BAKI, 30 oktyabr. TELEQRAF
Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsinin xüsusi xidmət orqanları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən Karib dənizində planlaşdırılan təxribatın qarşısını alıb.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı "Venezolana de Televisión" kanalında çıxışı zamanı bildirib.
Maduronun sözlərinə görə, MKİ Trinidad və Tobaqo yaxınlığında keçirilən hərbi təlimlər zamanı ABŞ-nin öz hərbi gəmisinə hücum təşkil etməyi və bu insidenti Venesuelanın üzərinə atmağı planlaşdırırdı.
“MKİ öz gəmilərinə hücum edib günahı Venesuelanın üzərinə atmaq, beləliklə, regionda gərginliyi artırmaq istəyirdi”, - Maduro bildirib.
Venesuela lideri Trinidad və Tobaqo xalqına sülh çağırışı edərək müharibənin qarşısını almalı olduqlarını vurğulayıb.
Qeyd edək ki, Venesuela hökuməti 26 oktyabrda ABŞ-nin Cənub Komandanlığının iştirakı ilə Trinidad və Tobaqoda keçirilən hərbi təlimləri “vəhşi təxribat” və “regionun sülhünə təhlükə” adlandırmışdı.