

Cənubi Qafqazda yeni reallıqların formalaşması regionun gələcəyi üçün mühüm perspektivlər açır. Bunu şərtləndirən amil isə avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış Birgə Bəyannamədir. 

Bu sənəd Azərbaycan və Ermənistan arasında daha böyük bir sülh müqaviləsinin müzakirələrinə hazırlıq mərhələsi hesab olunurdu. Gələcəkdə həm Azərbaycan, həm də Ermənistan arasında qarşılıqlı etimadın artması və daha güclü diplomatik əlaqələrin qurulması ehtimalı yüksək dəyərləndirilirdi. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin dəstəyi ilə sülh prosesinin davamlı olması üçün lazımi tədbirlərin görülməsi vacib hesab edilirdi. Ən əsası, qeyd edilirdi ki, bu bəyannaməyə əsasən, tərəflər arasında ərazi münaqişələrinin həlli və xalqın gələcəyinə dair daha müsbət bir perspektiv yaradılması mümkündür. 

Bu tarixi görüşdən ötən müddət ərzində həm Azərbaycanda, həm də Ermənistanda baş verən proseslərə nəzər yetirsək görərik ki, hər iki ölkə sülhə doğru əsaslı addımlar atmaqdadır. Azərbaycanın mövqeyi daim bəlli olub. Hələ münaqişədən öncə də Azərbaycan müharibə yox, sülh yolu ilə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarı olub. Ermənistan isə bütün dövrlərdə cəzasızlıq mühitindən istifadə edərək Azərbaycanı təxribata çəkib. Sonuncu təxribatı isə ona çox ağır başa gəlib. 

İndi isə rəsmi İrəvan anlayır ki, sülh müqaviləsini imzalamayacağı təqdirdə, Ermənistan düşdüyü acınacaqlı durumdan qurtula bilməyəcək. Baş nazir Nikol Paşinyanın çıxışında söylədikləri də bunu bir daha təsdiqləyir. N.Paşinyan bəyan edib ki, Ermənistanda yoxsulluq səviyyəsi yüksək olaraq qalır - 23 faiz. "Burada bir ziddiyyət var: biz iqtisadi artım, böyük pul dövriyyəsi göstəririk. Lakin yoxsulluqda əhəmiyyətli dərəcədə azalma müşahidə etməmişik. Məncə, bunun səbəbi köhnəlmiş məktəblərdir, uşaqların əhəmiyyətli bir hissəsinin lazımi keyfiyyətli təhsil almaq hüququndan məhrum olmasındadır", - deyə o qeyd edib. Paşinyanın sözlərinə görə, əvvəlki hökumətdə ali təhsilin keyfiyyəti kəskin şəkildə aşağı düşüb, universitetlər korrupsiya və siyasi təzyiq alətlərinə çevrilib: "Bugünkü yoxsulluq bunun nəticəsidir".

Baş nazir qeyd edib ki, Vaşinqton Bəyannaməsi və əldə edilmiş razılaşmalar konkret nəticələr verir. Hökumətin iclasındakı çıxışında N.Paşinyan bir daha vurğulayıb ki, Azərbaycanın öz ərazisindən Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması qərarı Ermənistanın blokadadan çıxması deməkdir. 

"İqtisadiyyatımızın strukturunda tezliklə köklü dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması haqqında bəyanatı müzakirə olunur. Bu, çox vacib qərardır və onu göstərir ki, Vaşinqton Bəyannaməsi və əldə olunmuş razılaşmalar sadəcə bəyannamələr deyil. Bu, konkret nəticələr gətirən bəyannamələrdir", - o qeyd edib.

Sülh müqaviləsinin imzalanması məsələsinə də toxunan baş nazir diqqətə çatdırıb ki, barış sənədinin imzalanması hər iki tərəfə çox müsbət dividendlər gətirəcək. Hələ sənədin imzalamasına hazırlıq prosesi gedir: "İlk dəfə olaraq, biz Ermənistanın büdcəsini Azərbaycanla bağlanmış sülh şəraitində müzakirə edirik. Artıq bir il səkkiz aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində əsgərlər arasında itki olmayıb. Ermənistanın bütün müstəqillik tarixində heç vaxt belə bir il səkkiz ay olmayıb". Paşinyanın fikrincə, bərqərar olmuş sülhün yeni faktlar və hallar ortaya çıxarması vacibdir. "Xüsusilə, mən Azərbaycanın - rəsmi Bakının Ermənistana tranzit məhdudiyyətlərini qaldırdığı barədə açıqlamasını nəzərdə tuturam. Bu, mahiyyət etibarilə tarixi bir hadisədir və Ermənistanın blokadasının qaldırılmasının ilk mərhələsini qeyd edir. Ermənistanın bu bəyanatlara cavab verməsi və müvafiq addımlar atması da vacibdir. Hazırkı durum isə belədr: bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə, xüsusən də Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutu ilə tranzitini təmin etməyə hazırıq. Bunu vurğulayıram, çünki bu gün tətbiq edə biləcəyimiz yeganə seçim budur", - deyə Paşinyan bildirib. O vurğulayıb ki, Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini qaldırdığı kimi, Ermənistan da Azərbaycan üçün tranzit məhdudiyyətlərini qaldıracaq.

Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımlar, xüsusilə Zəngəzur dəhlizinin (TRIPP) açılması, yalnız iqtisadi deyil, həm də siyasi qələbə kimi qiymətləndirilir. Artıq hər iki tərəfdə hesab edilir ki, bölgədə uzun müddətdir gözlənilən sülh yaxınlaşır. Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr iki ölkə arasındakı gərginliyin sonu oldu.

Cənubi Qafqazda sülhün bərqərar olması bütün regionda yaşayan xalqlar üçün böyük əhəmiyyət daşıyır. Uzun illər davam edən münaqişələr və gərginliklərdən sonra sülh və qarşılıqlı anlaşma təbii ki, çox önəmlidir. Sülhün təmin edilməsi, təkcə dövlətlərarası razılaşmalara deyil, həm də insanların, toplumların bir-birinə olan etibarını, anlayışını və qarşılıqlı hörmətini inkişaf etdirməyə bağlıdır. Bir çox münaqişənin kökündə mədəni və tarixi fərqliliklər, qısqanclıqlar və siyasi gərginliklər yatarkən, real sülhün bərpası üçün tərəflərin vicdanlı, açıqfikirli və ən başlıcası, bir-birini dinləməyə hazır olmaları vacibdir. 

İki ölkə arasında barışın əldə edilməsi prosesi həm də daha bir tarixi hadisənin reallaşacağını şərtləndirəcək. Bu da Zəngəzur dəhlizinin (TRIPP) açılması və hər iki tərəfin iqtisadiyyatının canlanması deməkdir.           

Zəngəzur dəhlizinin açılması, Cənubi Qafqazda sülh və əməkdaşlıq baxımından çox mühüm bir addım ola bilər. Bu, Azərbaycanın iqtisadi inkişafını və strateji mövqeyini gücləndirəcək, həmçinin Naxçıvanın da inkişafına imkan verəcək. 

Azərbaycanın təşviq etdiyi sülh gündəliyi göstərir ki, münaqişələrin bitməsi ilə yanaşı, yeni imkanlar da yaranır. Bu imkanlardan düzgün istifadə etmək isə bütün region ölkələrinin siyasi iradəsinə, əməkdaşlıq əzminə və gələcəyə baxışına bağlıdır. Sülh yalnız silahların susması deyil - bu, inkişaf, əməkdaşlıq və insan rifahı üçün açılan yeni səhifədir. Rəsmi Bakı tərəfindən irəli sürülən təşəbbüslər Cənubi Qafqazda sabitlik, inkişaf və əməkdaşlıq üçün real platforma yaradacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr